Fevralın 11-də Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirəcək.
DİM-dən Bizim.Media-ya bildirilib ki, qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 78 binada təşkil olunur. İmtahan bütün binalarda saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.
İmtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır.
İmtahanın müddəti 3 saat 30 dəqiqədir. İmtahanın başlandığı andan 3 saat sonra test tapşırıqlarının cavablandırılması üçün ayrılan vaxt başa çatır və cavab kartları zal nəzarətçisi tərəfindən yığılır. Bundan sonra iştirakçılara yazı işi (esse) vərəqləri paylanılır. Esselərin yazılmasına 30 dəqiqə vaxt verilir.
Qeyd olunan dəyişikliklə əlaqədar imtahan nəticələri 2 mərhələdə elan olunacaq. İmtahandan sonrakı 2-3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə esse tapşırıqları yoxlanıldıqdan sonra təqdim olunacaq. İmtahan iştirakçılarının nəticələrlə bağlı apellyasiya müraciətlərinə yekun bal elan olunduqdan sonra baxılacaq və bu zaman yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər qəbul olunacaq.
DİM imtahan iştirakçılarının nəzərinə çatdırır ki, cavab kartındakı məlumatlar optik qurğu vasitəsilə oxunur. Ona görə də optik qurğuların tələblərinə əsasən, cavab kartını qara və ya tünd göy rəngdə yazan mürəkkəb axıtmayan diyircəkli qələmlə, yaxud tünd rəngdə yazan sadə karandaşla doldurmaq lazımdır. Cavablar üçün nəzərdə tutulmuş dairələrin içi göstərilən növ qələmlərlə və ya karandaşla tam qaralanmalıdır. Təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq. Bununla bağlı tövsiyə olunur ki, cavab kartında cavabları tam əmin olduqdan sonra qeyd edin və ya cavab kartında imtahan bitənədək hər hansı düzəliş etmək imkanının olması üçün dairələri karandaşla qaralayın.
Kartı zədələmək və cırmaq olmaz. İmtahan nəticələri ilə əlaqədar apellyasiya müraciətlərinə baxılarkən göstərilən hallarla bağlı hər hansı müraciət qəbul edilməyəcək.
İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edilir. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.
İmtahanda iştirak etmək üçün 19725 bakalavr ərizə təqdim edib. Onlardan 18205 nəfəri Azərbaycan bölməsi, 1520 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 12713-si cari ilin, 7012-si isə əvvəlki illərin məzunlarıdır, 46 nəfər xarici ölkə vətəndaşıdır.
Qəbul imtahanı Bakıda 55, Sumqayıtda 5, Abşeronda 5, Gəncədə 6, Naxçıvanda 2, Mingəçevirdə 3, Lənkəranda 2 binada təşkil olunur. Bakıda 14331, Naxçıvanda 497, Gəncədə 1361, Sumqayıtda 1367, Abşeronda 1145, Mingəçevirdə 615, Lənkəranda 409 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 78 ümumi rəhbər, 221 imtahan rəhbəri, 1396 nəzarətçi-müəllim, 266 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb edilib.
Bizim.Media