Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında
Bu dəfə Azərbaycanın yeni tarixinə parlaq səhifə ilə yazılmış bir həftəni yola salırıq. Müstəqilliyini qazandıqdan sonra ilk dəfə ölkəmizin hər bucağını əhatə edən, hər yaşayış məntəqəsində keçirilən seçkiləri yaşadıq.
Azərbaycan yeni bir dövrün astanasındadır. Qarşıda böyük quruculuq işlərimiz var və onları zamanında başa çatdırmaq üçün bizlərə xeyli kapital lazımdır. Hələlik ölkəmizə onun əsas hissəsini qazandıran neftmizdir. Bu baxımdan onun dünya bazarında neçəyə satılması diqqətdə və gündəliyimizdə olan məsələdir.
Bilməyənlərə xatırladım ki, cari ildə Azərbaycanın dövlət büdcəsinin formalaşdırılmasında 1 barel ixrac neftimizin orta qiyməti 60 dollardan proqnoz edilib. İlin əvvəlindən neftin qiyməti 75-80 dollar dəhlizində ticarət edilir. Bəs bundan sonra bazarda hansı qiymət özünü göstərəcək
Qlobal bazarlar
Bu həftə ictimaiyyət üçün ABŞ Energetika nazirliyi Enerji İnformasiya Administrasiyasının (EIA) yeni proqnozu açıqlandı. 2024-cü il üçün Brent markalı neftin qiyməti ilə bağlı proqnoza azalmaya doğru kiçik dəyişmə edildi. Belə ki, əvvəlki proqnozda yer almış 82,49 dollar qiyməti bir qədər aşağı salınaraq 82,42 dollar üzərində saxlanılıb. Gələn il üçün neft qiymətlərinin proqnozu isə dəyişməz qalıb – bir barel üçün 79,48 dollar.
Qiymətin bir qədər azaldılmasını amerikalı ekspertlər belə izah edirlər ki, bir sıra təlatümlü məqamlara baxmayaraq, bazarda neft həcmləri kifayət qədərdir və onun qıtlığı da gözlənilmir.
Bu, özü pozitiv hadisədir.
BP-nin mənfəəti.
Həftənin bizim üçün maraq doğuracaq enerji hadisəsinin sorağı uzaqdan – Londondan gəldi. Britaniyanın enerji şirkəti BP ötən ilin IV rübündə və ümumiyyətlə 2023-cü ildəki fəaliyyətinə dair maliyyə və istehsalat göstəricilərini açıqladı. Bunun Azərbaycana əhəmiyyətini isə izah etməyə ehtiyac yoxdur. Çünki bp Azərbaycanın həm neftinin, həm də qazının 1 nömrəli istehsalçısıdır. Onun operatorluğu altında “Azəri-Çıraq-Günəşli” kimi nəhəng neft yataqları 27-ci ildir ki, istismardadır və hələ 2050-ci ilədək neft hasilatının davam etdirilməsi gözlənilir. BP və tərəfdaşları həmçinin “Şahdəniz” kimi Xəzərdə tayı-bərabəri olmayan bir qaz yatağını da işlədirlər ki, məhz onun sayəsində Azərbaycan qaz idxalçısı olan ölkədən, 17 ildir ki, qaz satan ölkəyə çevrilib.
Yəni sözümün canı odur ki, BP-nin qlobal bazardakı uğurlu fəaliyyətinin Azərbaycandakı layihələrin inkişafına da bu və digər dərəcədə təsirləri var. Və sevindirici xəbər.
Şirkətin press-relizində bildirilir ki, illik xalis gəlir 2022-ci ildəki 2,5 milyard dollar itkiyə qarşı 15,2 milyard dollar təşkil edib.
Norveç şirkətinin ziyanı
Həftənin digər enerji hadisəsi də heç də qlobal bazarlarda BP-dən geri qalmayan bir şirkətdən gəldi. Söhbər bu dəfə Norveçin neft-qaz nəhəngi “Equinor”dan gedir.
O şirkət də rüblük hesabatını açıqlayarkən öz səhmdarlarına Azərbaycandakı layihələrinə toxunub. Və bəyan edib ki, ötən ilin sonlarında “Equinor” Azərbaycandakı layihələrindən çıxma qərarının verəndən sonra şirkət 310 milyon dollar zərərlə üzləşib.
Onu da qeyd edim ki, bu sadəcə ilkin zərərin qiymətidir, ilin sonunda real göstəricilər məlum olacaq.
“Equinor” həmçinin səhmdarlarına bildirib ki, şirkətin Azərbaycandakı aktivlərinin SOCAR-a satışı ilə bağlı sövdələşməni cari ildə bağlamağı planlaşdırır.
22 dekabr 2023-cü il tarixində Bakıda Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən “Azəri-Çıraq-Günəşli”, “Qarabağ” yataqları, həmçinin Bakı–Tbilisi–Ceyhan layihələri üzrə “Equinor” şirkətinə məxsus iştirak paylarının alınmasına dair sənədlər imzalanıb. İştirak paylarının alqı-satqısına qədər “Equinor” AÇG neft yataqlarında 7.27%, BTC boru kəmərində 8,71%, “Qarabağ” yatağında isə 50% iştirak payına malik olub.
Onu deyim ki, SOCAR alacağı paylara tam şəkildə sahib çıxdığı təqdirdə, yəni onu sonradak digər şirkətlərə satmazsa, onda Azərbaycanın Hasilatın Pay Bölgüsü Sazişləri və BTC boru kəməri çərçivəsində ən nəhəng payçıya çevrilmiş ola bilər.
Neft və qaz qiymətlərimiz
Ona sahib çıxmaq üçün isə yaxşı kapitala malik olmalısan, SOCAR isə neft-qaz şirkətidir, onun gəlirliyinə təsir edən əsas amil dünya bazarlarında enerji daşıyıcıların qiymətidir.
Bu baxımdan diqqətimi bu həftə Beynəlxalq Valyuta Fondunun açıqladığı qarşıdakı 5 il üçün Azərbaycan neftinin və qazının proqnozları çəkdi.
Bu, BVF-nin İcraiyyə Şurasının Azərbaycan hökuməti ilə məsləhətləşmələrinin yekunlarına əsaslanan qiymətləndirməsində öz əksini tapıb. Proqnoza əsasən, Azərbaycan neftinin qiyməti 2028-ci ildə cari ilin proqnoz göstəricilərinə nisbətdə 15%, təbii qazının ixrac qiyməti isə eyni dövr üçün 19% azala bilər.
Əgər Fondun təhlilçilərinin proqnozlarına nəzər yetirsək, görərirk ki, 2028-cu ildə Azərbaycan neftinin 1 barelinin orta ixrac qiyməti 69,5 dollaradək, 1000 kubmetr qazının satış qiyməti isə 319 dollaradək azalmalıdır.
Təbii ki, bunlar BVF kimi mötəbərliyi şübhə doğurmayan bir maliyyə qurumu tərəfindən verilsə də, reallıqda qarşıdakı 5 il ərzində Azərbaycan neft və qazının orta illik ixrac qiyməti barədə təxminlərdir. Özü də onlar tərtib edilərkən, adətən ekspertlər pozitiv göstəricilərə deyil, neqativlə normal ssenaridə baxılan qiymətlərin konsensusu kimi götürülür.
Amma, onu deyim ki, proqnoz oluna bilməyən məsələlər də var axı. Misal üçün, gözlənilmədən enerji ilə zəngin ölkələrdə və enerji dəhlizlərində yarana biləcək problemlər. Husilərin Qırmızı dənizdə gəmi marşrutlarını dəyişə biləcək səviyyədəki addımlarını hansısa qurum proqnoz edə bilmişdimi? Bütün bunları nəzərə alsaq, reallıq çox zaman heç də təxmin edildiyi kimi olmur.
Qaz isə nisbətən daha təmiz ənənəvi enerji daşıyıcıs hesab edilir. Bu baxımdan da onun istehlakı dünya miqyasında daha uzun dövrü əhatə edəcək. Qətərin energetika məsələləri üzrə dövlət naziri Saad əl-Kaabi “Hindistan Enerji Həftəsi - 2024” forumunda çıxışı zamanı bildirib ki, 2025-2030-cu illər ərzində dünya bazarında qaz qıtlığı müşahidə ediləcək və qiymətlər artacaq.
O, fikrini belə əsaslandırıb ki, ABŞ-dan Avropaya yönələn qaz həcmi azalacaq, çünki okeanın o tayında istehsal aşağı düşəcək.
Başqa bir tərəfdən, Çin qaz istehlakını 2 dəfə artıra bilər. Bazara çıxarılan qaz həcminə görə Rusiyanın imkanları isə məhdudlaşdırılıb. Qazın istehlakı çoxaldıqca, onun bazara çıxarılmasında təklif yetərincə olmayacağı təqdirdə təbii ki, bazarda kəsir yaranır, buna görə də qiyməti artımı qaçılmaz olur.
Bizim üçün isə Avropa bazarılarında qazın qiyməti önəmli məsələdir. Çünki Azərbaycan qazının ötən il 48%-i Avropa bazarlarında satılıb, 4 il sonra bu göstərici təqribən 65%-ə çata bilər.
Neft-qaz gəlirləri
Beynəlxaq Valyuta Fondu isə öz proqnozlarında hesab edir ki, Azərbaycanın neft-qaz gəlirləri yaxın beşillikdə artıma deyil, azalmaya meylli olacaq. Bunu da izah edir. Neft gəlirləri obyektiv səbəb üzündən azalır. Qaz isə həcmcə artsa da, neft gəlirlərini əvəzləmək gücündə deyil. O səbəbdən ki, qazın hasilat və nəqletmə xərcləri qara qızılla müqayisədə xeyli yüksəkdir.
Ona görə də Fondun ekspertlərinin qənaətincə, 2024-cü ildə Azərbaycan neft və qaz satışından 24,2 milyard dollar gəlir əldə etmək şansı varsa, 2027-ci ildə neft-qaz gəlirləri 20 mlrd dollardan aşağı səviyyəyə düşə bilər, 2028-ci ili isə 18,4 mlrd göstərici ilə başa vura bilər.
Onu əlavə edim ki, Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2023-cü ildə Azərbaycanın neft gəlirləri 16,2 mlrd dollar, qaz qazancı isə 13,7 mlrd dollar təşkil edib. Neft gəlirləri ilə təbii qazın gətirdiyi gəlir arasında olan fərq get-gedə azalmaqdadır.
AÇG-nin azalan mənfəəti
Amma neft-qaz mənfəətində mənzərə bir xeyli fərqlidir. Bunları biz Azərbaycan Respublikası Dövlət Neft Fondunun cari ilin yanvar ayı üçün ölkənin ən böyük neft və qaz yataqları üzrə əldə etdiyi mənfəət göstəricilərindən aydın şəkildə görə bilərik.
2024-cü ilin yanvarında “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan dövlətə çatan mənfəət qismində Neft Fonduna 387 milyon 645 min dollar vəsait daxil olub.
Fondun məlumatına görə, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 237 milyon 429 min dollar və ya 38% azdır. Neft Fondu AÇG layihəsindən əldə olunan gəlirlərin bu səviyyədə çökməsinin səbəbini açıqlamır. Qiymətin aşağı olması və hasilatın azalması səbəblərindən əlavə, mümkündür ki, AÇG-də istismar xərcləri də əvvəlki illə müqayisədə hiss ediləcək səviyyədə artıb. Və nəticədə bu, özünü mənfəətin azalmasında əks etdirib.
2024-cü ilin yanvarında Neft Fonduna “Şahdəniz” yatağından çıxarılan mənfəət qazı və kondensat satışından dövlətə çatan vəsait 45 mln 389 min dollar məbləğində olub ki, bunun da yalnız 29 mln 641 min dollarını mavi yanacağın qazancı təşkil edib.
Görünən odur ki, Şahdənizin qaz qazancı Azəri-Çıraq-Günəşlinin neft mənfəətindən yanvarda düz 13 dəfə az olub.
SOCAR-dakı islahatlar
Ona görə də neft-qaz sənayemizin gələcəyinə olan baxış artıq əvvəlki kimi deyil. Heç SOCAR da əvvəlki şirkət deyil. Özü də bu məsələni dövlət gündəmə indi gətirməyib. Hələ 3 il əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə Dövlət Neft Şirkətinin strukturunda köklü dəyişikliklərə start verildi.
Dövlət uzun müddət bizim iqtisadiyyatın lokomotivi rolunda oynayan əsas Şirkətini yeni idarəçilik sisteminə yönəltdi. Artıq bu şirkət bir nəfərin hər şeyə cavabdehlik daşıdığı idarəçilik sistemindən çıxdı. Əvəzində kollegial idarəçiliyin geniş mənada tətbiq olduğu struktur yaradılmağa başladı. SOCAR-ın Müşahidə Şurası idarəçilikdə vacib orqana çevrildi. Müşahidə Şurası sədrinin eyni zamanda ölkənin iqtisadiyyat naziri olması isə şirkətin əvvələr mövcud olmuş “dövlət içində dövlət” sindromundan çıxaraq “yeni iqtisadiyyatımızın vacib qolu”na çevrilməsinin göstəricisi oldu.
SOCAR elə bir mürəkkəb istehsalat-təsərrüfat mexanizmidir ki, burada islahatlar kimisə işdən çıxarıb yenisi ilə əvəz etmək və ya yeni bir idarə yaradıb digərini ləğv etməklə əmələ gəlmir.
Ona görə də dövlətin məqsədi özünün əsas şirkətini inamla, qrafikə uyğun və təhlükəsiz şəraitdə bazar relsləri üzərinə aramla çıxartmaqdır ki, həm əldə olan resursların maksimum kapitallaşmasına nail olsun, həm də enerji keçidi kimi masştablı işi ağrılı-acısız keçirə bilsin.
Bizim.Media