Qərbi Azərbaycan Xronikası: “Atam, anam və biz uşaqlar dörd-beş aydan sonra görüşdük” - VİDEO

Hazırda oxunan: Qərbi Azərbaycan Xronikası: “Atam, anam və biz uşaqlar dörd-beş aydan sonra görüşdük” - VİDEO

177488

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Bizim.Media xəbər verir ki, “Uşaqlığımız kəndimizdəki Nil çayında balıq tutmaqla keçirdi” adlı veriliş Göyçə mahalının Basarkeçər rayonunun Qanlı kənd sakini Şöhrət Əliyevin həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq və məktəb illərinin Göyçə gölünün qırağında, kənddəki Nil çayının ətrafında balıq tutmaqla, futbol oynamaqla keçdiyini bildirib: “Uşaqlığım ermənilərin içində keçib. Mən uşaq idim, bizə türk deyiblər. Biz də onlara “gavur” deyirdik. Orada azərbaycanlı sözü işlənməyib. Kənddə böyük torf ehtiyatları var idi, orada ermənilər torf fabriki tikmişdilər. Kənd camaatı torfdan yanacaq kimi istifadə edirdi. Kənddə ermənilər və ruslar da yaşayırdılar. Torf fabrikində işləyirdilər”.

Onun sözlərinə görə, erməni qonşuları Qarabağ məsələsi ilə bağlı Ermənistanda yaşayan azərbaycanlıların hamısını ölkədən çıxarılacağını və öldürüləcəklərini deyib:

“Danel atama demişdi ki, yəni siz indidən gedin, gəlib öldürəcəklər. 1988-ci ilin fevral ayında hadisələr başlayanda bizim camaat aktivlik etdi. Dərhal sovet qoşunlarını Basarkeçərlə bizim kəndin arasına gətirib oraya qoydular. Üstündən bir müddət keçəndən sonra rusları çıxardılar, saqqallı ermənilər rayonda mərkəz yaratdılar və Alı dayının oğlunu oğurladılar. Kəndə 2-3 dəfə hücum oldu, evləri yandırdılar, postlar qurdular. Bundan sonra camaat çıxmağa başladı”.

Ş.Əliyev kəndi tərk edərkən 10-cu sinifdə oxuduğunu deyib:

“Qardaşım Əliyev Eldəniz 8-ci, bacım Əliyeva Şəhla 6-cı sinifdə oxuyurdu. Atam Mail Əliyev, anam Leyli Binnətova kənddən çıxmadılar.

Bizi - 3 uşağı maşına qoyub Bala Məzrəyə gətirdilər. Gecə idi, qış idi, qar yağmışdı. Bala Məzrədən Kəsəmənə babamgilə 4-5 kilometr ayaqla getdik. 1988-ci ilin oktyabr-noyabr ayları idi Azərbaycandan Kəsəmənə vertolyotlar gəldi, biz 3 uşağı vertolyotla Gədəbəyin Rüstəmli kəndinə, oradan da avtobusla Gəncəyə gətirdilər. Bir müddətdən sonra da oradan Sumqayıta gəldik. Atam, anam, biz uşaqlar 4-5 aydan sonra görüşdük. Ermənilər atamı yolda öldürmək istəyiblər. Avtomat silahla boynunun arxasına vurmuşdular”.

Qanlı sakini kəndin məhəllələrindən, bulaqlarından, yer və yurd adlarından söz açıb, daim Vətən həsrəti ilə yaşadığını söyləyib:

“Mən oraya qayıdaram və qayıtmaq da istəyirəm. Bütün fikrim-zikrim də odur və qayıdacağam da. Babamın nəsli bu günə qədər üç dəfə qovulub və geri qayıdıb, kəndi dirçəldib, böyüdüblər. Sonda isə biz nəvələri qovdular. Ona görə də, Göyçəyə, Qanlıya getməyə hazıram və biz qayıtmalıyıq. Mən gedib Qanlıda, Basarkeçər rayonunda “Basarkeçər” televiziyasını yaradıb orada işləyəcəyəm və orada yaşayacağam”.

Daha ətraflı süjetdə:
 


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin