Qızılcadan ölən uşağın anasının iddiası ilə bağlı TƏBİB-dən AÇIQLAMA 

Hazırda oxunan: Qızılcadan ölən uşağın anasının iddiası ilə bağlı TƏBİB-dən AÇIQLAMA 

177376

Xəbər verdiyimiz kimi, Astara rayonunun Maşxan kənd sakini, 2018-ci il təvəllüdlü Yusif Əliyev qızılca xəstəliyindən vəfat edib.

6 yaşlı uşağın anasının yerli mediaya açıqlamasına görə, azyaşlıya Astara rayon mərkəzi xəstəxanasında qızılca diaqnozu qoyulub. Ana övladının müayinədən sonra evə buraxıldığını, həkimlərin yazdığı reseptlə evdə müalicə olunduğunu və səhhətinin pisləşdiyini bildirib. 

Ananın iddiasına görə, bir gün sonra uşağın vəziyyəti ağırlaşıb və yeriyə bilməyib. Təcili yardım xidməti ilə xəstəxanaya aparılıb və orada dünyasını dəyişib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda daha bir azyaşlı qızılcadan öldü – FOTO  


Valideyn  övladına xəstəxanada baxılmadığını və azyaşlının bilə-bilə öldürüldüyünü iddia edib.

Məsələyə münasibət öyrənmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əlaqə saxladıq. Qurumdan Bizim.Media-ya bildiriblər ki, xəstənin vəziyyəti ağır olmadığı üçün evə buraxılıb:

“Maşxan kənd sakini, 2018-ci il təvəllüdlü azyaşlıya (kişi cinsli) Astara Rayon Mərkəzi Xəstəxanasının müvafiq şöbələrində müayinə və analizlərdən sonra qızılca diaqnozu qoyulub. Ona müvafiq tibbi xidmətlər göstərilib, profilaktik infuziya tətbiq edilib və xəstədə ağır əlamətlər müşahidə olunmadığından ambulator müalicə üçün evə buraxılıb. 

08.02.2024-cü il tarixində xəstəxananın Təcili tibbi yardım şöbəsinə daxil olan çağırış əsasında təhkim olunan briqada tərəfindən çağırış ünvanında azyaşlının həkiməqədər ölüm faktı qeydə alınıb. Xəstənin anamnestik və reyestr məlumatlarına əsasən, qızılcaya görə peyvənd olunmadığı məlum olub”.

Qeyd edək ki, ötən il ölkəmizdə qızılca xəstəliyinə yoluxanların sayı kəskin artıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2023-cü ilin yanvar-noyabr aylarında 1493 nəfər bu xəstəliyə yoluxub.

2022-ci ildə isə ölkə ərazisində 1 nəfərdə qızılcaya yoluxma halı qeydə alınıb.

Qızılca xəstəliyindən ölənlərin sayı açıqlanmasa da, əsasən uşaqlar arasında yayılan xəstəlikdən bir neçə uşaq vəfat edib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin