Şirvan həkimlərinin 3 aylıq pulu gecikdirilir – Sığorta QALMAQALI 

Hazırda oxunan: Şirvan həkimlərinin 3 aylıq pulu gecikdirilir – Sığorta QALMAQALI 

17737

Şirvan şəhərində 3 aydır ki, koronavirusla mübarizədə çalışan həkimlərin müddətli əlavələri verilmir. Bu barədə məlumatı Azərbaycan Həkimlər Birliyinin sədr müavini, tanınmış həkim-radioloq Aydın Əliyev bildirib. 

Məsələ ilə bağlı Bizim.Media-nın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ünvanladığı sorğuya qurumdan cavab göndərilib.

Agentlik Şirvanda koronavirus infeksiyasına qarşı mübarizədə çalışan həkimlərin fevral və mart ayları üçün müddətli əlavə ödənişləri tam ala bilmədiklərini təsdiqləyib:

“Şirvan Şəhər Mərkəzi Xəstəxanası üzrə yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 73 nəfərə yanvar ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 33 min 380 manat, 82 nəfərə fevral ayı üzrə 28 min 590 manat müddətli əlavə ödənilib.

Şirvan Müalicə Diaqnostika Mərkəzi üzrə yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 30 nəfər tibb işçisinə yanvar ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 24 min 870 manatdan çox müddətli əlavə ödənilib”. 

Qurumdan o da bildirilib ki, yeni növ koronavirus infeksiyası ilə mübarizə və profilaktik tədbirlərin maliyyələşdirilməsi üçün tələb olunan vəsait Agentliyə ayrıldıqdan sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanası üzrə mart ayının, Şirvan Müalicə Diaqnostika Mərkəzi üzrə fevral və mart aylarının ödənişləri həyata keçiriləcək:

“Hər hansısa şəxs barədə işə cəlb olunmasına və bunun müqabilində müddətli əlavənin verilməməsi ilə bağlı məlumat varsa, məsələnin araşdırılması üçün müvafiq tibb müəssisəsinin maliyyə, eləcə də mühasibatlıq şöbələrinə müraciət edilməsi tövsiyə olunur”.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə iş vaxtına mütənasib olaraq aylıq vəzifə (tarif) maaşının 3-5 misli məbləğində müddətli əlavələr ödənilir.

Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinin siyahısı, həmçinin əməkhaqlarına müddətli əlavənin hesablanması tibb müəssisələri tərəfindən aparılır.

Müddətli əlavələr tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) göndərilən iş vaxtı tabellərinə, ilkin mühasibatlıq cədvəllərinə əsasən 3 iş günü ərzində ödənilir. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin