İşğaldan azad olunmuş Laçın şəhərindəki 105 saylı seçki məntəqəsində seçici fəallığı müşahidə olunur.
Bizim.Media xəbər verir ki, Laçın şəhərində, ümumilikdə 5 seçki məntəqəsi fəaliyyət göstərir.
Bunlardan 3-ü şəhərin mərkəzində, digər 2 məntəqə isə Zabux və Qorçu kəndlərindədir. 105 saylı seçki məntəqəsi üzrə 1493 seçici var. Həmçinin məntəqə üzrə 2 nəfər ilk dəfə səs verəcək. Seçki prosesini 12 müşahidəçi izləyir.
Qeyd edək ki, budəfəki seçkilər ilk dəfə Azərbaycanın beynəlxalq səviyyədə tanınan bütün ərazilərində keçirilir.
Ölkə üzrə səsvermə hüququ olan 6 milyon 478 min 623 seçici qeydə alınıb. Seçicilər 6537 məntəqədə səs verəcəklər. İşğaldan azad edilmiş ərazilərdə 26 məntəqə fəaliyyət göstərir. Həmçinin 37 ölkədə 23 minə yaxın seçici 49 məntəqədə səs verə biləcək.
Seçkiləri izləmək üçün 90 mindən artıq müşahidəçi qeydə alınıb. Bunun 790 nəfəri beynəlxalq müşahidəçidir. Müşahidəçilərin 50 mindən çoxu isə 19 siyasi partiyanın nümayəndəsidir. Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən 83 qeyri-hökumət təşkilatı da müşahidələr aparır. Həmçinin seçkiləri 109 beynəlxalq media qurumunun 216 nümayəndəsi izləyir.
Bizim.Media