Sumqayıtda 67 yaşlı kişinin spirtli içkidən zəhərlənərək öldüyü bildirilir. Söhbət Corat qəsəbə sakini 1957-ci il təvəllüdlü Adil Əliyevdən gedir. Məlumata görə o, ötən axşam komaya düşüb və xəstəxanaya yerləşdirilib. Elə tibb müəssisəsində də ölüb.
Məsələni dəqiqləşdirmək üçün TƏBİB-lə əlaqə saxladıq.
TƏBİB-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 1957-ci il təvəllüdlü (kişi cinsli) şəxs 04.02.2024-cü il tarixində saat 18:55 radələrində ağır vəziyyətdə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
MÖVZU İLƏ BAĞLI:
Corat sakini spirtli içkidən zəhərlənərək öldü
O, alkoqol zəhərlənməsi diaqnozu ilə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq, saat 19:40 radələrində dünyasını dəyişib.
Spirtli içkidən dünyasını dəyişən Adil Əliyevin qohumu Elvin Baxışov isə saytımıza bunları deyib:
“Adil qohumumdur. Onu xəstəxanaya da özüm çatdırmışam. Spirtli içki aludəçisi idi. Qəbul etdiyi içki saxta olmayıb, sadəcə olaraq çox içən biri idi, bu dəfə vəziyyət belə gətirdi. Bu hadisə baş verəndə o, evindəydi, biz də yanındaydıq”, - deyə qohumu qeyd edib.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
Nuranə Daxilqızı, Bizim.Media