Fırıldaqçılığın yeni FORMASI – “Bərəkətli pulqabı”ya inam niyə ARTIB? – FOTOFAKT  

Hazırda oxunan: Fırıldaqçılığın yeni FORMASI – “Bərəkətli pulqabı”ya inam niyə ARTIB? – FOTOFAKT  

175930

Sosial şəbəkələrdə müəyyən vasitələrlə insanların çətin duruma düşməsindən, psixoloji vəziyyətindən istifadə edərək onları aldadanlara rast gəlirik. Bəziləri onlayn formada fal açaraq, bəziləri də müxtəlif məzmunlu duaları vətəndaşlara pulla satır.

İnsanlara maya dəyəri çox ucuz olan pulqabılarını “bərəkətli pulqabı” adı ilə baha qiymətə satanlar da var. Həmin pulqabılarına bərəkət duası oxunduğu və onun daima pul gətirdiyini iddia edənlərin toruna düşənlər az deyil. Bəziləri isə bunu dini inanca bağlayır.

Bəs insanların belə oyuna gəlməsinə səbəb nədir? Həqiqətən, bərəkət duası varmı?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfan bunları xurafat və mövhumat adlandırıb:

“Bu məsələlər dələduzların işidir. Dində elə bir şey yoxdur ki, hər hansı əşyaya dua oxuyasan və o, sənə bərəkət gətirə. Ələlxüsus da müəyyən dələduzlar var ki, insanların zəif yerlərini tapırlar, inanclı insanların inamından, xəstələrin xəstəliyindən istifadə edirlər. Bunlar hamısı dələduz əməlləridir. Yaxşı olar ki, belə hallarla bağlı hüquqi tədbirlər görülsün. Bu, dini maariflənmənin də işi deyil, görünür ki, artıq şəbəkə mövcuddur. Xeyli vaxtdır bu kimi işlərlə məşğul olanlar var.

Burada insanlardan müəyyən məbləğdə pul tələb edirlər, hətta daha bahalılarını təklif edirlər ki, guya bunlar insanlara fayda verəcək. İnsanlarımızın bunlardan uzaq olmasını məsləhət görərdim. Dində bunlar günah hesab olunur”.

İslam dinində müxtəlif məzmunlu duaların olduğunu vurğulayan ilahiyyatçı həmin dualardan insanın özünün istifadə etməli olduğunu qeyd edib:

“Şübhəsiz ki, müxtəlif mövzularda dualar var, şəfa duası, bərəkət duası və s. Bu, insanın öz Allahına ona ruzi-bərəkət verməsi üçün hər hansı üsulda, dildə əl açması və ondan ricada bulunması deməkdir. Duanın özünün xüsusi bir metodu, qaydası yoxdur.

Peyğəmbərdən nəql olunmuş müəyyın dualar var ki, o dövrdən qalıb. Bəzi insanlar onlardan istifadə etməyi daha effektiv hesab edir ki, həmin dualar o dövrlərdə sınaqdan keçirilib. Ərəbcə də, azərbaycanca da dualar var. Dua rica, istək deməkdir. İnsanlar hər hansı formada şəfa üçün, ruzi-bərəkət üçün dua eləyə bilərlər”.





Günay Şahmar, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin