Laçın məktəbində ilin sonunadək 200 şagird oxuyacaq - FOTO

Hazırda oxunan: Laçın məktəbində ilin sonunadək 200 şagird oxuyacaq - FOTO

175786

“Böyük qayıdış” proqramı çərçivəsində yurduna qayıdan daha bir məktəb - Laçın rayon 2 nömrəli tam orta məktəbin ötən il avqustun 25-də əsaslı təmirdən sonra açılışı olub və məktəb 60 şagirdlə 2023/2024-cü dərs ilinə başlayıb. Məktəb ikinci yarımilə daha çox şagirdlə, yeni planlarla start verəcək.

Bizim.Media xəbər verir ki, məktəbin direktor müavini Şəbnəm Uğurlu “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında bildirib ki, əhali yurduna qayıtdıqca məktəbə yeni uşaqlar gəlir: “Artıq məktəbimizin 98 şagirdi var. İlin sonuna şagird sayının 200 nəfəri keçəcəyi düşünülür. Biz bu ehtimalı Laçına köçəcək əhalinin sayına uyğun olaraq irəli sürürük”. 

Ş.Uğurlu əlavə edib ki, məktəbin şagirdləri həm də Laçına işləməyə gələn ailələrin övladlarıdır:

“Şagirdlərimiz həm də məktəbimizdə əmək müqaviləsi ilə çalışmağa başlayan işçilərimizin uşaqlarıdır. Artıq onlar da Laçın sakinləridirlər”.

Qeyd edək ki, Laçın şəhər 2 nömrəli tam orta məktəbin binasının layihələndirilməsi və əsaslı təmiri məqsədilə Azərbaycan Prezidenti 2022-ci il sentyabrın 22-də sərəncam imzalayıb.

Sərəncama əsasən, ötən ilin dekabrında məktəb binasında bərpa-gücləndirmə və əsaslı təmir işlərinə başlanılıb. Ümumilikdə 510 şagird yerlik məktəbin üçmərtəbəli binasının sahəsi 4550 kvadratmetrdir. Binada 24 yerlik doqquz, 18 yerlik beş və 12 yerlik dörd sinif otağı, 1 informatika, 1 texnologiya kabineti, 3 laboratoriya, 18 yerlik məktəbəhazırlıq otağı və 24 yerlik hərbi hazırlıq kabineti var.

Məktəbdə 98 şagirdin təlim və tərbiyəsi ilə 20 müəllim məşğul olur. Məktəbin pedaqoji kadrlara olan tələbatı həm də Laçına köçən şəxslər hesabına ödənilir.

“Vakansiyamız olanda, bunu Laçına köçən müəllimlər hesabına ödəyirik. Müəllimlərimiz çox həvəslidirlər. Hər biri öz torpaqlarına qayıdan müəllimlərdir. Həyatda üzərlərinə missiya götürmüş və özlərini məqsədlərinə çatmış kimi hiss edirlər”-deyə direktor müavini vurğulayıb.

Odur ki, Laçın məktəbində tədris uğurla təşkil edilib:

“Sadəcə tədris prosesində deyil, dərsdən sonra da əlavə dəstəyə ehtiyacı olan şagirdlərimizə müəllimlərimiz kömək edir, istiqamət verirlər. Buraxılış və qəbul imtahanlarına şagirdlərimizi hazırlamaq məqsədi ilə məktəbimizdə mütəmadi sınaq imtahanları təşkil edirik. Nəticələr ürəkaçandır. Şagirdlərimiz həmin imtahanlarda uğurla iştirak edirlər. Ona görə də proqnozumuz buraxılış və qəbul imtahanlarında məktəbimizin uğurlu nəticələri olacağı yönündədir”.

Laçın məktəbi həvəslə fənn müsabiqələrinin başlamağını gözləyir:

“Elm və Təhsil Nazirliyinin təşkil etdiyi fənn müsabiqələrinə şagirdlərimizi də cəlb edəcəyik və uğur qazanacağımıza inanırıq”.

Məktəb ikinci yarımildən yeni layihələrə də start verəcək:

“Yeni layihə hazırlamışıq. İşğaldan azad olunan ərazilərimizi şagirdlərimizə tanıtdırmaq məqsədi ilə “Tanıdaq” adlı layihəyə başlayacağıq. Bunun üçün mart ayının uyğun olacağını düşünürük. Qarın əriməsini gözləyirik”.

Şuşa şəhər 1 nömrəli tam ota məktəb, Zəngilan rayon Ağalı kənd tam orta məktəbi, Tərtər rayon Talış kənd tam orta məktəbi və Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbləri arasında əməkdaşlığı nəzərdə tutan layihəyə görə məktəblərin şagirdləri bu layihə çərçivəsində öz bilik və bacarıqlarını nümayiş etdirmək imkanı qazanacaqlar: “Şagirdlərimiz bir araya gələrək şeir deyəcək, bilik yarışı nümayiş etdirəcək, kompozisiyalarla çıxış edəcəklər. Layihəni Şuşa şəhər 1 nömrəli tam orta məktəblə başlamağı planlaşdırırıq”.






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin