Füzulidəki məktəbdə şagirdlərin sayı 2 dəfəyədək ARTDI 

Hazırda oxunan: Füzulidəki məktəbdə şagirdlərin sayı 2 dəfəyədək ARTDI 

175595

“Böyük qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlər öz yurdlarına dönür. İşğaldan azad edilən kəndlərə həyat qayıdır. O cümlədən təhsil də.  

2023/2024-cü tədris ilində ilk dəfə zəngi çalınan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin özbək xalqı adından hədiyyəsi olaraq inşa edilən 960 yerlik Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə bu tədris ilində 123 şagirddən ibarət 11 sinifdə 15 müəllimlə dərslərə başlanılıb. Tədris ilinin yarısı artıq arxada qalıb. Bəs, ikinci yarımilə məktəb necə başlayır? 

II yarımilə 400 nəfərədək şagirdlə start verəcəklər 

Bizim.Media xəbər verir ki, “Böyük qayıdış” proqramı çərçivəsində Füzuliyə keçmiş məcburi köçkünlərin köçürülməsi ilə məktəbdə şagirdlərin də sayı artıb.

Məktəbin direktoru Həcər Mahmudova “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində deyib ki, artıq təhsil müəssisəsində şagirdlərin sayı 336 nəfərdir:

"Birinci yarımilin son gününə olan məlumata görə, məktəbimizdə elektron sistemdə qeydiyyatdan keçən 336 şagird təhsil alır. Məktəbəhazırlıq qrupu da nəzərə alınmaqla 12 sinifdə tədris təşkil edilib. Lakin artıq 400-dək şagirdimiz var. Belə ki, Sy.edu.az portalında şagird yerdəyişməsi yanvarın 10-dan ölkə üzrə dayanıb, amma Füzuliyə həmin tarixdən sonra da köç olub və məktəbimizə şagirdlər gəlib, Onların məktəbə rəsmi qeydiyyatı portal açılan kimi həyata keçiriləcək". 

Məktəbin kollektivi Füzuliyə köçən əhali ilə görüşlər keçirir, uşaqları məktəbə cəlb edir və qeydiyyat prosesində hər birinə yaxından kömək göstərirlər. Füzulidə əhalinin artmasıyla əlaqədar məktəbdə şagirdlərin sayı da gündən- günə çoxalır. Şagirdlərin sayının artdığını nəzərə alaraq şagird sıxlığının qarşısını almaq üçün sinif sayları artırılıb: “Fevralın 1-dən ikinci yarım il başlayır. Bu yarımildə 400-ə yaxın şagirdə 1 məktəbəhazırlıq qrupu olmaqla, 20 sinifdə tədris təşkil ediləcək”. 

H.Mahmudovanın sözlərinə görə, tədris prosesi 45 nəfər işçi heyəti ilə qurulub:

“35 nəfər pedaqoji heyət, 10 nəfər isə texniki heyətdir. İkinci yarım ildən şagirdlərin sayının artması fənn müəllimlərinə tələbatı artırıb. Məktəbimizə yeni müəllimlər də qəbul olunacaq. “Böyük qayıdış” proqramı çərçivəsində əhalinin rayona köçü davam edir. Odur ki, biz də artan tələbi Füzuliyə qayıdan müəllimlərlə ödəyəcəyik. Onların arasında savadlı, peşəkar müəllimlər çoxdur. Sevinirik ki, məktəbimizin müəllim və şagird kontingenti genişlənir”. 

Füzuli məktəblisi regionda liderdir 

Məktəb artıq ilk uğurlarını qazanıb:

“Ötən yarımildə məktəbin müəllimləri də, şagirdləri də fəal olub. Müəllimlərimiz "eTwinning" layihəsi çərçivəsində uğurla çıxış edirlər. Beynəlxalq əməkdaşlığı özündə ehtiva edən bu layihədə Füzuli müəllimləri çox fəaldır”. 

Füzulinin ilk məktəbi Respublika Fənn Olimpiadasında uğura iddialıdır:

“Respublika Fənn Olimpiadasında 3 şagirdimiz iştirak edərək ilk mərhələdə yüksək nəticə göstərib və növbəti mərhələyə vəsiqə qazanıblar. Onlardan 2 nəfər informatika, 1 nəfər tarix, 1 nəfər isə biologiya fənni üzrə bilik yarışında uğur qazanıb. Hətta İnformatika fənni üzrə yarışan şagirdlərimizdən biri Qarabağ regionu üzrə ən yüksək nəticə göstərib, nəinki məktəbimizin, bütövlükdə regionun lideridir. Şagirdlərimizə böyük ümidlərimiz var. Növbəti mərhələdə də uğur qazanmaları üçün müəllimlərimiz onlarla xüsusi məşğul olur”. 

Məktəb “Rəqəmsal bacarıqlar” layihəsinə də qoşulub:

“Bu həftə, yəni yanvarın 22-də layihə çərçivəsində Məktəbəqədər və ümumi təhsilin təşkili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə məktəbdə “Kod saatı” keçirildi və şagirdlərimiz tədbirdə fəal iştirak etdilər. Ümumiyyətlə, məktəbimizdə müxtəlif səpkili tədbirlər təşkil edilir və hər birində şagirdlərimiz maraqla iştirak edirlər”. 

Bu məktəbdə əsas şagird-müəllim münasibətləridir

Uzun sözün qısası, birinci yarımilin sonunda məktəbin şagirdləri çoxalıb, ilk uğurlar qazanılıb. Hədəflər böyük, planlar isə çoxdur:

“Növbəti ildən məktəbimiz yeni layihələrə qoşulacaq. “Rəqəmsal bacarıqlar”dan sonra şagirdlərimizin mühəndislik bacarıqlarının inkişafına yönələn STEAM layihəsinə də qoşulacağıq. Çalışırıq ki, şagirdlərimiz buraxılış imtahanlarında yüksək nəticə göstərsin, fənn müsabiqələrində layiqli yer tutsunlar. Amma başlıca hədəfimiz, əsas olan odur ki,  məktəbimizdə şagird-müəllim münasibətlərini düzgün tənzimləyək, məktəb şagirdin sevərək getdiyi bir yer olsun”. 

Beləliklə, Füzuli 2023/2024-cü tədris ilinə Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəblə başladı.

O gün Füzulidə zəng çalınan, sadəcə 1 məktəb vardı. Hazırda ötən il əsası qoyulan daha iki məktəbin - Qoçəhmədli kəndində 264, Cuvarlıda  312 şagird yerlik məktəblərin tikintisinin davam etdiyini nəzərə alsaq, görünən odur ki, növbəti tədris ilində Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb Füzulidə yeganə məktəb olaraq qalmayacaq. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin