34 il bundan əvvəl Bakıda baş verən qanlı 20 Yanvar faciəsi qurbanları şimal bögəsi rayonlarında da hörmətlə anılıb.
Bizim.Media xəbər verir ki, səhər saatlarından Qusar, Quba, Xaçmaz rayonlarının sakinləri, ictimaiyyət nümayəndələri, rayonun rəhbər şəxsləri, keçmiş döyüşçülər və şəhid ailələri Şəhidlər xiyabanına axın ediblər.
Xiyabanlarda şəhid məzarları və xatirə kompleksləri ehtiramla ziyarət edilib, məzarları önünə tər güllər düzülüb.
Qeyd edək ki, Qubadan 2 nəfər 20 Yanvar hadisələrində şəhid olub, 3 nəfər yaralanıb. Rayon rəsmiləri və sakinlər 20 Yanvar şəhidi Raqib Hüseynovun Quba şəhər qəbiristanlığındakı, Elçin Qeybullayevin isə Küçeyi kəndindəki məzarlarını ziyarət ediblər. Xaçmazın Uzunoba kənd qəbiristanlığında uyuyan 20 Yanvar şəhidi Zahid Abdullayevin məzarı də rəsmi qurumlar, yaxınları və sakinlər tərəfindən ziyarət edilib.
Səhər saatlarından Xaçmaz Şəhidlər xiyabanı da izdihamlı olub. Burada şəhidlərin xatirəsinə salınmış Əbədi məşəl və şəhidlərin xatirə guşələri tər güllərə bürünüb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu