Günümüzdə arıqlığını və ya köklüyünü kompleks edən kifayət qədər insan var. Çoxu həkimlə məsləhətləşmədən özbaşına bitkitərkibli, iştahartıran kimi bilinən bu dərmanlardan istifadəyə üz tutur. İnsanların böyük əksəriyyəti bununla bağlı sosial şəbəkələrdə arıqlamaq və kökəlmək üçün dərman, eləcə də qida əlavələrinin satıldığı səhifələrlə əlaqə saxlayır. Amma ağıllarına belə gətirmirlər ki, bununla da elə öz sağlamlıqlarını sual altına atmış olurlar.
Araşdırmalarımıza görə sosial şəbəkələrdə dövlət qeydiyyatından və ekspertizasından keçməyən, həmçinin Azərbaycana qeyri-qanuni idxal olunan təhlükəli tərkibli məhsulların hələ də açıq satışı həyata keçirilir. Belə səhifələrin sayı isə həddindən çoxdur.
MÖVZU İLƏ BAĞLI:
Arıqlamaq üçün təhlükəli məhsullar satanlar saxlanıldı – FOTO/VİDEO
Məsələni dəfələrlə aktuallaşdırsaq da, aidiyyəti qurumlar qeydiyyatdan keçməyən dərmanların ölkəyə necə daxil olmasını araşdırmağa maraqlı deyillər...
Xatırladaq ki, bir müddət əvvəl “İnstagram” platformasında “elen cosmetics” adlı səhifənin qeyri-qanuni satışa çıxardığı məhsulların, konkret isə Azərbaycan bazarında populyarlıq qazanan və çəki artırmaq üçün nəzərdə tutulan “Samyun Wan” qida əlavəsinin təhlükəli tərkibə malik olduğunu araşdırıb ortaya çıxarmışdıq.
Bizim.Media-nın məsələni ictimailəşdirməsindən sonra AQTA 20 günə kökəldən təhlükəli dərmandan nümunələr götürüərək laboratoriyaya göndərmişdi.
Beləliklə, “Samyun Wan” preparatlarının tərkibində bioloji aktiv qida məhsullarına xas olmayan və insan sağlamlığı üçün təhlükəli hesab olunan kənar kimyəvi maddə aşkar edilmişdi. Amma qida əlavəsinin satışını həyata keçirən şəxslərin cəzalandırılması və ya məsuluyyətə cəlb olunması barədə heç br tədbir görülmədi.
Bu dəfə Bizim.Media mənşəyi məlum olmayan və dövlət qeydiyyatından keçməyən daha iki dərmanı araşdırıb.
Bunlar “İntagram” platformasında arıqlamaq üçün “ariqlama_dermani_reduksin” adlı səhifənin reklam etdiyi “Reduksin” və həmin platformada “kokelmek_istyenler_ucun” adlı səhifənin satışa çıxardığı “Max Fat Premium” peraparatlarıdır.
Hər iki səhifədəki dərmanların rəsmi qeydiyyatının olub-olmaması barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə sorğu göndərdik.
Mərkəzdən Bizim.Media-ya bildirilib ki, hər iki dərmanın dövlət qeydiyyatı yoxdur.
Mövzuyla bağlı Bizim.Media ilə öz fikirlərini bölüşən Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq müfəttişliyi şöbəsinin müfəttişi Elvin Nağıyevin sözlərinə görə Mərkəzin səlahiyyətlərinə yalnız rəsmi yollarla idxal olunan dərman vasitələrinin keyfiyyətinin yoxlanılması, eləcə də laborator analizlərin aparılması daxildir:
“Belə ki Mərkəz tərəfindən yoxlanılmış və istifadəyə yararlı olan dərman vasitələri xüsusi nəzarət markası ilə markalanır. belə nəzarət markası olmayan dərman vasitələrinin həmçinin, onlayn platformalar və sosial şəbəkələr üzərindən satışa çıxarılan dərman vasitələrinin istifadəsi məqsədəmüvafiq hesab edilmir. Qeyd olunan dərman vasitələrinin istifadəsi zamanı yaranan hər hansı mənfi təsirlə əlaqədar Mərkəzin (012) 596 07 12 nömrəli qaynar xətti vasitəsilə həmçinin, pharma.az elekron saytından onlayn müraciətlərini göndərə bilərlər”.
Mərkəz rəsmisi onu da əlavə edib ki, bəzən vitamin komplekslərin və ya arıqladıcı bioloji fəallığa malik qida əlavələrinin bu yollarla satışını görmək mümkündür ki, bu da əhali arasında çaşqınlıq yaradan məsələlərdəndir:
“Bu cür məhsullara nəzarət Mərkəzin səlahiyyətləri daxilində deyil”.
Bəs, rəsmi qeydiyyatdan keçirilməyən bu kimi dərmanlar ölkəyə hansı yollarla gətirilir? Daha doğrusu sahibkarlar bu vasitələri gömrükdən necə keçirirlər?
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin mətbuat katibi Natiq Axundov eyni mövzu ilə bağlı əvvəlki sorğularımızla verdiyi açıqlamanı təkrarlayıb:
“Ölkə ərazisinə kommersiya məqsədləri üçün gətirilən bioloji fəallığa malik qida əlavələrinin gömrük rəsmiləşdirilməsi aidiyyəti dövlət qurumlarının icazə sənədi əsasında həyata keçirilir. Həmin icazə sənədi ilə təmin olunan malların ölkə ərazisinə idxalına icazə verilir. Bioloji fəallığa malik qida əlavələri fiziki şəxslər tərəfindən şəxsi istifadə məqsədilə ölkə ərazisinə gətirildikdə isə hər hansı icazə sənədi tələb olunmur”.
Bir daha qeyd edirik ki, sözügedən məsələdə şəxsi istifadədən söhbət getmir. Eyni zamanda qurumun açıqlamasında konkret məhsula, qanunsuz və kütləvi satışına toxunulmur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevin sözlərinə görə xüsusi icazə əsasında olan və sərbəst satışı qadağan edilmiş dərman preparatları ilə bağlı daxil olan hər bir məlumata çevik reaksiya verilir:
“Polis əməkdaşları tərəfindən həmin məlumatlar yoxlanılıb araşdırılmaqla qanunamüvafiq tədbirlər görülür".
Görünən isə odur ki, bu cür məhsulların sosial şəbəkələr üzərindən satışı davam edir...
Mövzunu diqqətdə saxlayacağıq.
Nuranə Daxilqızı, Bizim.Media