TƏBİB-i məhkəməyə verən təcili yardımın işdən çıxarılan baş həkimindən QALMAQALLI AÇIQLAMA - ÖZƏL 

Hazırda oxunan: TƏBİB-i məhkəməyə verən təcili yardımın işdən çıxarılan baş həkimindən QALMAQALLI AÇIQLAMA - ÖZƏL 

173993

Xəbər verildiyi kimi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sabiq baş həkimi Rauf Nağıyev Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyini (TƏBİB) məhkəməyə verib.

Məlumatı Bizim.Media-ya təsdiqləyən Rauf Nağıyev əsassız olaraq əmək müqaviləsinə xitam verildiyini bildirib:

“1987-ci ildən (37 il) Təcili Tibbi Yardımda işləyirəm. 2015-ci ildən isə Baş həkim vəzifəsində idim, əmək müqaviləmə əsassız olaraq xitam verilib. Guya ad qoyublar ki, əmək müqaviləmin müddəti bitib. 63 yaşım var, hələ pensiyaya çıxmamışam. İşə bərpa olunmağımı tələb edirəm. İşimdə heç bir qüsurlara yol verməmişəm. Mən 44 günlük Vətən Müharibəsinin iştirakçısı olaraq təltif olunmuşam, 20 Yanvar hadisələri zamanı fəaliyyət göstərmişəm, COVİD-lə mübarizədə iştirak etmişəm. Əmək Məcəlləsinə əsasən, mənə iki ay əvvəldən xəbərdarlıq edilməli, əsasları varsa təzminat verilməli idi. Müqaviləmə xitam verib ünvanıma göndəriblər. Bu, qanun pozuntusudur”.

Rauf Nağıyev TƏBİB-in təşkilati işlərdə qüsurlara yol verdiyini də iddia edib:

“Mənim işimdən əlavə, onlar təşkilati işlərdə də qüsurlara yol veriblər. Belə ki, Müşahidə Şurasının qərarı ilə üç müəssisəsini birləşdirib, qeyri-qanuni yolla direktor təyin ediblər. Mən şayiələrlə yox, hüquqi sənədlərlə danışıram”,- deyə o, qeyd edib.

Qeyd edək ki, məsələ ilə bağlı TƏBİB-ə sorğu göndərilib. Qurumun da mövqeyini dərc etməyə hazırıq.

Məlumat üçün bildirək ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sabiq baş həkimi işə baxılması üçün Yasamal Rayon Məhkəməsinə müraciət edib.

Xatırladaq ki, Rauf Nağıyev 2023-cü ilin dekabr ayında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmri ilə işdən çıxarılmışdı.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin