CİNAYƏT İŞİ
Qısa arayış...
2022-ci il sentyabrın 7-də Sabunçu rayon Bilgəh qəsəbə sakini 2006-cı il təvəllüdlü Hüseynağa Şeydabəyovun itkin düşməsi barədə rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə müraciət daxil olub.
Aparılmış araşdırma nəticəsində bir neçə gündən sonra həmin qəsəbədə yaşayan 1968-ci il təvəllüdlü Babək Quliyev etiraf edib ki, əvvəl dənizkənarında yeniyetməni döyüb, sonra isə boğaraq, öldürüb.
Faktla əlaqədar prokurorluq əməkdaşları məhkəmə tibbi ekspertinin iştirakı ilə sentyabrın 12-də hadisə yerinə baxış keçirilib. Müəyyən edilib ki, Hüseynağa Şeydabəyovun meyitinin basdırıldığı yer Qaradağ rayonunun Lökbatan qəsəbəsi, “Sədərək” Ticarət Mərkəzinin arxa hissəsində yerləşən boş ərazidir. İfadəsinin yoxlanılması zamanı şübhəli şəxs bildirib ki, cəsədi su çəninin yanındakı çuxura ataraq, üstünü torpaqla örtüb.
Çuxurun dərinliyi təxminən 2 metrdir. Meyit göstərilən yerdən aşkar edilərək, çıxarılıb.
Hadisə ilə bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Bizim.Media xəbər verir ki, lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, Babək Quliyev qızı ilə sevgi münasibətində olan, görüşmək məqsədi ilə gizlin onun evinə gəlmiş Hüseynağa Şeydabəyovun hərəkətlərindən xəbər tutub. Avqustun 26-da zəng vurub, qızı ilə bir daha görüşməməsi və onun yaşadığı ünvana gəlməməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, sentyabrın 6-da axşam Hüseynağa evin həyətinə gəlib. Bunu görən Babək Quliyev onu tutub, qaraja salıb.
Xəbərdarlıq etməsinə məhəl qoymadığı üçün qisas məqsədi ilə onu öldürmək qərarına gəlib. Qarajdan götürdüyü iplə oğlanın əl-qolunu ön hissədən bağlayaraq, istifadəsindəki “Toyota Prado” markalı avtomobilin arxa oturacağına əyləşdirib. İradəsinə zidd olaraq, sərbəst hərəkət etmək imkanını məhdudlaşdırmaqla onu sentyabrın 7-i gecə saat 1 radələrində dəniz kənarına gətirib.
Orda maşından düşürüb, fiziki cəhətdən, müqavimət göstərmək iqtidarında olmayan, Hüseynağa Şeydabəyovun üzünə və bədənin digər nahiyələrinə sillə və yumruqla zərbələr vurub. Daha sonra Hüseynağanı iplə boğaraq öldürüb.
İş üzrə dindirilmiş Babək Quliyev bildirib ki, anadan olduğu Gədəbəy rayonundan 1976-cı ildə Bakı şəhərinə köçüb. 1990-ci ildən etibarən Bilgəh qəsəbəsəsi, Səməd Vurğun küçəsi, 10 ünvanında yaşayıb:
Babək Quliyev
“2 dəfə qeyri-rəsmi nikahda olmuşam. 2005-ci ildə Gülnar Quliyeva ilə rəsmi ailə qurmuşam. Nikahımızdan 3 övladımız dünyaya gəldi. 2022-ci il avqustun 25-i gecə saat 2 radələrində evin həyətindən səs gəldiyini eşitdim. Bir oğlanın hasardan tullandığını görüb dərhal həyətdən küçəyə çıxdım və onu tutdum. Üzünə 2 dəfə sillə vurdum, oğru olduğunu zənn etdiyim üçün evdən nə oğurladığını soruşdum. O isə bildirdi ki, adı Hüseynağadır, kiçik qızımı sevdiyi üçün evə gəlib, fikri ciddidir və onunla evlənmək istəyir. Cavab olaraq ona “siz hələ uşaqsınız, evlənən yaşınız deyil. Böyüyüb iş və sənət sahibi olduqdan sonra, el adəti ilə elçi gələndə qızı sənə verib-verməyəcəyim barədə fikirləşərəm” söylədim. Həmin oğlan mənə bir daha evimə gəlməyəcəyinə söz verdi. Növbəti gün bu barədə arvadıma danışanda, Gülnar 2 ay əvvəl, evimizin həyətində onu tutduğunu və evə gəlməyi qadağan etdiyini bildirdi. Hüseynağanı tutanda elə bildim ki, oğlan sadəcə olaraq övladımı görmək üçün ilk dəfə həyətimə girib. Lakin, yoldaşımın sözlərindən sonra başa düşdüm ki, həmin şəxs bir neçə ay gəlirsə, çox güman ki, qızım da onunla danışır. Digər uşaqlarım kimi, hazırlıq məşğələlərinə getməsi üçün qızımı da “Qara Qarayev” metrosunun yaxınlığındakı evimizə aparıb qoydum. Qızımı sorğu-sual etdikdə, onun Hüseynağa ilə görüşdüyünü öyrəndim. Oğlana zəng edib onu görüşə dəvət etdim. Görüşməkdə məqsədim Hüseynağanı son dəfə tənbeh etmək idi. Bundan sonra qızıma telefondan istifadə etməyi qadağan etdim. Günorta Hüseynağa ilə görüşərək, onu öz maşınımla yaşadığım qəsəbədə boş əraziyə apardım”.
Babək Hüseynağanı avtomobildən düşürüb, qızından əl-çəkməyini tələb edib və üzünə yumruqla zərbə vurub. Sonra Hüseynağanı aparıb, yaşadığı evinin yanında düşürüb. Avqustun 28-də atası vəfat etdiyindən, başları yas məclisinə qarışıb. Sentyabrın 6-ı saat 21 radələrində işdən evə gəlib. Təxminən 2 saatdan sonra həyətdə qolundan tutub, saxladığı Hüseynağadan niyə gəldiyini soruşub. Xəbərdarlığına məhəl qoymadığı üçün əsəbiləşib və onu qaraja salıb. 1-2 sillə vurub, iplə əllərini bağlayıb:
Hüseynağa Şeydabəyov
“Qızımla aralarında nə kimi münasibətin olması, nə vaxtdan danışmaları, harda görüşmələri, cinsi əlaqədə olub-olmaması barədə verdiyim suallara Hüseynağa cavab verməkdən yayınmağa çalışdı. Xoş danışmaqla, “kişi kimi” səmimi olmağı və hər şeyi açıqlayacağı təqdirdə qızımla danışmağına icazə verəcəyimi bildirdim. Oğlan maşının arxa oturacağına əyləşdi.
Avtomobili idarə edərək, dənizkənarına gəldik. Maşından düşəndən sonra, yenə Hüseynağanı sorğu-sual etdim. Oğlan qızım ilə fevral ayında tanış olduğunu bildirəndən sonra, bərk əsəbiləşdim və onu döyməyə başladım. Yerə yıxılan Hüseynağanın üzərinə oturub, ipi boğazına keçirdim. Nəfəsi kəsilənədək onu boğdum. Öldüyünü gördükdən sonra peşmançılıq hiss keçirdim, lakin tutulacağımdan qorxduğum üçün meyiti gizlətmək qərarına gəldim. Əllərini, ayaqlarını yapışqan lentlə və iplə bağlayıb cəsədi qatladım. Onu xalçaya büküb avtomobilin baqajına qoydum. Sonra “Qarayev” metro stansiyası yaxınlığında yerləşən evimə getdim və yoldaşımı götürüb, Bilgəhdə yerləşən evimə gətirdim. Gülnara hadisə barədə heçnə demədim. Evə çatandan sonra, stresdən yata bilmədim. Səhərədək meyit maşının baqajında qaldı. Ayın 7-i səhər saat 8 radələrində Lökbatan qəsəbəsinə, “Sədərək” Ticarət Mərkəzinin arxasında işlədiyim yerin yaxınlığında olan boş əraziyə getdim. Günortayadək gözləyib ətrafa nəzər yetirdim ki, meyiti şahidsiz basdıra bilim. İnsanların azaldığını gördükdən sonra cəsədi avtomobilin yük yerindən götürüb, çuxura atdım. Asfalt qazıyan maşınla çuxurun üzərinə xeyli torpaq tökərək, meyitin üstünü tamamilə örtdüm. Ticarət Mərkəzinə aid traktorların təmiri işi ilə məşğul olduğum üçün, onların açarları bəzən məndə qalırdı. Bundan sonra yaşadığım evə qayıdıb, hadisə haqda heç kimə məlumat vermədim. Cinayəti törətdiyimi etiraf etməzdən əvvəl 2-3 dəfə 14-cü polis bölməsinə çağırıldım. Sorğu-sual olunarkən, tutulmağımı istəmədiyim üçün polis əməkdaşlarını aldatdım.
Axırıncı dəfə dindirilərkən Hüseynağanı öldürüb, əvvəl meyitini dənizə atdığımı, sonra isə Lökbatanda basdırdığımı bildirdim”.
Babək Quliyev qeyd edib ki, Hüseynağanı öldürməyi planlaşdırmayıb və cinayəti təsadüfən törədib.
Zərərçəkmiş şəxsin hüquqi varisi Leyla Şeydabəyova ifadəsində göstərib ki, anası Pikə və qardaşı Hüseynağa ilə birlikdə Bilgəh qəsəbəsində yaşayıblar. Qardaşı 142 nömrəli orta məktəbin 9-cu sinifində oxuyub:
“2022-ci ilin avqust ayında bacım Tamaranın sözlərindən bildim ki, Hüseynağa “İnstaqram” sosial şəbəkəsində bir qızla yazışır. Avqustun 25-də evdə olanda, qardaşım paltarları toza bulaşmış və özü döyülmüş halda içəri girdi. Nə olduğunu soruşanda Hüseynağa dedi ki, danışdığı qızın atası onu evə çağırıb və döyüb. Polisə şikayət etmək lazım olmasını bildirsəm də, qardaşım bunu etmək istəmədi.
Sentyabrın 6-da Hüseynağa kiminləsə telefonla danışandan sonra dedi ki, qızın atası onu evlərinə çağırır. Ona ora getməməsini və ümumiyyətlə qızla danışmamasını tapşırdım. Bundan sonra çox yorğun olduğumdan yatdım.
Səhər işə getdim və axşam evə qayıtdım. Anam Hüseynağanın gecədən evdən getdiyini və telefon nömrəsinə zəng çatmadığını bildirdi. Buna görə DİN 102 xidmətinə zəng edib, qardaşımın danışdığı qızın evinə getməsi və geri qayıtmaması haqda məlumat verdim. Sonra anamla bölməyə gedib ərizə yazdıq. Araşdırma nəticəsində məlum oldu ki, qızın atası Babək Quliyev Hüseynağanı öldürüb”.
Evin qarajı
Şahid Gülnar Quliyeva ifadələsində göstərib ki, sentyabrın 7-i, gecə saat 3 radələrində həyat yoldaşı evə gələrək, onu yuxudan oyadıb və “qayıdaq Bilgəh qəsəbəsindəki evimizə” deyib:
“Səhər yuxudan duranda Babəkin artıq evdə olmadığını gördüm. Axşam Hüseynağanın bacıları və anası gələrək, guya oğlanı hardasa gizlətdiyimizi və ona nəsə etdiyimizi söylədilər. Cavab olaraq yoldaşım Hüseynağanın harda olmasını bilmədiyini dedi. Amma qadınlar bizimlə mübahisə edib yalan danışdığımızı və şikayət edəcəklərini bildirdilər. Ayın 8-də polis əməkdaşları bizi 14-cü bölməyə apararaq hadisə ilə əlaqədar sorğu sual etdilər. Növbəti gün, Babək Hüseynağanı öldürdüyünü etiraf etdi. Hadisə olan gecə “Qarayev” metrosunun yanındakı evdən Bilgəhə qayıdarkən, ərimin avtomobilində meyit olmasını bilməmişəm”.
Şahid Pikə Şeydabəyova ifadəsində göstərib ki, oğlu Hüseynağa may ayından bir qızla danışıb:
“Günlərin bir günü oğlum həmin qızı evimizə gətirib mənimlə tanış etdi. Onlara çay verib biraz söhbət edəndən sonra qız çıxıb getdi. Belə hallar bir neçə dəfə təkralanıb. Bundan sonra Hüseynağaya həmin qızı evə gətirməməsini tapşırdım. Avqustun 25-də qızım Leyla mənə zəng edib xəbər verdi ki, Babək Quliyev Hüseynağanı döyüb. Sentyabrın 7-i gecə saat 2 radələrində yuxudan oyananda, oğlumun evdə olmadığını gördüm. Səhərə gədər nömrəsinə ardıcıl zəng etsəm də, telefonu sönülü idi. Bu barədə böyük qızım Fatiməyə məlumat verdikdə, o, polisə müraciət etmək lazım olduğunu söylədi. Axşam qızın evinə getdikdə, Babək Quliyev qapını açmadı. Oğlumun harda olmasını soruşanda, Babək və bacıları bizi söyüb, qovdular. 102 xidmətinə məlumat verəndən sonra, 14-cü bölmədə ərizə yazdıq. Bir neçə gündən sonra, bizə Hüseynağanın öldürülməsi məlum oldu. Oğlum mütəmadi deyirdi ki, hərbi xidmətə gedib qayıdandan sonra həmin qızla evlənəcək. Buna görə, fikirləşdirdik ki, əsgərlikdən sonra Hüseynağa üçün toy edək”.
Şahid qismində dindirilmiş Babək Quliyevin qızı ifadəsində göstərib ki, Hüseynağa Şeydabəyovla eyni məktəbdə oxuyublar:
“2022-ci ilin fevral ayında “İnstaqram”da mesajlar yazıb, məndən xoşu gəldiyini bildirdi. Mart ayından görüşməyə başladıq. Hazırlıqlara gedərkən Hüseynağa arxamca gəlirdi. Aramızdakı sevgi münasibətindən ailə üzvlərimin məlumatı olmayıb. Bir dəfə Hüseynağa məni evlərinə dəvət edib, anasına sevdiyi qız kimi təqdim etdi. Münasibətimiz davam etdikcə, mən Hüseynağanı yaşadığım evə çağırdım. Sevgilim gecə saatlarında hasardan tullanıb, həyətimizə keçirdi. Mən də evdən xəlvəti çıxıb, onunla görüşürdüm. Avqustun 25-də “Qarayev” metrosunun yanındakı mənzildə olanda atam yanına çağırıb dedi ki, “oğlanla danışdığını və görüşdüyünü bilirəm”. Hüseynağaya zəng etməyimi tələb etdi. Bundan imtina etdikdə, atam mənə sillə vurdu. Atam məndən telefonu alıb, Hüseynağanı söydü və onunla görüşməsini bildirdi. Səhərisi gün oğlan öz şəkillərini çəkib şəbəkə vasitəsi ilə mənə göndərdi. Baxanda, həqiqətən Hüseynağanın üz nahiyəsində qızartı və şişkinlik olduğunu gördüm.
Sentyabrın 7-də axşam Hüseynağanın bacıları və anası yaşadığımız evə gələndə, onların qarşısına çıxmadım. Səs-küy eşitdim. Bibilərimlə gələn qadınların arasında mübahisə yarandı. Növbəti gün anamı, atamı, bibimi və məni polis bölməsinə apardılar. Orada izahatımızı alıb, buraxdılar. Ayın 9-da bizi təkrar bölməyə çağırıb, yenidən sorğu-sual etdilər. Mən Hüseynağanı axırıncı dəfə sentyabrın 6-da bizə gəldiyini və ondan sonra onu görmədiyimi bildirdim. Sonra bildim ki, atam gecə Hüseynağanı maşına otuzdurub, harasa aparıb və orda öldürüb”.
Hüseynağanın meyiti
Məhkəmə prosesində Babək Quliyev ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş şəxsi öldürmək istəmədiyini və əməlindən peşman olduğunu qeyd edib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ömürlük cəza təyin edilməsini xahiş edib.
Məhkəmə hesab edib ki, Babək Quliyev Cinayət Məcəlləsinin 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) və 145.2.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törədib. O, həmin maddələrin sanksiyası həddində təqsirli bilinərək, cəzalandırılmalıdır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Babək Quliyev 18 il müddətinə azadlıqdan məhrum olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:03 / 17.01.2024
Qızını sevən oğlanı öldürüb basdırdı - Bakıda atanın DƏHŞƏTLİ CİNAYƏTİ
Hazırda oxunan: Qızını sevən oğlanı öldürüb basdırdı - Bakıda atanın DƏHŞƏTLİ CİNAYƏTİ
Hazırda oxunan: Qızını sevən oğlanı öldürüb basdırdı - Bakıda atanın DƏHŞƏTLİ CİNAYƏTİ
173816
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.