Bakıya yağan qar həmişəki kimi bir sıra sahələr üzrə problemlər yaradıb. Qar ərisə də aidiyyəti qurumların qara hazır olmaması, yaranan problemlər gündəmdən düşmür.
Qarlı günlərdə şikayətlərdən biri şəhər küçələrinin hamısının qardan təmizlənməməsi idi.
Həmçinin, sosial şəbəkədə bir müddət öncə paytaxtın mərkəzi küçələrinə çəkilmiş velosiped zolaqlarının qardan təmizlənməməsi ilə bağlı fotolar paylaşılıb. Fotodan aydın görünür ki, yolun orta hissəsi, yəni avobus və avtomobillərin hərəkəti üçün nəzərədə tutulmuş hissəsi qardan təmizlənib, lakin velosiped zolağına toxunulmayıb.
Xatırlatmaq yerinə düşər ki, bu zolaqlar şəhərdə velosiped, skuterlərin maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə çəkilmişdi. Belə çıxır ki, qar yağdıqda velosiped əsas yox, əlavə nəqliyyat vasitəsinə çevrilir. Yaxud da aidiyyəti qurumlar belə fikirləşirlər, əks halda həmin zolaq da yolun vacib hissəsi kimi qardan təmizlənərdi.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat sahəsi üzrə ekspert Aslan Əsədov bu addımı müsbət qarşılamadığını bildirib:
“Velosiped zolağı yeni çəkilib, buna niyə laqeyd yanaşılıb, bilmirəm. Velosiped zolağı çəkilib, dövlət vəsait ayırıb, aidiyyəti qurumlar bununla məşğuldur, az olsa da insanlar artıq buna həvəslidirlər. Əgər təmizlənməyibsə, bunu müsbət qarşılamıram”.
Ekspert hesab edir ki, ölkəmizdə velosipeddən nəqliyyat vasitəsi kimi istifadə edilməsinə barmaqarası yanaşılır:
“Azərbaycanda velosipedə idman növü kimi kifayət qədər maraq var. Sadəcə, nəqliyyat vasitəsi kimi sanki bir fobiya var. Şəxsi evlərdə, binaların foyelərində qaçış trenajorları var. Bu, onu deməyə əsas verir ki, insanlarımız sağlamlıqlarına xeyli diqqət edir.
Sadəcə, insanlar ona nəqliyyat vasitəsi kimi baxmır. Velosipedə bir idman oyunu, əyləncə kimi baxılır, gənclərin asudə vaxtlarını boş keçirməmək üçün bir alət kimi istifadə edilir. İkinci dərəcəli, barmaqarası yanaşılır. Amma bütün bunlara rəğmən velosiped zolağının təmizlənməməsi narahetedicidir”.
Məsələ ilə bağlı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, yolların təmzilənməsi mərhələli şəkildə aparılıb:
“Departamentin əməkdaşları yanvar ayının 13-ü axşam saatlarından səhərə kimi yağan qarın əsas küçə, prospekt və piyada səkilərindən, avtobus dayanacaqları və metro stansiyalarının qarşısından təmizlənməsini aparıblar. Şaxtalı hava şəraitində qarın təmizlənməsi və xüsusi təyinatlı texnika vasitəsi ilə yollara duz səpilməsi həyata keçirilib.
Məhəllədaxili yollarda və binaların həyətlərində isə rayon mənzil-kommunal təsərrüfat birlikləri tərəfindən təmizlənmə işləri aparılır, bu proses indi də davam edir.
Yolların təmizlənməsi mərhələli şəkildə aparılır, həmçinin velosiped zolağının da əsas yol təmizlikdən sonra ən qısa zamanda təmizlənməsi təmin edilib”.
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:00 / 16.01.2024
Velosiped zolaqları qardan təmizlənməyib? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Velosiped zolaqları qardan təmizlənməyib? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Velosiped zolaqları qardan təmizlənməyib? – RƏSMİ AÇIQLAMA
173666
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.