“Əvvəllər ənənəvi din nümayəndələri ölkəmizin topladığı təcrübələri dinləmək üçün bizləri bütün beynəlxalq platformalara dəvət edirdilər. Lakin bir neçə aydır ki, bizə qarşı ritorika tamamilə dəyişdi”.
Bu fikirləri Bizim.Media-ya müsahibəsində Bakı Yeparxiya Administrasiyasının katibi, Müqəddəs Mirradaşıyan Qadın Arximandrit Katedralinin rektoru Aleksi Nikonorov deyib.
Azərbaycanda tolerantlıq və rəsmi Bakıya qarşı din kartından istifadə edilməsi barədə fikirləri dəyərləndirən Aleksi Nikonorov, siyasi gedişlər üçün Azərbaycandakı tolerantlığa uyğun olmayan addımların düzgün olmadığına diqqət çəkib.
Sözügedən müsahibəni təqdim edirik:
- Aleksi Ata, müsahibə istəyimizi qəbul etdiyiniz üçün təşəkkür edirik. Azərbaycan bəlkə də yeganə müsəlman ölkəsidir ki, bütün dinlərdən olan insanlar bərabər hüquqla, mədəni formada yaşayırlar. Azərbaycandakı tolerantlığı necə dəyərləndirirsiniz?
- İcazə verin ondan başlayım ki, Azərbaycan qeyd etdiyiniz kimi, müsəlman və ya İslam kökləri olan, əhalinin əksəriyyəti arasında geniş yayılmış İslam ənənəsinə malik ölkədir. Ancaq eyni zamanda, ölkəmiz ona görə unikaldır ki, tarix boyu burada çoxlu xalqlar yaşayıb və bir çox dinlər geniş yayılıb.
Lakin tarixdə həmişə bir-biri ilə qarşılıqlı əlaqədə olan müxtəlif tayfalar olub, onlar vaxtilə vahid konfederasiya yaradan Qafqaz Albaniyasının dövlət quruluşunun əsasını təşkil ediblər və qədim zamanlardan bu tayfalar öz maraqlarını müdafiə etmək və torpaqlarının qayğısına qalmaq üçün ortaq dil tapmağı öyrəniblər. Məhz bu hal Azərbaycan xalqının genetikasının formalaşmasında, genetik kodumuzun formalaşmasında həlledici rol oynayıb.
Artıq birinci əsrdə burada bu günə qədər mövcud olan ilk xristian icmaları meydana çıxıb. Burada xristian ənənəsi heç vaxt kəsilməyib. Burada ən geniş yayılmış din İslamdır. Bütün bunlara baxmayaraq, bu ümumi məkanda sanki hər zaman müxtəlif adət-ənənələr tək azərbaycanlı etnik qrupu kimi formalaşdı. Müxtəlif mədəniyyətlər hər zaman qaynayıb-qarışıb.
Bu, Azərbaycan xalqında xüsusi tolerantlıq ruhunu, bu gün Azərbaycanın fəxr etdiyi multikulturalizm ruhunu formalaşdırıb.
- Hazırda Azərbaycanda nə qədər kilsə fəaliyyət göstərir?
- 20-ci əsrin 30-cu illərinə qədər Bakıda 25-ə yaxın pravoslav kilsəsi mövcud olub və fəaliyyət göstərib. Amma məscidlər, başqa ibadət ocaqlarının əksəriyyəti də bolşeviklər tərəfindən dağıdıldı. Yalnız Azərbaycanın dövlət müstəqilliyini əldə etməsindən sonra Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizdə dini məsələyə, dini aspektə, vətəndaşların həyatına ciddi diqqət yetirilməyə başlandı. Məbədlərin bərpasına start verildi.
Təbii ki, biz müəyyən nisbət görürük: əgər əhalinin əksəriyyəti İslam dininə etiqad edirsə, o zaman bərpa olunan abidələrin əsas hissəsinin məscidlər olması normaldır. Lakin xristianlar ölkəmizdə ikinci ən böyük dini qrupdur. Prinsipcə, Azərbaycanın müxtəlif bölgələrində, onlarla kilisələr fəaliyyət göstərir. Məsələn, Bakıda 3 pravoslav kilsəmiz var. Pravoslav kilsəmiz Azərbaycanın şimalında, Rusiya ilə sərhəddəki Xaçmaz şəhərində də fəaliyyət göstərir.
Cənubda, İranla sərhəddə, Lənkəranda, qərbdə Xankəndi və Gəncədə də kilsələr var. Həmçinin İsmayıllı rayonunun İvanovka kəndində kiçik bir icmamız var.
Bilirsiz ki, mənəvi köməyə ehtiyacı olan pravoslavlar var. Bizim kahinlərimiz, icmalarımız Bakıdan kənarda yaşayan xristianlara ildə bir dəfə baş çəkir, onlarla ünsiyyət qurur və köməklik göstərirlər.
- ABŞ-ın Azərbaycana qarşı qarayaxma kampaniyasından xəbərdarsız. Onlar deyir ki, guya Azərbaycanda dini baxımdan çətinliklər var. ABŞ-ın öz məqsədləri üçün tolerantlığı ilə seçilən bir ölkəyə qarşı belə addım atmasını necə dəyərləndirmək olar?
- Bilirsiniz, möhtərəm Prezidentimiz İlham Əliyev özü də son çıxışında qeyd etdi ki, demokratik prinsiplər, bərabərlikdən danışan qanunlar çox ikiüzlü olur və ya yalnız faydalı olanda istifadə olunur. Əslində, bu gün biz müasir demokratik konvensional sistemin ümumi dağılmasının, uzun illər bizə təbliğ edilən o prinsiplərin məhv olmasının şahidi oluruq. Bizim ölkə, Azərbaycan öz ərazisinin 20 faizinə faktiki olaraq nəzarəti itirdiyi vəziyyətdə, bu ərazilərin sakinləri qovulduğuna görə, biz əslində humanitar fəlakət yaşayırdıq.
İnsanlar evlərindən, torpaqlarından didərgin düşdülər, evsiz qaldılar. Ona görə də, bəzi qüvvələr, xüsusən Qərbdəki güclər öyrəşiblər ki, onlar proseslərdə vasitəçi kimi çıxış etsinlər. Onlar sanki elə fikirdədirlər ki, daxili və xarici siyasət məsələləri ilə bağlı diktə edə və bununla da ölkəmizə təsir göstərə bilərlər.
Amma Allaha şükürlər olsun ki, Azərbaycanda hakimiyyətə nəinki müdrik adam, hətta qlobal miqyasda faktiki siyasi təfəkkürə malik, münasibətlərin istiqamətini öz nəzarətinə götürməyi bacaran bir şəxs gəldi. Onun necə müdrik şəxsiyyət olduğu bu gün hər kəsə məlumdur və bundan sonrakı onilliklərdə də hər kəsə bəlli olacaq. Çünki 30 illik işğal sona çatıb.
İndi insanlar öz doğma yurdlarına qayıdırlar. Möhtərəm Prezident İlham Əliyevin dediyi kimi, “sentyabrın 20-dən Azərbaycan tarixində faktiki olaraq yeni bir dövr başladı”. Tariximizdə yeni eranın başlanğıcı ölkəmiz üçün yeni yolun başlanğıcıdır. Bu isə xarici siyasi oyunçuların maraqlarına uyğun gəlmir. Çox güman ki, ölkəmizin bu cür güclənməsi başqalarını olduqca qıcıqlandırır. Ona görə də, bu gün Azərbaycana qarşı bir çox cəbhələrdə mübarizə aparırlar.
- Biz bilirik ki, Azərbaycandakı tolerantlıq ənənələri elə ABŞ kimi bir çox ölkə tərəfindən dərslik kimi istifadə edilir. Bəs, birdən-birə nə dəyişdi?
- Dünənədək hamı ölkəmizdə multikulturalizmin, tolerantlıq səviyyəsinə heyran idi. Ənənəvi din nümayəndələri ölkəmizin topladığı təcrübələri dinləmək üçün bizləri bütün beynəlxalq platformalara dəvət edirdilər. Lakin bir neçə aydır ki, bizə qarşı ritorika tamamilə dəyişdi. Guya bizdə dini azadlıqlarla bağlı problemlər var və s. Bütün belə cəhdlərə, iddialara baxmayaraq, bizim çox müdrik, iradəli liderimiz və milli birliyimiz var.
- Aleksi Ata, zaman ayırdığınız üçün təşəkkür edirəm.
- Mən də sizə təşəkkür edirəm.
Tehran Orucoğlu, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:00 / 16.01.2024
Qərb Azərbaycandakı tolerantlıqdan niyə NARAHATDIR? - Bakı Yeparxiya Administrasiyasının katibi ilə MÜSAHİBƏ
Hazırda oxunan: Qərb Azərbaycandakı tolerantlıqdan niyə NARAHATDIR? - Bakı Yeparxiya Administrasiyasının katibi ilə MÜSAHİBƏ
Hazırda oxunan: Qərb Azərbaycandakı tolerantlıqdan niyə NARAHATDIR? - Bakı Yeparxiya Administrasiyasının katibi ilə MÜSAHİBƏ
173525
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.