Bakının qar sınağından üzüağ çıxa bilməyən ELEKTROMOBİLLƏR – AÇIQLAMA 

Hazırda oxunan: Bakının qar sınağından üzüağ çıxa bilməyən ELEKTROMOBİLLƏR – AÇIQLAMA 

173503

Bakıya yağan bir günlük qar bir çox sahədə olduğu kimi, nəqliyyatda, əsasən də elektrikli avtomobillərdə bəzi nöqsanları ortaya çıxardı. Məlum oldu ki, qarlı havada onunla harasa getmək təhlükəlidir. Hər an ya qəza baş verə bilər, ya da yolda qala bilərik. 

Hətta “Facebook” kimi sosial şəbəkələrdə elektromobil sürücüləri həmin problemlərlə üzləşdiklərini bildirdilər və öz narazılıqlarını açıq şəkildə bəyan etdilər. 

Niyə yayda 500, qışda 300 km?
 

MÖVZU İLƏ BAĞLI:

Bu ərazilərdə 12 dərəcə şaxta OLUB 


Belə ki, “Tesla” kimi daha bahalı elektromobillərin normal şəraitdə tam doldurulmuş şarjla 500 km məsafəni getməsi nəzərdə tutulub. Amma soyuq və ya nəmişli havada bu məsəfə 250-300 km-ə düşür.

Bunu da belə əsaslandırırlar ki, qış fəslində havaların soyuq olması ilə bağlı avtomobildə isidici sistemlərdən intensiv istifadə edilir. Elektromobillərdə isidici sistemlərin (kondisioner və s.) istifadəsi isə həm mühərrikin gücünü, həm də elektromobillərin enerji tutumunu zəiflədir. 

Budəfəki qarlı havada da eyni problem yarandı. Bir çox hallarda elektromobillər soyuq havaya davam gətirə bilmədi və onu alan vətəndaşlar əvvəlki qaydada istifadə edə bilmədilər. Burdan aydın oldu ki, həmin maşınlar hələ də soyuq və yerli iqlim şəraitinə uyğun deyil.

Qeyd edək ki, təkcə Azərbaycanda deyil, dünyanın bəzi ölkələrində eyni problemlər yaşanmaqdadır. Buna görə sahibləri onları benzin və ya dizellə işləyən avtomobillərlə dəyişməyə can atırlar. 

Alan bir də almır…

Hətta S&P Global Mobility şirkətinin ötən ilin noyabr ayında açıqladığı hesabatda da problem açıq şəkildə qabardılıb. Göstərilir ki, elektromobil sahiblərinin əksəriyyəti sonradan avtomobilini dəyişir və digər maşınlara üstünlük verirlər.

Şirkətin araşdırmasına görə, elektrik avtomobillərindən istifadə edən şəxslərin orta loyallıq dərəcəsi 52,1% təşkil edir. Yəni elektromobil sahiblərinin 52%-i növbəti dəfə yenə elektrik mühərrikli maşını almağı, qalan hissə isə daxili yanma (benzin, dizel) mühərrikli maşına keçməyi düşünürlər.

Yeni avtomobillərdə yerli şərait nəzərə alınmır

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı da bu problemin bütün dünyada, hətta Çində və ABŞ-da da baş verdiyini diqqətə çatdırıb:

“Bu yaxınlarda sosial şəbəkələrdə Amerika şəhərlərinin birində baş verən hadisə ilə bağlı qısa video yayıldı. Göstərilir ki, hava nəmişli olduğu üçün elektromobil öz-özünə alışıb yanır. Bir sözlə, bu vasitələr hələ də iqlim dəyişikliklərinə hazır deyil. Hətta “Tesla” şirkəti istehsalat vaxtı iqlimi nəzərə almadıqlarını etiraf etdi. Bu vasitələr həyatımıza daxil olan yeni texnologiya olduğu üçün müəyyən dövrlərdə fəsadları ortaya çıxacaq. Ancaq bu o demək deyil ki, biz bu yenilikdən imtina etməliyik. Hətta bunları yüksək səviyyədə idarə edənlər də var və belə düşünürəm ki, hər 100 nəfərdən birində belə hadisələr yaşanır”. 

Ölkədə elektromobillərə çox böyük marağın olduğunu söyləyən ekspertin dediyinə görə, əvvəllər ildə 15-20 elektrik mühərrikli avtomobil gətirilirdi: 

“Ancaq indi onların sayı kəskin artıb və 1 il ərzində Azərbaycana gətirilən avtomobillərin sayı 3 mindən də çoxdur. Bu baxımdan da onlara qarşı əks-təbliğatın qurulmasını istəmirəm. Çünki bütün dünya yeni texnologiyaya keçir. Yalnız bir məsələ var – bu avtomobilləri istehsal edən şirkət əvvəlcə idxal etdiyi ölkələrin iqlim şəraitini öyrənməli və istehsalatı buna uyğun həyata keçirməlidir”.

Adi avtomobil, yoxsa elektromobil?

Yanacaqla işləyən adi avtomobillərdə də eyni problemlərin olduğunu deyən ekspert vurğulayıb ki, normal hava şəraitində sürücü benzin və ya dizel çənini tam dolduraraq 500 km məsafə qət edir:

“Ancaq soyuq aylarda, əsas da qışda həm sərfiyyat artır, həm də məsafə 200-350 km-ə qədər azalır. Ona görə ki, kabinənin isinməsi üçün soba işə salınır, mühərrik fasiləsiz işləyir və s. Eyni problemin elektromobillərdə baş verməsi normal hal sayıla bilər. Texnologiya inkişaf etdikcə, problemlər də mərhələli şəkildə aradan qaldırılacaq”. 

Onun sözlərinə görə, belə problemlərin cəmiyyətdə və mətbuatda qabardılması yaxşı haldır:

“Bundan qorxmaq lazım deyil. Problem qabardılır, nöqsanlar göstərilir, qınaq obyektinə çevrilir. Rəsmi dilerlər də bunu görür, rəsmiləşdirir, qeydiyyata alır və istehsalçı ölkəyə və şirkətə məlumat verilir. Yəqin ki, növbəti istehsal prosesində üzə çıxan nöqsanlar aradan qaldırılacaq və inkişaf yeni istiqamətə yönələcək”.

Bəs bu problemlər əsasən hansı şirkətə məxsus elektromobillərdə üzə çıxıb?

Onun sözlərinə görə, bəzi insanlar alqı-satqının ucuz başa gəlməsi üçün istənilən yerdən avtomobil alırlar:

“Daha çox Çindən gətirilir. Amma onların ölkə üçün əhəmiyyəti, yerli şəraitə uyğun olub-olmaması barədə heç bir araşdırma aparılmır. Buna görə də avtomobil almaq təhlükəli hala çevrilməkdədir. Rəsmi dilerlər isə bir maşını ölkəyə gətirməmişdən əvvəl iqlim şəraitini öyrənir və istehsalçı ölkədən mütəxəssis dəvət edirlər. Onlar isə ətraflı araşdırma aparır və əldə edilən nəticəyə uyğun avtomobil istehsal edirlər. 
Ancaq kimsə evində və ya iş yerində kompüterlə avtomobil axtarır və baxır ki, Çində istehsal olunan avtomobili hansısa dostu və ya qonşu da alıb. Özü də ətraflı araşdırma aparmadan sifariş verir və həmin ölkədən maşın gətizdirir, sonradan isə yuxarıda sadalanan problemlər ortaya çıxır. Bu baxımdan da yenilik istəyən şəxslər rəsmi dilerlərə üstünlük versələr, daha yaxşı olar. Ən azından zəmanəti var, problem yarananda mübahisələndirmək və problemi aradan qaldırmaq olur”. 

Rövşən Ziya, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin