Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrdən ibarət komandalarının Türkiyənin Adana şəhərində keçiriləcək “TEKNOFEST-2024” Aerokosmik və Texnologiya Festivalında iştirakı planlaşdırılır. Artıq komandaların hansı kateqoriya və layihə ilə yarışa qatılacağı müəyyənləşib.
Bizim.Media xəbər verir ki, universitetin rektoru Yaqub Piriyevin tapşırığına əsasən, bu il yarışmada iştirak edəcək tələbələr üçün əlavə imkanlar yaradılıb, onlara hərtərəfli dəstək göstərilməsi üçün müvafiq addımlar atılıb.
Müxtəlif layihə və tədbirlərin icrasında fəallığı, təşəbbüskarlığı ilə seçilən tələbələrlə daim ünsiyyətdə olan rektor onların müxtəlif istiqamətlər üzrə rəy və təklifləri nəzərə alınmaqla zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə göstərişlər verib.
Vurğulamaq vacibdir ki, dünyanın ən böyük texnologiya yarışlarının keçiriləcəyi “TEKNOFEST - 2024” bu il ümumilikdə 46 fərqli kateqoriya və 117 alt kateqoriyada təşkil olunacaq.
Müxtəlif illərdə “RED” və “RED X” adları altında və fərqli tərkibdə “TEKNOFEST”də təmsil olunan BMU-nun tələbələrdən ibarət komandası hər dəfə uğurlu iştirakı ilə yadda qalıb.
2022-ci ilin may ayında ilk dəfə Bakıda keçirilən “TEKNOFEST Azərbaycan”da qalib olan “RED” komandasına mükafat Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın festivalda iştirakı zamanı təqdim edilib.
Komanda Türkiyədə keçirilən “TEKNOFEST-2023”də də nailiyyət əldə edib. Hazırladığı PUA ilə 2700 komanda arasından seçilərək 120 komanda ilə bərabər finala vəsiqə qazanan “RED X” ilk beşliyə daxil olub və IV yerdə qərarlaşıb.
Bizim.Media