Xəbər verdiyimiz kimi, ötən gün Binə qəsəbəsində bir ailənin bütün üzvləri kolbasadan zəhərlənib.
Xəstələrin vəziyyəti ilə bağlı Bizim.Media-ya danışan ailə başçısı Kamran Həsənov bildirdi ki, ailə üzvlərindən 5-i evə buraxılıb:
MÖVZU İLƏ BAĞLI:
Bakıda bir ailənin 6 üzvü kolbasadan zəhərləndi
“Ev şəraitində müalicələrini davam etdirirlər. Lakin gəlinim hələ də xəstəxanadadır. Vəziyyəti də yaxşı deyil. Hamilə olduğu üçün çox qorxuruq. Allahın rəhmi gəlsin”.
Kamran Həsənov onu da əlavə edib ki, dünən Daxili İşlər Nazirliyinə və AQTA-ya ərizə ilə müraciət edib:
“Xəstəxana rəsmi kağız verib ki, zəhərlənməyə səbəb kolbasadır. Amma marketin sahibi bunu qətiyyətlə inkar edir. Ərizələrimə nə cavab veriləcəyini gözləyirik”.
MÖVZU İLƏ BAĞLI:
Kolbasadan zəhərlənən ailədən özəl AÇIQLAMA – TƏFƏRRÜAT
“Ocaq” marketin sahibi Cavidan Hüseynov isə bildirib ki, ötən gün AQTA-nın nümayəndələri tərəfindən monitorinq aparılıb:
“Satılan kolbasadan analiz üçün nümunə götürülüb. İndi analizin cavabını gözləyirəm. Dünən işçilərin hamısı həmin kolbasadan yeyib, özüm də yemişəm. Heç bir narahatlığımız yoxdur. Əgər analizin cavabı neqativ çıxsa, onda mən qarşı tərəfdən şikayətçi olacam. İki gündür işləyə bilmirik”.
Hadisədən 2 gün keçməsinə baxmayaraq AQTA hələ də məsələyə münasibət bildirməyib.
Mövzunu diqqətdə saxlayacağıq.
Surxay Atakişiyev, Bizim.Media