Bir ailənin 6 üzvü ZƏHƏRLƏNDİ – Kolbasanın alındığı market sahibindən AÇIQLAMA

Hazırda oxunan: Bir ailənin 6 üzvü ZƏHƏRLƏNDİ – Kolbasanın alındığı market sahibindən AÇIQLAMA

172961

Xəbər verdiyimiz kimi Binə qəsəbəsində bir ailənin bütün üzvləri kolbasadan zəhərlənib. Zəhərlənənlər - 3 nəfər böyük (2-si qadın cinsli, 1-i kişi cinsli olmaqla) Sabunçu Tibb Mərkəzinə, digər 3 uşaq isə Mərkəzin nəzdində fəaliyyət göstərən Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib. Hazırda onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

Zəhərlənmənin hansı şəraitdə baş verməsini öyrənmək üçün əvvəlcə ailə üzvləri ilə əlaqə saxladıq. Ailənin zəhərlənən üzvlərindən biri Ruhi Əliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, kolbasanı Binə qəsəbəsindəki “Ocaq” marketdən alıblar. Bundan sonra “Ocaq” marketlə əlaqə saxladıq.

Marketin sahibi Cavidan Hüseynov isə hazırda kolbasa gətirən firma işçisinin marketdə olduğunu və fakt təsdiqlənərsə, zərərçəkənə dəymiş ziyanı ödəyəcəklərini bildirib:

“Ekspediteli də çağırmışam. İddiaçı tərəfi də dəvət etmişəm. Onlara demişəm ki, aldıqları kolbasanın qəbzini göstərsinlər. Əgər fakt təsdiqlənsə və həkimlər sübut etsə ki, bizim satdığımız kolbasadan zəhərlənmə olub, onda biz zəhərlənən ailəyə dəymiş ziyanı ödəməyə hazırıq. Amma şikayətçinin yanında həmin kolbasanın yarısını mən yedim.

Heç bir narahatlığım da yoxdur. Yenə deyirəm, zəhərlənmənin bizim satdığımız kolbasadan olduğu sübut edilsə, dəymiş ziyanın iki qatı ödəniləcək. Əgər iddia təsdiq olunmasa onda mən həmin iddiaçını məhkəməyə verəcəyəm. Çünki söhbət mənim işgüzar imicimdən gedir”.

Zəhərlənmə baş verdiyi kolbasanın hansı şirkətə aid olduğuna gəlincə, Cavidan Hüseynov istehsalçının adını söyləməkdən imtina edib:

“Bayaqdan gözləyirəm. Heç bir təşkilatdan, heç AQTA-dan da gələn yoxdur”. Məsələ ilə bağlı AQTA-dan mövqe öyrənmək cəhdlərimiz isə heç bir nəticə verməyib. Mövzunu diqqətdə saxlayacağıq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin