Birinci Qarabağ müharibəsində qəhrəmanlığı ilə yadda qalan Natiq Qasımovun əmisi oğlu Çingiz Qasımov hazırda Çexiyada yaşayır. O, İTV-də yayımlanan "Vətən uzaqda deyil" verilişinin qonağı olub.
Bizim.Media xəbər verir ki, Çingiz Qasımov uzun illər əmisi oğlunu axtarıb.
O xatırlayır ki, Natiq Qasımovun uşaq vaxtı Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində yaşayıb, daha sonra Mingəçevir şəhərinə köçüb.
Natiq Qasımov 1971-ci ildə anadan olub. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidməti başa vurduqdan sonra 1991-ci ildə vətənə qayıdıb, elə həmin il də könüllü olaraq cəbhəyə gedib.
Qəhrəmanın əmisi oğlu özündən beş yaş böyükdür. O, Natiq Qasımovu kiçik yaşlarında olduqca cəld və qorxmaz uşaq olduğunu deyir.
Fotoda: Natiq Qasımov
Natiq Qasımov Xocalı rayonu, Pirlər kəndi yaxınlığındakı yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı 6 hərbçi yoldaşı həlak olduqdan sonra 5 gün ac-su-suz orada qalaraq təkbaşına savaşı davam etdirmişdi. Gülləsi qurtardığından 6-cı gün, 12 mart 1992-ci ildə rusiyalı və italiyalı jurnalistlər - Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüşdü. Onun əsir götürlməsi faktı Rusiyada nəşr edilən “Oqonyok” jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində “Strax” adlı məqalədə təsvir edilmişdi.
Çingiz Moskvada yaşayan zaman əmisi oğlunun itkin düşdüyünü öyrənib:
“Bir gün evdə olan zaman yoldaşım bir jurmal gətirdi. O dedi ki, Çingiz, bax, “Oqonyok” jurnalında Natiqin şəkli var, əlində bayraq gedir, onu ermənilər aparırlar. Mən həmin vaxt jurnalın redaksiyasına zəng etdim və Smirnovla görüş istədim. O, heç bir problem olmadığını və redaksiyaya gedə biləcəyimi dedi. Ertəsi gün mən Smirnovla görüşdüm və orada baş verən hadisələrdən danışdıq”.
Fotoda: Çingiz Qasımov
O, əmisi oğlunun sonrakı taleyi, onunla necə rəftar edilməsi barədə məlumat öyrənmək məqsədilə Smirnovla görüşdüyünü diqqətə çatdırıb. Çingiz Qasımovun sözlərinə görə, həmin vaxt “Oqonyok” jurnalı Rusiya hökuməti ilə yaxın idi:
“Fikirləşdim ki, bəlkə ora yazmaq istəmədiyi məqamlar var. Biz oturduq çox söhbət elədik. O, mənə baş verən hadisələri danışdı:
“Ermənilər bizə dedi ki, kilsədə böyük bir batalyon var, onların əsgərlərini öldürüblər. Bizi yaxınlığa buraxmırdılar. İtaliyalı fotomüxbir gedib şəkillər çəkdi. Biz orada olanda kəndin camaatı da əraziyə yığışmışdı. O (Natiq Qasımov – red.), kilsədən tək çıxanda, hər kəs şoka düşmüşdü. Özüm də şokda idim ki, necə olar bilər, bunlar 3 gündür vuruşur, onu tuta bilmirlər. Natiqi gətirəndə ermənilər ona hücum etməyə başladılar. Ermənilərin komandiri onları sakitləşdirdi, dedi ki, burada xarici jurnalistlər var. Ermənilər onu sorğu-suala tutdular, azərbaycan dilində danışırdılar, başa düşmədim”. Mən Smirnova onun sonrakı taleyi barədə öyrənmək və Natiqi oradan xilas etmək üçün pul təklif etdim. Smirnov təkliflə razılaşdı və əlaqələrinin olduğunu, bu barədə 2 gün sonra danışacağımızı dedi. İki gün sonra mən getdim və Smirnov Natiqdən xəbər olmadığını bildirdi”.
Çingiz Qasımovun əmisi oğlu barədə başqa şəxslər və kanllar vasitəsilə məlumat əldə etmək cəhdləri də uğursuzluqla nəticələnib.
Əmisi oğlu Natiqin uşaqlığını da xatırlayır. O, “Vətən uzaqda deyil” verilişində Natiq Qasımovun uşaq yaşlarından olduqca qəhrəman ruhda böyüdüyünü bildirir. Çingiz Qasımovun sözlərinə görə, qəhrəmanımız qohumcanlı, istiqanlı şəxs olub.
Ermənistan tərəfi onun haqqında məlumat verməkdən imtina edir. Məlumata əsasən, bu qorxmaz Azərbaycan əsgərinin qəhrəmanlığı və şücaəti düşmən hərbçiləri arasında vahimə və psixoloji gərginlik yaratdığı üçün səhra komandiri Vitali Balasanyan Natiq Qasımova erməni əsgərlərin qarşısında müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır və dəhşətli işgəncələr verərək onu qətlə yetirib. Ancaq bu fakt hələlik öz rəsmi təsdiqini tapmayıb.
Bizim.Media