Bakıda hansı ərazilərdə yeni məhəllələr salınacaq?

Hazırda oxunan: Bakıda hansı ərazilərdə yeni məhəllələr salınacaq?

172399

Keçmiş dəmir yolu dəhlizləri, sənaye əraziləri və hərbi rejimli ərazilər yeni məhəllələrin inkişafı üçün istifadə ediləcək.

Bizim.Media xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Qeyd edilib ki, daha əvvəl hər hansı bir təyinatla inkişaf etmiş və hazırda istifadə olunmayan ərazilərin yeni məhəllələrin inkişafı üçün istifadəsi təklif olunur.

Buraya keçmiş dəmir yolu dəhlizləri, sənaye əraziləri və hərbi rejimli ərazilər, eləcə coğrafi mövqeyinin əlverişli olmaması ilə əlaqədar artıq istifadə olunmayan digər ərazilər daxildir. Yalnız bir neçə halda, yeni şəhər məhəllələrinin inkişafı üçün yaşıllıq ərazilərdən istifadəyə yol verilir.

Buna misal olaraq Ələt qəsəbəsinin cənubundakı yeni şəhər məhəlləsini və ya Mərdəkanın qərbində yeni Qala məhəlləsini göstərmək olar.

Qeyd edilib ki, mövcud kənd təsərrüfatı torpaqlarında yeni inkişafa ümumiyyətlə yol verilməməlidir.

Nəzərə çatdırılıb ki, Bakının mənzil tələbatını ödəmək üçün Baş Plan hazırlanan dövrdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Mənzil İnşaatı Dövlət Agentliyi arasında aparılmış əməkdaşlıq görüşlərində mənzil tikintisi üçün əlverişli 125 ha torpaq sahəsi müəyyən edilib.
Aşağı və orta gəlirli gənc ailələrin mənzil tələbatını ödəmək üçün bu ərazilərdə müasir yaşayış mühitinin yaradılması təklif olunur. Davamlı və hərtərəfli imkanların olduğu şəhər məhəllələrinin yaradılması üçün Hövsanda və Bakının Yasamal rayonunda MİDA tərəfindən münasib qiymətə mənzillərin tikintisi məqsədilə 46 ha ərazidə iki mənzil layihəsi həyata keçirilir.

Bundan əlavə, Şəhər Göllərinin Bərpası Proqramı ilə paralel olaraq, həyata keçiriləcək Zığ gölünün (yaşayış və çoxfunksiyalı ərazi üçün uyğun təqribən 29 ha torpaq sahəsi) və Böyükşor gölü (yaşayış ərazisi üçün uyğun təqribən 50 ha torpaq sahəsi) ərazisində yaşayış üçün əlverişli iki yeni ərazi təklif olunur.

Yeni inkişaf ərazilərində ümumilikdə 620 000 insanın yaşayış yeri ilə təmin edilməsi mümkün olacaq və nəticədə şəhər əhalisinin 3,25 mln. nəfərə qədər artmasına imkan yaranacaq.

Bu ümumi çərçivəyə və gələcək əhalinin ərazi üzrə məskunlaşmasına əsaslanaraq, Bakı şəhərinin Baş Planı çərçivəsində sosial təyinatlı müəssisələrə tələbat xidmət radiusları nəzərə almaqla qiymətləndirilib.
Bu rəqəm, əhali proqnozu ilə müəyyən edilmiş 3,169 milyon nəfərdən bir qədər yüksəkdir ki, bu da əlavə ehtiyat imkanlarına şərait yaradır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin