Ötən gün Laçın rayonu ərazisində hərbi avtomobilin qəzaya uğraması nəticəsində dünyasını dəyişən Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Səxavət Fərasət oğlu Axundovun cənazəsi bu gün səhər saatlarında doğulduğu Xaçmaz rayonunun Sayad kəndinə gətirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Səxavət Axundovla vida mərasimi öz evlərində keçirilib. Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, yerli sakinlər, qazi və şəhid ailələrinin üzvləri vida mərasimində iştirak ediblər.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: 11 hərbçimiz qəzaya düşdü, ölən və yaralananlar var
Daha sonra Səxavət Axundovun cənazəsi Sayad kənd qəbrisitanlığına aparılaraq dəfn edilib.
19 yaşlı əsgərin atası, 1-ci Qarabağ Müharibəsi iştirakçısı Fərasət Axundov jurnalistlərə müsahibəsində oğlunun Vətən naminə həlak olmasından qürur duyduğunu deyib. Bildirib ki, özü də müharibə iştirakçısı olub. Ailənin böyük oğlu Nail də Vətən Müharibəsində Hərbi Dəniz Qüvvələrinin hərbçisi kimi sonacan iştirak edib. Səxavətlə sonuncu dəfə yeni il bayramında danışdığını söyləyən qürurlu ata bütün şəhidlərimizin xatirəsini hörmətlə anıb.
Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev həlak olan əsgər Səxavət Axundovun cənazəsi bükülmüş Azərbaycan bayrağını mərhmun atasına təqdim edib.
Rayon rəhbəri şəhidin dəfnində 10 mindən çox insanın iştirak etdiyini söyləyərək Səxavət kimi igid oğulların əziz xatirəsinin həmişə uca tutulacağını bildirib.
Qeyd edək ki, mərhum Səxavət Axundovlar ailəsinin 5-ci və sonuncu övladı olub.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu