Ökədə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə nikaha daxil olan azərbaycanlıların sayı ötən il iki dəfə azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə azərbaycanlı qadınlarla əcnəbi kişilər arasında 588 nikah bağlanıb.
Bu rəqəm 2019-cu ildə 1248 olub. 2020-ci ildə Azərbaycan vətəndaşı olan kişilərlə isə əcnəbi qadınlar arasında bağlanmış nikahların sayı 599 olub. 2019-cu ildə bu göstərici 1101 olub.
Ümumilikdə son 5 ildə 5319 azərbaycanlı qadın xarici ölkə vətəndaşı ilə ailə həyatı qurub. Bu müddət ərzində 5039 Azərbaycan vətəndaşı olan kişi əcnəbi ilə rəsmi nikaha daxil olub.
Azərbaycanlı qadınlarla izdivaca girmiş xarici ölkə vətəndaşları daha çox Rusiya, Türkiyə və Gürcüstan, Azərbaycan vətəndaşı olan kişilərlə nikaha daxil olan xarici ölkə vətəndaşları isə daha çox Rusiya, Gürcüstan və Ukrayna vətəndaşlarıdır. Lakin bu cütlüklər arasında boşanmalar da az deyil.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova Bizim.Media-ya açıqlamasında əcnəbilərlə izdivac məsələsində psixoloji amilin mühüm rol oynadığını dilə gətirib:
“Bu məsələdə ilkin planlar, arzular reallığı əks etdirmir. Müxtəlif mədəniyyətlər və davranışlar çox hallarda arzuolunan nəticələr vermir. Tanışlıq, qonşuluq və gedib-gəlmələr Avropa ölkələrində yoxdur. Əcnəbilərlə nikah zamanı bu münasibətlər çətin qurulur.
Müxtəlif məhdudiyyətlər və insan hüquqları var ki, şəxs o qaydalara uymalıdır. Bu hallar bəzən əks effekt verir və insanlar depressiyaya düşür. Münasibətlər gərginləşir və boşanmalara gətirib çıxarır. Xüsusilə tərəflər arasında dil baryeri olanda da çətinlik yaranır.
Tutaq ki, şəxs öz ölkəsində işləyirdi, əcnəbi ilə ailə qurandan sonra yaşadığı ölkədə iş tapa bilmir və yaxud bunun üçün uzun müddət tələb olunur. Ölkəsindəki aktiv həyatını başqa yerdə reallaşdıra bilmir. Bu baryeri keçə bilməyənlər əksər vaxtlarda boşanır. İstənilən halda fərqli mədəniyyətləri və əmək qabiliyyətlərini reallaşdırmaq ya mümkün olmur, ya da çətinliklə həyata keçir”.
QHT sədrinin sözlərinə görə əcnəbi ilə nikaha baxış məsələsində də çox diqqətli olmalıyıq:
“Qadın var ki, əcnəbi ilə ailə həyatı qurandan sonra geri gələ bimir, illərlə doğmalarını, ailəsini və yaxınlarını görmür. Övlad məsələsi də burada rol oynayır.
Çox vaxt ana ölkənin qayda-qanunlarına və uşağını həmin ölkə vətəndaşı olduğuna görə vətəninə gətirə bilmir. Bu tip hüquqi çətinliklər var ki, nikaha girən tərəflər əvvəlcədən bu məlumatlardan xəbərdar olurlar. Bundan əlavə qeyri rəsmi nikaha girənlər qanunsuz miqrantlara çevrilirlər. Bu kimi hallar depressiya yaradır”.
Hüquq müdafiəçisi qeyd edib ki, pandemiya ciddi şəkildə əcnəbilərlə izdivaca baryer yaradıb və nikah məsələsi çətinləşib:
“Gediş-gəliş məsələsi yoxdur deyə baryer pandemiya dövründə qüvvədə olacaq. Kimsə ölkədən kənara çıxmaq istəməyəcək ki, pandemiya ilə bağlı müəyyən qərarlar çıxa bilər və ölkəsinə uzun müddət dönə bilməz. Bu amil də əcnəbi ilə izdivac məsələsində psixoloji baryer yaradır”.
Alçina Amilqızı, Bizim.Media