Ədliyyə Nazirliyi tərəfindən qlobal pandemiya ilə əlaqədar ekstradisiya sorğularının elektron qaydada qəbul olunması və baxılması təmin edilir.
Ötən il beynəlxalq axtarışda olan adam oğurluğu, dələduzluq və rəsmi sənədlərin saxtalaşdırılması kimi cinayət əməllərində təqsirləndirilən şəxslərin Almaniya, Bosniya və Herseqovina, Türkiyə, Əlcəzair və s. dövlətlərdən ölkəmizə ekstradisiyasına nail olunub.
MÖVZU İLƏ BAĞLI:
Beynəlxalq axtarışa verilən 2 şəxs Azərbaycana gətirildi
Ədliyyə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, bu gün isə xarici dövlətlərdə qeyri-qanuni fəaliyyətlə məşğul olaraq müxtəlif şəxslər üçün qanunsuz yollarla siyasi sığınacaq əldə etmək məqsədilə həmin ölkələrin dövlət qurumlarını aldatmaqla rəsmi sənədlərin saxtalaşdırılması kimi cinayət əməllərində təqsirləndirilən Azərbaycan vətəndaşının Almaniyadan ekstradisiyası təmin edilib və o, nazirliyin əməkdaşlarının müşayiəti ilə ölkəmizə gətirilib.
Cinayətkar şəxslər Azərbaycana gətirilərkən tranzit dövlətlərin razılığının alınması üçün nazirlik tərəfindən qısa müddətdə zəruri tədbirlər görülür.
Bu baxımdan qardaş Türkiyənin ölkəmizə böyük dəstəyi xüsusi qeyd olunmalıdır.
Ümumilikdə ötən 5 il ərzində 200 nəfərdən çox cinayətkar şəxslərin Azərbaycana ekstradisiyası təmin olunub. Bununla da cəzanın labüdlüyü prinsipi təmin edilməklə cinayətkarların özlərini heç yerdə azad və təhlükəsizlikdə hiss etmələrinin qarşısı alınır.
Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər bundan sonra da davam etdiriləcək.
Bizim.Media