Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Bizim.Media xəbər verir ki, jrnalist Rufik İsmayılovun müsahibi “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri, hərbi-siyasi ekspert Telman Qasımov olub.
T.Qasımov vaxtilə ailəsi ilə birlikdə yaşadığı İrəvan şəhərinin tarixindən, təbiətindən, maddi-mədəni irs nümunələrindən danışıb. O, uşaqlığının keçdiyi bu qədim və tarixi Azərbaycan şəhərində yaşadıqlarını dilə gətirib, xatirələrini bölüşüb. Bildirib ki, İrəvanda keçirdiyi illər həyatının ən xoş və mənalı anlarıdır.
“Tarixi torpaqlarımıza qayıtmaq hər birimizin haqqıdır”, - söyləyən müsahib Qərbi Azərbaycanda soydaşlarımıza qarşı bəslənilən ögey münasibətdən, diskriminasiya və ayrı-seçkilikdən söhbət açıb. Bildirib ki, 1980-ci illərdə saqqallı ermənilər tərəfindən İrəvanda məscid və məktəb yandırılıb, təhsil müəssisəsi daş-qalaq olunub, evlərə hücumlar təşkil edilib. Bunun da nəticəsində həm məktəbdəki azərbaycanlı müəllimlərin və şagirdlərin, həm də ümumilikdə İrəvanda yaşayan soydaşlarımızın həyatı təhlükə qarşısında qalıb.
T.Qasımov qonşuluqda yaşayan erməninin onların evindən ulu öndər Heydər Əliyevin şəklini oğurlamasına da diqqət çəkib. Bildirib ki, bir Azərbaycan türkü kimi ümummilli lider Heydər Əliyevin SSRİ rəhbərliyində təmsil olunması, böyük hörmət və nüfuz qazanması erməniləri daim narahat edib. 35 ildir Qərbi Azərbaycan həqiqətlərini araşdırdığını, bu barədə filmlər çəkdiyini, həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmaq niyyətini dilə gətirən müsahib İrəvanın azərbaycanlılara məxsus olmasını zaman-zaman ermənilərin özlərinin də etiraf etdiyini deyib.
Bir müddət əvvəl İrəvana gizlin səfər edən, vaxtilə yaşadığı binanın həyətində çəkilişlər aparan T.Qasımov şəhərdə gördüyü acınacaqlı vəziyyətə də diqqət çəkib. Bildirib ki, yoxsulluq, kədər, ümidsizlik ermənilərin üzlərindən oxunur, həyat tərzlərindən görünür.
O, Azərbaycan ərazilərinin Ermənistan işğalı altında saxlanıldığı 30 ilə yaxın dövr ərzində təbiətimizə qarşı genişmiqyaslı terror həyata keçirildiyini vurğulayıb.
Bizim.Media