Azərbaycanın ümumi təhsil müəssisələrində müəllim, direktor, direktor müavinləri və digər işçilərlə yanaşı laborantlar da fəaliyyət göstərirlər. Laborantların işi laboratoriya avadanlığının, cihazlarının, təlimin texniki vasitələrinin saz halda olmasına çalışması, onların vaxtında əldə edilməsi, kimyəvi reaktivlərin düzgün saxlanması və istifadə olunmasını təmin etməkdən ibarətdir.
Laborantların əməkhaqları müəllimlərin əməkhaqları qədər deyil, minimum əməkhaqqından bir az artıqdır.
Lakin bəzi məktəblərdə laborantların analıq məzuniyyətində olan, səhhəti və digər üzrlü səbəbdən dərsdə olmayan müəllimləri əvəz etdikləri deyilir.
MÖVZU İLƏ BAĞLI:
Bu şəxslər müəllim ola BİLMƏYƏCƏK
Bəzi məktəblərin laboratoriyalarında lazımi avadanlıqlar və vasitələr olmadığından laborant məktəbdə daha çox başqa işlərin görülməsinə yardım edir. Bəzi məktəblərdə isə ümumiyyətlə nə laboratoriya var, nə də laborant... Ən pisi laboratoriyanın olmaması, ancaq laborantın olmasıdır ki, bu hal Azərbaycan məktəblərində var.
Ümumiyyətlə, məktəblərdə laborantlar nə işlə məşğuldurlar?
Təhsil üzrə ekspert Nadir İsrafilov Bizim.Media-ya danışaraq laborantların fəaliyyətinə aydınlıq gətirib. O, bəzi məktəblərdə laboratoriyalardan anbar kimi istifadə olunduğunu deyib:
“Məktəblərdə fizika, biologiya və digər fənlərin kabineti var. Dərsə lazım olan təcrübi işləri həyata keçirməkdə bu laboratoriyalardan istifadə olunmalıdır. Dərsliyin əyaniliyini təmin etmək, praktik vərdişlərə yiyələnmək üçün belə laboratoriyalar yaradılıb. O laboratoriyalardan nə dərəcədə istifadə olunması isə ayrı məsələdir.
Çox təəssüf ki, bəzi məktəblərin labaratoriyaları anbar kimi qalıb, lazımi səviyyədə istifadə olunmur, bəzi laboratoriyalar isə lazımi avadanlıqlarla təchiz olunmayıb. Əslində, hər məktəbdə laborant ştatı var. Qaydaya əsasən, əgər kimya laboratoriyasıdırsa, burada ixtisasca kimyaçı işləməlidir və s. O vaxt laboratoriyalara qeyri-ixtisas və qeyri-peşə təhsilli işçilər götürülüb ki, bu da təlimin, təhsilin keyfiyyətinə təsir edən məsələlərdən biridir”.
O, laborantların işinin kölgədə qalmasının bir səbəbini isə maaş azlığı ilə əlaqələndirib:
“Laborantların maaşı müəllimlərdən aşağıdır. Müəllimlərin vahid tarif ştatı var, müəllimin stajına, sertifikasiyadakı balına görə və s. əməkhaqqı dəyişir. Müəllimlər üçün bu cür stimullaşdırıcı tədbirlər həyata keçirilir. Son beş ildə nə qədər müəllimin maaşı artıb, 1000-1500 manat əməkhaqqı alan yüzlərlə müəllim var. Amma laborant ştatı gözdən iraq qalıb, neçə illərdir artımlar, tədbirlər onlara tətbiq olunmur.
Biz laborantlara köməkçi ştat kimi baxırıq. Halbuki laboratoriyalardan əgər lazımi səviyyədə istifadə olunarsa, təhsilin keyfiyyətinə dərsdə keçirilən nəzəri material qədər təsir göstərə bilər.
Bu gün təhsilimizin vəzifəsi təkcə şagirdə bilik verməkdən ibarət deyil, bacarıq və vərdişlər aşılamaqdır. Bir ovuc bilik verdik, bununla da bitdi. Amma vərdiş və bacarıqlar əsas məsələlərdən biridir.
Kurikulum sistemində əsas məsələ səriştəyə əsaslanan şəxsiyyətyönlü vətəndaş yetişdirməkdən ibarətdir. O səriştə də təkcə nəzəri biliklərlə olmur, parktik bacarıqlarla və vərdişlərlə olur. Nə qədər ali məktəbi bitirənlər var, onlar əmək bazarında iş tapmaqda çətinlik çəkirlər. Bu da əsas gətirir ki, bunların təcrübəsi, praktik vərdişləri yoxdur”.
Ekspert hesab edir ki, sertifikasiyadan keçməyən müəllimləri laborant kimi işə götürmək effektiv olar:
“Laborant məsələsi gündəmə tez-tez gətirilsə, onlara diqqət artar. Bu gün bizim nə qədər müəllimimiz var ki, sertifikasiyadan keçməyib, işini itirib, həmçinin nə qədər məktəbdə laborant ştatı vakantdır. 20-30 il işləyən müəllimin keçməməsi onun savadına dəlalət eləmir. Burada subyektiv səbəblər də ola bilər. Gələcəkdə fizika, kimya və digər fənn müəllimlərinin sertifikasiyası keçiriləcək. Bu sertifikasiyada lazımi balı toplamayan müəllimlərdən həmin laboratoriyalarda laborant kimi istifadə etmək olar. Bir sözlə, rasional, optimal yollar axtarmaq lazımdır ki, imkan daxilində məktəblərdə boş yerlər qalmasın”.
Günay Şahmar, Bizim.Media