"Mən və 2 uşağım Xankəndi səfərindən çox böyük təəssüratla qayıtmışıq. Bu səfərdə mən bir daha başa düşdüm ki, Cənab Prezident həqiqətən bizlərin, şəhid ailələrinin yanındadır. O, bizlərə dayaqdır. Mən bu səfərdə bir daha anladım ki, erməninin başını əzən igid oğulların ailələri etibarlı əllərdədir. Dövlətimiz, Prezidentimiz həmişə onlarladır".
Bu sözləri bu ilin sentyabr ayında baş verən son antiterror tədbirlərində şəhid olan gizir Tural Ağcabəyovun Xaçmazın Manafoba kəndində yaşayan həyat yoldaşı, ötən gün Xankəndidə keçirilən tarixi matçda 2 övladı ilə birgə iştirak edən Turanə Ağcabəyova Bizim.Media-nın yerli bürosuna açıqlamasında deyib.
MÖVZU İLƏ BAĞLI:
Prezidentin Xankəndidə uşaqlarla səmimi DİALOQU - GÜNÜN VİDEOSU
Onun sözlərinə görə, Prezident futbol matçında şəhid uşaqları ilə vaxt keçirib. Onlarla səmimi dialoq quran Prezident hər bir şəhid uşağına diqqət ayırıb:
“Şəhid Turalın yadigarları - qızımız Leyla və oğlumuz Anar dövlət başçımızı yaxından gördülər, fotolar çəkdirdilər. Bu gün uşaqlarımızın yaddaşında silinməz iz qoyacaq”.
Xankəndidəki görüşdə son antiterror tədbirlərində şəhid olmuş xaçmazlı polkovnik-leytenant Vüsal Rüstəmovun da 3 övladı iştirak edib. Bütün uşaqlar kimi, Vüsal Rüstəmovun övladları da səfərdən xoş təəssüratla qayıdıblar.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu