İntiharlar niyə artır? - Məktəb psixoloqlarının fəaliyyətsizliyi, yoxsa Təhsil Nazirliyinin biganəliyi...

Hazırda oxunan: İntiharlar niyə artır? - Məktəb psixoloqlarının fəaliyyətsizliyi, yoxsa Təhsil Nazirliyinin biganəliyi...

17008

Azərbaycanda məktəb psixoloqlarının fəaliyyəti  ilə bağlı vəziyyət o qədər də ürəkaçan deyil. Ölkədə məktəblərin əksəriyyətində psixoloq olsa da, onların ştatı aşağıdır. Məsələn, 100 şagirdi olan məktəbdə də 1 psixoloq var, 1000, 2000 şagirdi olan məktəbdə isə say eynidir.

Məktəbdə psixoloq ştatında çalışanların çoxu öz işlərindən başqa, digər inzibati vəzifələrə - jurnal doldurmaq, dəftərxana işi ilə məşğul olmağa daha çox zaman ayırırlar.

Mətbuatın xronikasına baxsaq, yeniyetmələrin, şagirdlərin intihar etməsi halları günü-gündən artır. Təkcə elə Elinanın intihar hadisəsini xatırlasaq, vəziyyətin nə qədər acınacaqlı olduğunu izah etmiş olarıq. 

Məktəblərdə psixoloq azlığından və səmərəli fəaliyyət göstərə bilməməsindən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu Asəf Kərimov da narahatdır. 

O bildirib ki, məktəblərdə psixoloqlara dərs saatı verilməlidir:

“1200-800 nəfər  şagird olan məktəbdə məsələ qaldırılmalıdır ki, həftənin hansı günləri siniflər psixoloqun təlimlərinə girməlidir. Psixoloqun vəzifəsi təlimdə psixoloji aspektləri nəzərdən keçirməli və uşaqları yoxlamalıdır.
 

Psixoloji yardıma gəldikdə isə maarifləndirmə işini həyata keçirməlidir. Lakin psixoloqlar psixoloji yardım məşğələlərini həyata keçirə bilmirlər. Çünki şagirdlər dərsdən sonra repititor yanına gedirlər. Şagirdlərin məşğələlərə qatılmağa vaxtları olmur.


2001-2006-ci illərdə psixoloqun uşaqlarla işləməsi üçün 12 saat məşğələ proqramı ayrılmışdır. Sonradan belə məşğələ proqramlarını dayandırdılar. Hazırda psixoloqlara bu saat verilmir.  İndi məktəblərdə  yalnız psixoloqu boş saatlara, müəllimləri əvəz etməyə yollayırlar. Təhsil Nazirliyi “Həyatı bacarıqlar” fənni üzrə tədrisi  fizika, tarix müəlliminə tapşırıb. Bunu niyə psixoloqa vermirlər? Axı bu fənndə dünya görüşdən tutmuş, necə dost olmağa qədər mövzular müzakirə olunur. Zəhmət olmasa Təhsil Nazirliyi bu haqda düşünsün. Ya da işləyə biləni çalışmağa imkan versin”.  

Təhsil Nazirliyi psixoloqu hörmətə mindirməlidir. Ona dərs saatı verməli, dolanacağı səviyyədə əmək haqqı ayırmaldır.

Müsahibimiz vurğulayr ki, ümumiyyətlə, psixologiya varlı cəmiyyətin elmidir. Məktəb psixoloqunun normal fəaliyyəti üçün qayadalara uyğun otağı - kabineti olmalıdır.

Bu gün 6-8 və ya 16 kvadrat metr olan ən xırda, gözdən uzaq bir otaq verməklə, ya hansısa başqa işçi ilə bir yerdə oturdaraq psixoloqa şərait yaradıldığını demək gülməlidir:

“Məktəb psixoloqlarının kabinetinin təhcizatında heç nə yoxdur. Bu sahədə mövcud olan ciddi testlərin və s. heç biri Azərbaycan mühitinə uyğun deyil. 

Məktəblərdə psixoloq işinin nə dərəcədə vacibliyi məsələsinə gəlincə müsahibimiz bildirib ki, müasir dövrdə məktəbdə bu sahə mütləq vacibdir:
 

“Bu gün sovet dövründəki kimi valideyn 5-8 saat işləyib evinə qayıtmır. Varlı və kasıbından asılı olmayaraq, istənilən valideyn 10-12 saat işdə vaxt keçirir. Uşağına vaxt ayıra bilmir.


Uşaqların bir çoxu öz xarakterlərini açıqlamır. Ona yanaşma tərzini nə valideyn, nə də müəllim bilmir. Bu zaman psixoloq lazımdır. Bu gün məktəblərdə psixoloqun korreksiya işi ilə bağlı demək olar ki, iş aparılmır. Səbəb də şəraitsizlikdir. Hiperaktivlik, diqqət çatışmazlığı problemi olan uşaqların sayı çoxdur. Ailələrdə vaxtilə çox uşaq olurdu.

İndi iki uşaq olduğundan ərköyün uşaqlar çoxdur. Bu uşaqlarla işləmək psixoloqun vəzifəsidir. Müəllim onlara vaxt ayırsa, dərsini keçə bilməyəcək. Valideyn də uşağının problemini tam şəkildə dərk edəcək mütəxəssis deyil”.

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin