Qərbi Azərbaycan Xronikası: “Ermənilər məscidə sığınan 400 azərbaycanlını qətlə yetiriblər” - VİDEO

Hazırda oxunan: Qərbi Azərbaycan Xronikası: “Ermənilər məscidə sığınan 400 azərbaycanlını qətlə yetiriblər” - VİDEO

169659

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Bizim.Media xəbər verir ki, jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni olub.

R.Zeyni vaxtilə valideynlərinin didərgin düşdüyü Qərbi Azərbaycanın Qarakilsə rayonunun Vağudi kəndinin tarixindən, təbiətindən, maddi-mədəni irs nümunələrindən danışıb.

O, uşaqlığının keçdiyi bu kənddə yaşadıqlarını dilə gətirib, xatirələrini bölüşüb. MQF prezidenti sadəcə Vağudinin deyil, ümumən Qərbi Azərbaycanın onun üçün müqəddəs bir məkan, yurd həsrəti, doğma vətən olduğunu vurğulayıb. Bildirib ki, Qərbi azərbaycanlılar 35 ildir bu həsrətlə yaşayır, xəyallarında o torpaqlara qayıdırlar. Onun sözlərinə görə, indi yeni reallıq yaranıb və tarixi torpaqlarımıza qayıtmaq xəyalları gerçəkliyə çevrilmə ərəfəsindədir.

Qərbi Azərbaycanda soydaşlarımıza qarşı ayrı-seçkilikdən söhbət açan R.Zeyni bildirib ki, ermənilər ali təhsil alıb kəndə qayıdan azərbaycanlı kadrları işlə təmin etmir, bununla onların ölkəni tərk etməsinə şərait yaradırdılar.

“Gen yaddaşımız bizə deyir ki, qarı düşmən dost olmaz”, - söyləyən MQF prezidenti ötən əsrin əvvəlində Qarakilsə rayonunda, o cümlədən Ağudidə törədilən erməni vəhşiliklərindən də danışıb. Bildirib ki, daşnaklar Ağudidə məscidə sığınan 400 azərbaycanlını amansızlıqla qətlə yetirib, ibadət evi ilə birlikdə yandırıblar.
R.Zeyni deyib ki, 785 qeyri-hökumət təşkilatını öz ətrafında birləşdirən MQF-nin fəaliyyətində İrəvana, Zəngəzura, Göyçəyə qayıdış prioritet təşkil edir. Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində görülən işlərdən danışan natiq vurğulayıb ki, soydaşlarımızın əsas tələbi beynəlxalq ictimaiyyətin səsimizə səs verməsi, nəticə etibarilə tarixi ədalətin tezliklə bərpa olunmasıdır. Onun sözlərinə görə, hazırda milyonlarla Qərbi azərbaycanlının əsas niyyəti dinc yolla, ləyaqətli şəkildə vətənə qayıtmaqdır.

Daha ətraflı videomaterialda: 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin