Adətən, sitrus bağları ilə məşhur olan Lənkəranı bu dəfə oxuculara tamam fərqli gözəlliyi ilə təqdim edəcəyik. Bu maraqlı reportajın sorağını Cəlilabadda aldıq. Dedilər ki, bir nəfər Lənkəran sakini maraqlı təsərrüfat qurub. Belə ki, o, daha çox tropik ölkələrdə rast gəlinən bambuk bitkisini həm becərir, həm də ondan müxtəlif əşyalar düzəldir.
Təsərrüfatın məşhurluğu hətta xaricilərin belə qulağına çatıb. Gəlib-gedənlərin nə sayı var, nə hesabı.
Lənkərana gəldikdən sonra yerli sakinlərlə maraqlanıb, bambuk meşəsini tapdıq. Qarşımda hündür, dümdüz bambuklar boy-boy düzülüb.
Ətraf isə yamyaşıldır...
Bir anlıq özümü Amazon meşələrində hiss etdim. Elə bildim ki, indicə bir yaquar, ya da anakonda ilanı qarşıma çıxacaq. Lakin elə bu anda bir səs eşitdim: “xoş gəlmisiz, buyurun”.
Bu səsin sahibi bambuk bağını salan Eynulla Calalov idi. Eynulla Calalov 1992-ci ildə Lənkəranın Talışlı kəndinə köçüb, bu ərazini satın alaraq burada bambuk əkməyə başlayıb.
Eynulla Calalov deyir ki, buralarda bambuk ağacları hələ sovetlər dönəmindən olub. Gürcüstandan gətrilən bu bitki balıqçılıq təsərüfatlarında istifadə üçün nəzrədə tutulubmuş.
Təsərrüfat sahibinin sözlərinə görə, su kənarlarında kol-kos arasında bir-neçə bambuk kökləri qalmışdı. Məhz o köklərdən istifadə edib, bambukları çoxaltmağa başlayıb. Deyir ki, “uşalıqdan bu ağacın nəsə əhəmiyyətinin olduğunu bilirdim”.
Hazırda bambuk meşəsinin ümumi sahəsi 0.16 hektardır.
Bambuk bir çox xüsusiyyətlərinə görə digər bitkilərdən fəqrlənir. Belə ki, bu bitkinin toxumu 5 ildən sonra cücərir. 27 metr hündürlüyə qədər ucala bilir. 45 il sonra toxum verən bu bitki ömrünü sona çatdırır. Hind qamışı kimi də tanınan bambuk dünyanın ən sürətli böyüyən bitkisi hesab olunur.
30 ildən çoxdur ki, bambuk becərən Eynulla Calalov hələ ki, bu bitkinin toxum verdiyini görməyib. Elə buna görə də təsərrüfatında onları kök vastəsi ilə çoxaldır.Artıq özünə buna müvafiq istehsal təsərrüfatı da qurub.Hətta lazımi yerlərə bitkini xammal kimi də satır.
Eynulla Calalovun bambuk bağı həm də cənub bölgəsinə gələn turistlərin ən çox ziyarət etdiyi məkanlardandır.
Söhbət əsnasında öyrəndik ki, çox adam gördüyü gözəllik qarşısında ilhama gələrək, bambuk təsərrüfatı qurmaq eşqinə düşsə də, bu, elə maraq olaraq qalıb. Elə ona görə də Eynulla Calalov neçə illəridir bambuk təsərrüfatı ilə məşğul olan yeganə təsərrüfatçıdır.
Onun bambukdan hazırladığı əl işləri dəfələrlə müxtəlif sərgilərdə nümayiş olunub, özü isə müxtəlif diplomlara layiq görülüb.
Sonda bu yamyaşıl gözəlliyi geridə buraxıb, Lənkərandan ayrılıram. Və yenədə gözümün qabağında Amazon meşələri, tropik cəngəlliklər, vəhşi meşə heyvanları canlanır. Amma bu dəfə qorxu hissindən əsər-əlamət yoxdur, yalnız xoşbəxtlik və yeni kəşfimdən doğan məğrurluq duyğusu var...
Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu
- A-
- A
- A+
Cəmiyyət
13:00 / 14.12.2023
Cənub bölgəmizdə HİND CƏNGƏLLİYİ – Lənkəranın bambuk bağından REPORTAJ/FOTO
Hazırda oxunan: Cənub bölgəmizdə HİND CƏNGƏLLİYİ – Lənkəranın bambuk bağından REPORTAJ/FOTO
Hazırda oxunan: Cənub bölgəmizdə HİND CƏNGƏLLİYİ – Lənkəranın bambuk bağından REPORTAJ/FOTO
168952
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.