Xəbər verdiyimiz kimi "Bakı İlahiyyat Kolleci" publik hüquqi şəxs yaradılıb. Yeni yaradılan Azərbaycan İlahiyyat İnstitutu publik hüquqi şəxsin yanında “Bakı İlahiyyat Kolleci” publik hüquqi şəxs Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərəcək.
Kollecdə 2024/2025-ci tədris ili üçün kadr hazırlığı aparılacaq ixtisasların siyahısı və tələbə qəbulu planını isə Azərbaycan Respublikası Nazirlər Kabineti təsdiq edəcək.
Bəs, İlahiyyat Kollecində hansı din xadimləri hazırlanacaq?
Suala cavab tapmaq üçün, millət vəkili, ilahiyyatçı alim Ceyhun Məmmədovla əlaqə saxladıq. Bizim.Media-ya açıqlamasında o bildirib ki, belə bir kollecin yaradılması önəmli bir məsələdir:
“Dini sahədə ölkəmizdə mühüm islahatlar həyata keçirilir. İlahiyyat Kollecinin yaradılması da islahatların tərkib hissəsi olaraq bu prosesə öz töhfəsini verəcək. İmkan verəcək ki, biz peşəkar mütəxəssislər yetişdirək.
Əvvəllər belə idi ki, insanlar dini təhsil almaq üçün Universitetə daxil olmalı idi. Amma indi imkan yaranır ki, ali təhsil almamışdan əvvəl arzuedənlər kollecdə müəyyən dini biliklər qazansınlar.
Bu Kollecin məzunları gələcəkdə din xadimi kimi də işləyə biləcəklər.
Məlumdur ki, dini sahədə müəyyən vəzifələr var. Və həmin vəzifəni tutmaq üçün heç də Universitet bitirmək lazım deyil. Bir sözlə İlahiyyat Kolleci məscid və ziyarətgahlarda çalışan orta təhsilli din xadimlərinin daha savadlı kadrlarla əvəzlənməsinə imkan verəcək. Bu da onu göstərir ki, din dövlətdən ayrı olsa da Ölkə Başçısı bu sahənin inkişafında çox maraqlıdır. Ona görə də dövlət hesabına belə bir təhsil müəssisəsi təsis edilib”.
Surxay Atakişiyev, Bizim.Media