Ağdamın Xıdırlı kəndində ilk mərhələdə 719 ev inşa olunacaq - FOTO

Hazırda oxunan: Ağdamın Xıdırlı kəndində ilk mərhələdə 719 ev inşa olunacaq - FOTO

168631

İşğaldan azad olunan digər ərazilərdə olduğu kimi, Ağdam rayonunda da quruculuq işləri geniş vüsət alıb. Ağdam şəhəri ilə yanaşı, rayonun Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərinin tikintisi həyata keçirilir. 

Bizim.Media xəbər verir ki, birinci mərhələdə kəndə 2951 nəfərin köçürülməsi üçün 719 fərdi ev inşa olunacaq. 

Evlərin 263-ü ikiotaqlı, 332-si üçotaqlı, 121-i dördotaqlı, 3-ü isə beşotaqlıdır. Kəndin inşasında yerli tikinti materiallarından, o cümlədən Şahbulaq yüksəkliyində istehsal edilən ağ daşlardan istifadə edilir. Ümumiyyətlə, Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 5990 nəfərin (1500 ailə) məskunlaşması planlaşdırılır.
“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Övsət Həmidov AZƏRTAC-a bildirib ki, Xıdırlı kəndinin tikintisi də digər yaşayış məntəqələri kimi dörd mərhələdən ibarət olacaq: ərazinin hamarlanması və inşaat tullantılarından təmizlənməsi, fərdi yaşayış evlərinin tikintisi, qeyri-yaşayış evlərinin tikintisi, kommunikasiya şəbəkəsinin və yolların inşası. Artıq ərazidə vertikal hamarlama işləri başa çatıb, yaşayış evlərinin tikintisi həyata keçirilir.

Evlər əsasən birmərtəbəli, beşotaqlı evlər isə ikimərtəbəli olacaq. Kəndin mərkəzi kommunikasiya xətləri Ağdam şəhərinin şəbəkəsinə qoşulacaq. Sarıcalı və Kəngərli kəndləri ilə müqayisədə Xıdırlı kəndinin relyefi daha sərtdir. Bu səbəbdən vertikal şaquli planlama işləri həyata keçirilməlidir. Kanalizasiya və yağış sularının mərkəzi şəbəkəyə ötürülməsi üçün işlər görülür.

Övsət Həmidovun sözlərinə görə, Xıdırlıda torpaqların şişən və çökən qrunt olması evlərin tikintisində olduğu kimi, yol tikintisi zamanı da ciddi torpaq kütləsinin çıxarılmasını tələb edir: “Daha yüksək texnoloji materiallardan istifadə etməklə bunun həllinə çalışırıq.

Düşünürəm ki, bu materialların tətbiqi ilə biz ciddi qənaət edəcəyik. Torpaq kütləsinin ərazidən çıxarılmasının qarşısı alınacaq. Bu da yekun nəticədə büdcədə qənaətə səbəb olacaq. Eyni zamanda, yolların gələcəkdə çökmə təhlükəsi az olacaq. Bu materialların tətbiqi üçün müvafiq hesabatlar aparılıb”.

Xıdırlı kəndinin tikintisində çalışanlarla söhbət zamanı onların hər birində yüksək əhval-ruhiyyənin şahidi olduq. İnşaatçılar işğaldan azad edilmiş ərazilərdə çalışdıqları üçün sevinc və qürur hissi keçirdiklərini bildirirlər. Hörgü işində çalışan Elşən Əliyev deyib:

“Çox sevinirik ki, işğalda olan bütün torpaqlarımız azad edildi və aparılan tikinti işlərində mənim də əməyim var. Bundan əvvəl Laçın rayonunun tikintisində iştirak etmişəm. Allah ordumuzu qorusun! Allah şəhidlərə rəhmət eləsin, qazilərə cansağlığı versin”.
Qeyd edək ki, Ağdam rayonunda ilkin mərhələdə 1 şəhər və 12 kəndin bərpası nəzərdə tutulur. Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərində 2024-cü ilin sonuna kimi işlərin birinci mərhələsinin yekunlaşdırılması planlaşdırılır.






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin