Enerjimizin “yaşıl”laşan siması – İlhan Şabanın ŞƏRHİ 

Hazırda oxunan: Enerjimizin “yaşıl”laşan siması – İlhan Şabanın ŞƏRHİ 

168195

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr

İlham Şabanın təqdimatında Yola saldığımız həftə enerji ətrafında o qədər maraqlı hadisələr baş verib ki, onların Azərbaycanın həm ənənəvi enerji daşıyıcıları, həm də alternativ enerji sahəsinə təsirlərini mütləq araşdırmalı və ölkəmiz üçün əhəmiyyətinə diqqət yetirməliyik.

Qlobal bazarlar

Bu baxımdan dünya bazarlarında neft və qaz ticarətində maraqlı hadisələrin yaşandığını gördük. Belə ki, bu həftə neft qiymətləri dünya bazarında üzüşağı istiqamət götürdü və Brent markalı neftin ən ucuz partiyası bir barel üçün dekabrın 6-da 74 dollar 11 sentə satıldı. Sonrakı günlər bir qədər artım oldu. Amma sonuncu dəfə neftin 75 dollardan aşağı qiymətə ticarət edilməsi cari ilin 5 iyul tarixində müşahidə edilmişdi.

Nədən qara qızıl birdən-birə ucuzlaşdı?

Səbəbini siyasi amillərdə axtarmağa dəyməz. Bazara kifayət qədər neft çıxarılır, tələb isə ona adekvat deyil. Avropa bazarlarında isə qazın ticarətində dekabrın əvvəlindən müşahidə edilən enmələr davam edib və dekabrın 8-də 1000 kubmetr üçün 430,4 dollar təşkil edib. Düz 1 il əvvəl isə qazın qiymətləri 1500 dollardan yüksək idi. Bu baxımdan hazırkı qış mövsümünü qiymət baxımından dünya enerji bazarı üçün kifayət qədər mülayim hesab etmək olar.

AÇG-də yeni quyu

Bu həftənin əvvəli Azərbaycan neft hasilatının stabilləşdirilməsi yönümündə həyata keçirdiyi masştablı layihə üzrə vacib bir addım atıb. Dekabrın 4-də Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” blokunda quraşdırılmış yeni “Azəri Mərkəzi Şərqi” platformasında ilk hasilat quyusunun qazılmasına başlanıb.

Layihəsinin operatoru olan BP şirkəti bəyan edib ki, quyunun dərinliyinin 3188 metrədək olacağı planlaşdırılır və bu dərinliyə çatmaq üçün qazma işlərinin təxminən üç ay cəkəcəyi gözlənilir. Gələn ilin I rübünə gözlənilən hasilatdan sonra platformadan günlük 100 min barel neft çıxarılması planlaşdırılır.

Dubayda COP28 konfransı

Qeyd edim ki, Azərbaycan bütün dünyada ənənənvi enerji istehsalçısı və ixracatçısı kimi tanınır. Amma ölkəmizin hədəfində artıq “yaşıl enerji” dayanır. Hökumət də bu məsələlərə böyük önəm verir. Elə bu həftə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci toplantısında, hansını ki, qısaca COP28 adlandırırlar, Azərbaycan nümayəndə heyətinin geniş heyətdə təmsil olunması və “yaşıl enerji” ilə bağlı planlarını geniş ictimaiyyətə açıqlaması bunun bariz nümunəsidir.

Energetika naziri Pərviz Şahbazov “Azərbaycanda bərpa olunan enerji investisiyaları üçün imkanlar” mövzusunda keçirilən tədbirdə ölkəmizin artıq 7 beynəlxalq şirkətlə “yaşıl enerji” tərəfdaşlığına başladığını bildirib. Cari ilin oktyabrında “Masdar” şirkəti ilə birgə ilk xarici sərmayə əsaslı və Xəzər regionunun ən böyük günəş elektrik stansiyası istifadəyə verilib.
2027-ci ilədək 230 MVt-lıq bu stansiyadan əlavə “Masdar”, “ACWA Power”, bp, “China Ceghouba”, “Nobel Energy” və “Baltech” tərəfindən 1,6 QVt-dan çox gücdə 8 günəş və külək elektrik stansiyası inşa olunacaq. 2030-cu ilədək daxili istehlak, iqtisadiyyatın dekarbonizasiyası və ixrac məqsədilə quruda və dənizdə 8 QVt-dan çox “yaşıl enerji” layihələri məhz xarici investisiya hesabına reallaşdırılacaq. Nazir həmçinin ilkin mərhələdə “yaşıl enerji”nin 4 QVt-nın “Xəzər-Qara dəniz-Avropa” İttifaqı Yaşıl Enerji Dəhlizi” və 1 QVt-dan çoxunun isə Azərbaycan-Türkiyə-Avropa marşrutu ilə ixracı üzrə intensiv işlərin aparılmasından da bəhs edib.

SOCAR-ın “yaşıllaşma” hədəfləri

Azərbaycan Dövlət Neft Şirkəti də Dubaydakı beynəlxalq tədbirdə uzun illərin ənənəvi enerji istehsalçısı kimi qlobal iqlim dəyişmələrinə göstərə biləcəyi imkanları ortaya qoyub.

“SOCAR-ın dekarbonizasiya strategiyası və gələcək perspektivləri” mövzusunda keçirilən tədbirdə Şirkətin prezidenti Rövşən Nəcəf bütün neft-qaz əməliyyatlarında 2030-cu ilə qədər normal hasilat prosesində məşəldə yandırmaların sıfıra endirilməsinin, 2035-ci ilə qədər korporativ emissiya intensivliyinin 30% azaldılmasının, 2035-ci ilə qədər “Sıfır metan” hədəfinə yaxınlaşmanın və nəhayət, 2050-ci ilə qədər “Xalis sıfır” hədəflərinə çatmanın şirkətin əsas məqsədlərindən olduğunu bildirib. COP28 tədbirlərinə qatılan Azərbaycan iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov isə iqlim dəyişmələri ilə bağlı SOCAR-ın müvafiq sənədlər imzalayaraq üzərinə müvafiq öhdəliklər götürməsini açıqlayıb.

Onun sözlərinə görə, bu sahədə əsas istiqamət olaraq neft və qaz hasil edilərkən əmələ gələn metan tullantılarının azaldılması üçün bir sıra texniki və texnoloji tədbirlərin həyata keçirilməsi olacaq.

SOCAR-ın maliyyə durumu

Yaşıl strategiya çərçivəsində bütün bu işləri həyata keçirmək isə kapital tələb edir. Özü də az həcmdə deyil, çünki enerji keçidi məsələsi innovativ texnologiyaların tətbiqini nəzərdə tutur, bazardakı yenililkər isə istənilən halda özündən əvvəlkilərdən daha bahalıdır.

Sual edə bilərsiniz ki, bəs bunları həyata keçirmək üçün SOCAR-ın maliyyə durumu yetərlidirmi?

Bunun üçün 2023-cü ilin birinci yarısı ərzində şirkətin yarımillik İdarəetmə Hesabatına nəzər yetirsək daha yaxşı olar. “Ernst & Young” şirkəti tərəfindən audit edilmiş Hesabata əsasən, SOCAR-ın gəlirləri 42 milyard 181 milyon manat təşkil edib, bu da 2022-ci ilin 6 ayının göstəricisindən 30,1% azdır. SOCAR-ın xalis mənfəəti isə hesabat dövründə 1 milyard 414 milyon manat təşkil edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə azalma deməkdir. 6 ay ərzində şirkətin mənfəət vergisi üzrə Azərbaycanın dövlət büdcəsinə ödənişləri isə 40,1% azalaraq 476 milyon manat təşkil edib.

Qeyd edim ki, heç də hər sahədə azalma baş verməyib. Belə ki, SOCAR-ın məcmu kapitalı 0,9% artaraq 33 milyard 629 milyon manata qədər yüksəlib.

Bəs azalmanın səbəbi nədir?

Bir neçə faktora bağlıdır. Birincisi, istər neftin, istərsə də qazın xarici bazarlarda satış qiymətləri azalıb. Sonuncuda bu 3 dəfəyə qədərdir. İkincisi, neft ixracı da azalıb. Üçüncüsü, SOCAR-ın mənfəətinə təsir edən bir məsələ də onun gələcək layihələrinin reallaşması üçün indiki mərhələdə xərcləmələrinin artımıdır.

Adicə bir misal, SOCAR bu ilin yazında Xəzərdə daşımaların həcmini artırmaq üçün yeni tanker sifariş verib. Bundan əlavə neft və qaz layihələri var ki, onların genişləndirilməsi əməliyyatları üçün kapital qoyuluşu edir.

Yəni hələ həmin işlərdən gəliri olmadığından təbii ki, mənfəəti də azalır. Amma müvəqqətidir. Ona görə də sadəcə mühasibat-uçot göstəricilərinə görə şirkətin nə qədər uğurlu olub olmaması haqda fikir yürütmək elə də asan məsələ deyil.

Neft Fondunun kapitalı

Bu həftə Hesablama Palatasının açıqladığı məlumata əsasən bəlli oldu ki, 1999-cu ilin dekabr ayından 30 sentyabr 2023-cü il tarixinə qədər müddətdə Dövlət Neft Fonduna (ARDNF) daxilolmaların həcmi 192,7 milyard dollar təşkil edib.

Bu dövr ərzində Fondun xərcləri 137,2 milyard dollar təşkil edib, həmçinin 120,3 milyard dollar və ya bütün xərclərin 87,7%-ni Azərbaycan dövlət büdcəsinə transfertlərin payına düşüb. Nəticədə, 2023-cü il sentyabrın sonuna olan vəziyyətə görə, ARDNF-nin aktivləri 55 milyard 524 milyon dollar təşkil edib. Cari ilin 9 ayının yekunlarına görə, ARDNF-in aktivləri 6,49 milyard dollar artıb.

Qeyd edim ki, artıq Azərbaycanın Neft Fondu gəlirlərini artırmaq üçün yalnız neft və qazın satışına ümid etmir və əlində olan kapitalın idarə edilməsi nəticəsində də vəsait qazanır, özü də bu gəlir artıq milyardlarla ölçümlür. Məsələn, ARDNF-in cari ilin 9 ayının yekunları ilə bağlı açıqladığı məlumata görə, Neft Fondunun vəsaitlərinin idarə edilməsi maddəsi ilə 1 milyard 559,47 milyon dollar gəlir əldə edilib.

Rəsmi Bakının COP29

planı Bu baxımdan qayıdıram Dubaydakı tədbirə - göründüyü kimi, Azərbaycan hökuməti BMT çətiri altında keçirilən qlobal bir tədbirə təkcə geniş tərkibdə iştirakla kifayətlənməyib, həmçinin qarşıdakı illərdə hansı hədəfləri dəf edəcəyini də beynəlxalq ictimaiyyətlə bölüşüb, tərəfdaş şirkətlərlə enerji keçidinin müxtəlif mərhələlərində birgə əməkdaşlığı ortaya qoyub.

Bütün bunlar isə yaxın perspektivdə təkcə bir dövlət şirkətinin deyil, ümumən Azərbaycan dövlətinin yaşıl iqtisadiyyat yolunda reallaşdıra biləcəyi işlərin nəticələrinin nümayişinə hesablanıb. Onun anonsunu isə Azərbaycan Prezidenti artıq Bakıda dekabrın 6-da keçirilən beynəlxalq Forumda dünyanın müxtəlif ölkələrindən gəlmiş ekspertlərlə görüşündə verdi: rəsmi Bakı gələcək COP29 konfransına ev sahibliyi etməklə bağlı müvafiq qaydada artıq öz namizədliyini sürüb.

Bununla da Azərbaycan bir daha nümayiş etdirir ki, onun məqsədi qonşuları ilə əmin-amanlıq şəraitində yaşamaq, qurub-yaratmaqdan əlavə qlobal səviyyəli məsələlərə də öz töhfəsini verməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin