Şahmat üzrə “Vüqar Həşimov Memorial-2023” superturniri artıq 9-cu dəfə təşkil edilir. Bu Beynəlxalq turnir ilk gündən Şəmkirdə keçirilib. Qəbələ isə ilk dəfədir ki, turnirə ev sahibliyi edir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Heydər Əliyev Konqres Mərkəzində keçirilən tədbirdə Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov çıxış edərək “Vüqar Həşimov Memorialı”nın dünya şahmat təqvimində xüsusi yerə malik olduğunu söyləyib.
O, Azərbaycan şahmatının uğurlarının V.Həşimovun adı ilə bağlı olduğunu bildirib.
Turnirin Təşkilat Komitəsinin rəhbəri, Vüqar Həşimovun atası Qasım Həşimov yarışda iştirak üçün dəvəti qəbul edən şahmatçılara minnətdarlığını bildirib. Dünya şahmatının korifeylərindən olan israilli Boris Gelfandın adını xüsusi vurğulayan Q.Həşimov tanınmış qrosmeysterin 2010-cu ildə Həştərxanda keçirilmiş dünya Qran-Prisində Vüqar Həşimova dəstək olduğunu xatırladıb.
Ardınca isə Qasım Həşimov Memorialı açıq elan edib.
İştirakçılar səhnəyə çıxaraq şam ağacının üzərindəki oyuncaqları açaraq ilk turda üz-üzə gələcək cütlükləri müəyyənləşdiriblər.
Açılış turunda Superturnirin baş hakimi beynəlxalq qrosmeyster İlahə Qədimova yarışın qaydaları ilə bağlı məlumat verdikdən sonra yarışın püşkü atılıb. İlk turda Şəhriyar Məmmədyarov rumıniyalı Riçard Rapportla, israilli Boris Gelfand hindistanlı Arjun Eriqaisi ilə, Nicat Abbasov niderlandlı Yorden Van Forestlə, Teymur Rəcəbov hindistanlı Visit Santos Qucrati ilə, Aydın Süleymanlı isə Rauf Məmmədovla qarşılaşıb.
Qeyd edək ki, yarışlar dekabrın 11 dək davam edəcək.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu