Qərbi azərbaycanlıların geri qayıdışının təmin edilməsi mövzusunda konfrans yekunlaşdı - FOTO

Hazırda oxunan: Qərbi azərbaycanlıların geri qayıdışının təmin edilməsi mövzusunda konfrans yekunlaşdı - FOTO

167630

Dekabrın 5-də Qərbi Azərbaycan İcması tərəfindən təşkil olunan “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda beynəlxalq konfrans işini yekunlaşdırıb.

Bizim.Media xəbər verir ki, “Azərbaycanlıların Ermənistandan zorla köçürülməsi: tarixi və miqyası” mövzusunda keçirilmiş panel iclasda çıxış edən Qərbi Azərbaycan İcması sədrinin müavini, Milli Məclisin deputatı Ramil Həsən İcmanın Qayıdış Konsepsiyasının mahiyyəti barədə məlumat verib.

Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım Ermənistandan zorla köçürülmüş azərbaycanlıların qayıdış hüququna dəstəyini bildirərək, İcmanın sülhsevər yanaşmasını təqdir edib.

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Nazim Mustafa, ADA Universitetinin əməkdaşı Maksim Qoən, Türkiyənin Ankara Universitetinin professoru Yıldız Bozkuş, ABŞ-nin Şimali Karolina Universitetinin professoru Əli Əsgər Ermənistandan azərbaycanlıların qovulması mövzusu üzrə elmi məruzələrlə çıxış ediblər.
“Qayıdış hüququ və repatriasiya: Hüquqi və siyasi çərçivə” mövzusunda keçirilən ikinci paneldə çıxış edən Yunanıstanın Saloniki Universitetinin Hüquq Fakültəsinin dekanı Panayotis Qlavinis, İtaliyanın Peruca Universitetinin əməkdaşı Daniel Pommier Vinçelli, İtaliya İnsan Hüquqları Federasiyasının prezidenti Antonio Stanqo, Tirana Jurnalistika peşəkarlığı Mərkəzinin icraçı direktoru Krisafi Ledion çıxışlarında dünyada köçkünlük problemi və qayıdış hüququ mövzularına toxunublar.

“Qayıdış hüququ: nailiyyətlər və praktikada çətinliklər” adlı sonuncu paneldə çıxış edən İndoneziya Üləma Şurasının Beynəlxalq Əlaqələr Komissiyasının sədri Səfir Bunyan Saptomo, “Ortaq Gələcəyə Malik İcma” Pakistan Araşdırma Mərkəzinin icraçı direktoru Xalid Taymur Əkrəm, “Əlcəzair-2” Universitetinin professoru Çakib Benhafri, İordaniya Nazirlər Kabinetinin media müşaviri Mohammed Salah Al Malkavi, Rusiyanın “BRICS və Şanxay Əməkdaşlığı Təşkilatı” İnnovativ Diplomatiya Mərkəzinin baş direktoru Nina Ladıqina-Qlazunova, Macarıstanın Dövlət Qulluğu Universitetinin əməkdaşı Zoltan Eqeresi müxtəlif regional kontekstlərdə qaçqınlıq və məcburi köçkünlük və geri qayıtma halları barədə məruzələrlə çıxış ediblər.

Fransanın müstəmləkə dövründə Əlcəzairdə törətdiyi insanlıq əleyhinə cinayətlər və əhalinin məcburi köçürmə siyasəti barədə Çakib Benhafrinin çıxışı iştirakçılar arasında xüsusilə maraqla qarşılanıb.

Tədbirdə Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri professor Misir Mərdanov yekun nitqi ilə çıxış edib. 

M. Mərdanov fəal iştiraklarına görə natiqlərə və iştirakçılara təşəkkürünü bildirib. Müşahidə Şurasının sədri qeyd edib ki, konfransda aparılmış məzmunlu müzakirələr bu tədbiri geri qayıtmaq hüququ ilə bağlı dialoq üçün mühüm bir beynəlxalq formata çevrilib.

O, bu konfransın hər il keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb və konfransın davamını təşkil edən konkret fəaliyyətlərin, o cümlədən konfrans materiallarının nəşrinin və bu mövzuda tədqiqatların dəstəklənməsinin planlaşdırıldığını bildirib.

M. Mərdanov diqqətə çatdırıb ki, Ermənistandan didərgin salınmış azərbaycanlıların qayıdış hüququnun təmin edilməsi sülh və ədalətin bərqərar olması üçün mühüm şərtdir. O vurğulayıb ki, Ermənistan tərəfi etnik müxtəlifliyə və birgəyaşayışa əsaslanan sülhün alternativi olmadığını anlamalıdır.
Konfransda Azərbaycandan və 30-dan çox xarici ölkədən 100-dən artıq millət vəkili, ekspert və digər tanınmış şəxslər iştirak ediblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin