Deputatlar boş vaxtlarında nə edirlər? – SORĞU

Hazırda oxunan: Deputatlar boş vaxtlarında nə edirlər? – SORĞU

167578

Məlumdur ki, Milli Məclisin deputatlarının bir sıra səlahiyyətləri və fəaliyyət istiqamətləri var. Məsələn, Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etmək, qanunvericilik təşəbbüsünü həyata keçirmək, deputat sorğusu vermək, seçicilərlə iş aparmaq, məlumat almaq və yaymaq və s.

Maraqlıdır, sadalanan işləri görən və ya görməyə cəhd edən millət vəkillərinin boş vaxtları olurmu? Bu boş vaxtları onlar necə keçirirlər?

Bizim.Media
deputatlar arasında sorğu keçirib.
 

MÖVZU İLƏ BAĞLI:

Hansı deputatlar onlayn alış-veriş EDİR? – SORĞU 


Deputat Aqil Abbas gərgin iş rejimində çalışdığını deyən ilk respondentimiz olub: 

“İstirahətə çox da vaxtım olmur. İmkan tapanda əsərlər yazıram. Seçicilərlə görüşürəm, səfərə gedirəm, tədbirlərdə iştirak edirəm və s. Bunu qeyd edim ki, tək öz seçicilərimlə yox, bütün seçicilərin problemlərini dinləyib, çıxış yolunu tapmağa çalışırıq. 

Ağcabədi-Füzuli seçki dairəsinin deputatıyam, amma mənə müraciət edənlər daha çox başqa dairələrin seçiciləri olur”.

Millət vəkili Musa Qasımlı sorğumuza belə cavab verib: 

“Deputatın səlahiyyətləri qanunla müəyyənləşib. Mən də bu səlahiyyətləri yerinə yetirirəm. Şənbə və bazar günləri adətən seçicilərimlə əlaqə saxlayıram, görüşlərim olur. Nə qədər gərgin rejimdə çalışsam da, təbii ki, özümə də ayırmağa vaxtım olur. 

Artıq illərdir ki, həftədə üç dəfə, saat 18:00-dan sonra bir qayda olaraq müntəzəm idmanla məşğul oluram”.

Deputat Azər Badamov bu fikirləri səsləndirib: 

“Milli Məclisdə iclas olmayan günlər yeni qanun layihələri ilə tanış oluram. O cümlədən seçiciləri dinləyirəm. Mətbuatla əməkdaşlıq da işimizin bir hissəsidir. Bundan əlavə, rayonda vətəndaşları qəbul edirəm. 

Yalnız bazar və qeyri-iş günləri istirahət edə bilirəm. Həmin vaxtı da ailəmə həsr edirəm”.

Millət vəkili Razi Nurullayev gərgin iş rejimindən sağlamlığına vaxt ayıra bilmədiyini vurğulayıb: 

“Zamanımın xeyli hissəsini partiya ilə bağlı məsələləri araşdırmağa, oxumağa, plan cızmağa, görüşlər keçirməyə və s. həsr edirəm. Demək olar ki, hər gün 5-6 tədbirdə iştirak ilə bağlı dəvət alıram. Zamanıma uyğun olaraq həm dövlət, həm də digər qurumlar tərəfindən təşkil olunan tədbirlərdə iştirak edirəm. Bundan əlavə, hər gün 3-4 nəfəri qəbul edirəm. Bu rəqəm bəzən 15-20 olur. İmişli başda olmaqla zaman-zaman müxtəlif rayonlara işlə bağlı səfərlər edirəm. 

Mənim üçün milyonlarla manatdan, qızıl, vəzifədən də dəyərli bir anlayış varsa, o da zamandır. Zaman istəyirəm, ona ehtiyacım var. Nə sağlamlıq məsələləri, nə də ailəmə ayırmağa vaxtım yoxdur. Allahdan istədiyim odur ki, çoxlu vaxtım olsun, digər işlərə də ayıra bilim”.

Deputat Ceyhun Məmmədov qeyd edib ki, həftənin hər günü çalışır: 

“Bəzən gün ərzində eyni saatda 3-4 tədbir olur. Bütün tədbirlərdə iştirak etməyə çalışırıq. Son zamanlar şənbə və bazar günlərində də müxtəlif mövzularda tədbirlər keçirilir. Əlavə olaraq İlahiyyat İnstitutunda dərs deyirəm. Eyni zamanda, Azərbaycan Dillər Universitetinin müəllimiyəm. Bundan əlavə, hazırda bir neçə kitab üzərində işləyirəm. Bu baxımdan özümə ayırmağa vaxt tapmıram. Artıq istirahəti və yatmağı unutmuşam. Gün ərzində cəmi 5-6 saat yuxu yatıram. 17-18 saat işləyirəm”. 

Məhərrəm Əliyev, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin