Binəqədi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı 1989-cu il təvəllüdlü İntiqam İbrahimov tutularaq istintaqa təqdim edilib. Həmin şəxsdən ümumilikdə 25 büküm xüsusi formada qablaşdırılan metamfetamin və marixuana aşkar edilib.
Araşdırmalarla müəyyən edilib ki, İ.İbrahimov narkotik vasitələri istifadə etməklə yanaşı satışı ilə də məşğul olub. O, həmçinin paytaxt ərazisində fəaliyyət göstərən sərnişindaşıma xəttlərinin birində sürücü işləyir və həmin şəxs avtobus idarə edən zaman narkotiklərin təsiri altında olub.
Faktlarla bağlı Binəqədi RPİ-də araşdırmalar davam etdirilir. Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Bizim.Media