Şagirdləri yoran DƏRS YÜKÜ – “Heç kim uşaqlara vurulan zərbəni etiraf etmir”

Hazırda oxunan: Şagirdləri yoran DƏRS YÜKÜ – “Heç kim uşaqlara vurulan zərbəni etiraf etmir”

166712

Bu gün şagirdlərin dərs yükü həddindən artıq ağırdır. Tədris proqramı və evə verilən tapşırılar o qədər ağır olur ki, uşaq bütün günü kitabla gəzsə də, yenə də çatdıra bilmir. Aşağı siniflərin dərslikləri bir qədər rahatdır və məzmununu anlamaq olur. Yuxarı sinflərin dərsliklərinin məzmunu ümumiyyətlə anlaşılmır. 

Buna görə də şagirdlər proqramın hamısını qavramaqda çətinlik çəkirlər. Nə qədər çalışsalar da, verilən ev tapşırıqlarını sərbəst işləyə bilmir və buna görə repetitorların xidmətindən istifadə edirlər. Repetitora pul verə bilməyən şagird isə tapşırığı həll edə bilmədiyi üçün psixoloji sarsıntı keçirir. 

Dərsliklərdə olan qarmaqarışıq ifadələr, anlaşılmayan cümlələr və çətin tapşırıqlar şagirdlərin kabusuna çevrilib. 

Bir sözlə, problem çoxdur və heç kim də həll yolunu göstərmək istəmir.

Bizim.Media-ya bununla bağlı müraciət edən valideynlər övladlarının düşdüyü vəziyyətdən narahatlıqlarını və narazılıqlarını açıq şəkildə dilə gətiriblər:

“İki övladım məktəblidir. Onların qarşılaşdığı problemlər və məruz qaldığı sarsıntılar bizə də sirayət edir. Dəfələrlə övladlarımıza tapşırıqlarını həll etməkdə yardımçı olmaq istəsək də, buna nail ola bilməmişik. Ona görə ki, verilən tapşırığı biz belə anlaya bilmirik. 

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqin Bağırov dərs yükünün ağırlığına deyil,  onların məzmununa yenidən baxılmalı olduğunu vacib sayır. Amma bu da çıxış yolu deyil...

Doğrudanmı, dərs yükünün çox olması ilə bağlı məsələyə baxmağa ehtiyac yoxdur?

Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən deputat Etibar Əliyev isə hesab edir ki, dərsliklərin məzmunu düşünülmüş və rasional formalaşdırılmalıdır:

“Həm də lakonik olmalıdır ki, şagird çətinlik çəkməsin. Xarici təhsil mütəxəssislərinin dediyi kimi, tədris proqramı sehrli bağçaya bənzəməli və müəllim şagirdləri bununla tanış etməlidir. Ancaq savadlı və ali təhsilli valideynlər belə, dərsliklərin məzmunundan şikayət edirlər. Onlar məzmunun kasad olduğunu, müasir dövrün tələblərinə cavab vermədiyini bildirirlər və haqlıdırlar. 

Elm və Təhsil Nazirliyi, bu məsələ ilə məşğul olan tabeli qurumları, eləcə də dərslik müəllifləri və dərs proqramının tərtibatçıları bunun sadə deyil, çox mürəkkəb olduğu barədə düşünməlidirlər. Ancaq heç kim etdiyi səhvləri, uşaqlara vurduğu zərbəni etiraf etmir və üzr istəmir”. 

Dərsliklərdə çox ciddi problemlərin olduğunu söyləyən deputatın fikrincə, ölkədə yeni nəsil dərsliklər çap olunmalıdır:

“Dərsliklərdə yeni məzmun tətbiq olunmalıdır. Problem ondadır ki, işi bacarmayanlar bunu öz üzərlərinə götürüblər. Ali məktəb proqramları və dərslikləri də belədir. Məzmun yorucu olmamalı, uşaqları cəlb etməlidir. Ancaq dərsliklərdə elə primitiv mövzular və mətnlərə rast gəlirik ki, bunun uşağa verəcəyi heç nə yoxdur və onların təfəkkürünün inkişafına təsir edə bilmir.

Dərslikləri yüngülləşdirmək və məzmununu sadələşdirmək lazımdır ki, uşaqlar həm bilik qazansınlar, həm də onlarda elmə həvəs yaransın. Bu gün dünyada fənlərarası yanaşmalardan istifadə olunur. Dərsliklərin daha yaxşı mənimsənilməsi üçün fənnlərin qarşılıqlı tədris olunması həyata keçirilir”.

Bəs dərs yükünün ağırlığında kimlər maraqlıdır?

Bu məsələdə maraqlı tərəflərin olmadığını deyən Etibar Əliyev dərslikləri hazırlayanların o sahə biliciləri olmadığını bildirib:

“Onların sadəcə, bilik və bacarıqları bu qədərdir. Buna uyğun da iş görürlər. Əsl mütəxəssislər, sahənin bilicilərini isə kənarda saxlayırlar. Dərsliklərin Qiymətləndirilməsi Şurası adlı bir qurum vardı və vaxtilə bütün üzvləri dərslik yazırdı. Bu gün informasiya texnologiyaları dövründə yaşayırıq və yığcam, tez anlaşılan və məzmunlu mətnlər tələb olunur. Məsələ ciddi olduğu üçün ictimai dinləmələr keçirilməli və problem həll olunmalıdır”, - deyə deputat əlavə edib. 

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin