“Bələdiyyələr hansı torpaqlara sahib olduqlarını belə bilmirlər” – Fazil Mustafa

Hazırda oxunan: “Bələdiyyələr hansı torpaqlara sahib olduqlarını belə bilmirlər” – Fazil Mustafa

166690

“Əslində Azərbaycanda bələdiyyə torpaqları üzərində mülkiyyət sənədləri və xəritələri çoxdan hazırlanmalı idi. Bələdiyyənin ölü quruma çevrilməsinin əsl səbəbi də elə budur”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib.

Deputat artıq bələdiyyələrin canlandırılmasının vaxtının çatdığını bildirib:

“Çünki yerlərdəki problemlər həll olunmalıdır. Təəssüf ki, bu istiqamətdə çevik hərəkətlənmə müşahidə olunmur. Amma bu, əvvəl-axır olmalıdır, dövlətin yükü azaldılmalı və funksiyaların bir çoxu bu instituta verilməlidir. Azərbaycanın ərazi bütövlüyü məsələsi artıq həll olunub və bununla bağlı hansısa bir narahatedici amil qalmayıb”.

Onun sözlərinə görə, burada əsas zərbə vətəndaşa dəyir:

“Ona görə ki, vətəndaşlar problemlərin həllində ciddi sıxıntı çəkir və çoxlu problemlərlə üzləşirlər. Əsasən də, yolların asfaltlanması, kanalizasiya xətlərinin çəkilməsi, yerli su təchizatı, reklam, nəqliyyat və digər məsələlərin icrası işlək vəziyyətə gətirilmir. Mərkəzləşmə həddindən çox olduğuna görə bu funksiyalar layiqincə və keyfiyyətlə yerinə yetirilmir”. 

Deputat, torpaq sənədlərinin hazırlanmasının vacibliyini diqqətə çatdırıb:

“Çünki bələdiyyə öz mülkiyyətinin sahibi deyil, amma bu adla vətəndaşlardan pul yığır. Öz mülkiyyətində isə nəyin var olub-olmadığını bilmir. Bunu da mütləq şəkildə dəqiqləşdirmək və xəritələri tərtib etmək lazımdır ki, insanlar bir-birinin ərazisinə girməsin. 

Bu gün bəzi rayonların əraziləri bir-birinin içinə girib ki, bu da böyük çətinliklərə və ziddiyyətlərə səbəb olur. Bu baxımdan da məsələ həllini tapmalı və Milli Məclisdə müzakirə olunmalıdır”.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin