“Azəriqaz” qaz xəttlərini mənzillərinə salan sakinləri MƏHKƏMƏYƏ VERDİ – Artırılan eyvanlar da SÖKÜLƏCƏK

Hazırda oxunan: “Azəriqaz” qaz xəttlərini mənzillərinə salan sakinləri MƏHKƏMƏYƏ VERDİ – Artırılan eyvanlar da SÖKÜLƏCƏK

166487

Bir ay əvvəl Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, 24 saylı ünvanda qaz borusunun birinci mərtəbədəki mənzillərin və zirzəmisində fəaliyyət göstərən qeyri-yaşayış obyektlərinin içərisindən keçməsi ilə bağlı yazı dərc etmişdik.

Sakinlərin şikayətləri əsasında ictimailəşdirdiyimiz məsələdə mənzillərin içərisində və zirzəmilərdə qalan boruların bütün bina sakinləri üçün ciddi risklərə və partlama təhlükələrinə səbəb ola biləcəyini vurğulamışdıq. Amma rəsmi qurumların  şikayətlərə rəğmən məsələyə reaksiya vermədiklərini bildirmişdik. 

“Azəriqaz” İstehsalat Birliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, sakinlər tərəfindən binanın birinci mərtəbəsində qaz borularının eyvan daxilində qapalı şəraitə salınmasının qarşısının alınması ilə əlaqədar qurum tərəfindən ciddi tədbirlər görülməyə başlanıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda mənzilin içərisindən qaz xətti KEÇİR – Rəsmi qurumlar hara BAXIR? – FOTOFAKT 


Belə ki, binanın birinci mərtəbələrində özbaşına inşa edilən qanunsuz tikililər qeydiyyata alınaraq aktlaşdırılıb və qaz xətlərinin əvvəlki vəziyyətinin bərpa olunması məqsədi ilə mənzil sakinlərinə rəsmi xəbərdarlıq məktubları da təqdim edilib:

“Mənzillərin eyvanlarının, o cümlədən fərdi yaşayış evlərinin daxilində qapalı şəraitə salınmış qaz xətlərinin texniki istismar vəziyyətinə nəzarət edilməsi sakinlər tərəfindən Birliyin işçiləri üçün qeyri-mümkün hala salınmaqla yanaşı, mövcud durum həmin sakinlərin həyatını təhlükə altına alır.

Gələcəkdə baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə SOCAR-ın “Azəriqaz” İB-nin rəsmi xəbərdarlıq məktublarına əməl etməyən mənzil sahiblərinə qarşı hüquqi müstəvidə tədbirlər görülməyə və həmin qanunsuz tikililərin sökülməsi ilə əlaqədar aidiyyəti rayon (şəhər) məhkəmələrinə müraciətlər edilməyə başlanıb.

Bu məqsədlə 2023-cü ildə Bakı şəhərinin Binəqədi Rayon Məhkəməsinə 15 ədəd, Suraxanı Rayon Məhkəməsinə 11 ədəd, Sabunçu Rayon Məhkəməsinə 1 ədəd  ümumilikdə isə 27 ədəd qanunsuz tikilinin sökülməsi ilə bağlı iddia ərizəsi təqdim edilib.
Suraxanı Rayon Məhkəməsinə təqdim edilən 11 ədəd iddia ərizəsində məhz Hövsan qəsəbəsində Hafiz Quliyev küçəsi 16, 18 və 21 saylı binaların birinci mərtəbələrində qaz xətlərini qanunsuz olaraq qapalı şəraitə salmış mənzil sakinlərinə qarşı mübahisə əks olunur.

Hal-hazırda həmin mübahisələr üzrə məhkəmə icraatında çəkişmələr davam edir və zəruri prosessual hərəkətlər həyata keçirilir.

Suraxanı rayonunun Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, 24 saylı binanın birinci mərtəbələrində qanunsuz tikililər inşa etməklə qaz xəttini qapalı şəraitə salmış mənzil sakinlərinə qarşı isə yaxın müddət ərzində tərəfimizdən məhkəməyə müraciət edilməsi və mübahisənin həllini qanuni çərçivədə görülməsi nəzərdə tutulub”, deyə qurumun məlumatında qeyd olunub.

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin