BMU-nun rektoru Koreyada təhsil alan tələbələrlə görüşüb – FOTO  

Hazırda oxunan: BMU-nun rektoru Koreyada təhsil alan tələbələrlə görüşüb – FOTO  

165763

Bakı Mühəndislik Universiteti (BMU) və İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (İDP) çərçivəsində təhsillərinin sonuncu kursunu Koreya Respublikasında davam etdirən tələbələrlə görüş keçirilib.   

Bizim.Media xəbər verir ki, görüşdə BMU-nun rektoru Yaqub Piriyevin rəhbərliyi ilə Koreyada səfərdə olan nümayəndə heyətinin digər üzvləri də iştirak edib. 

Tələbələri salamlayan, onları IV kurs üzrə təhsillərini Koreyada davam etdirmək imkanı qazanmaları münasibətilə təbrik edən Yaqub Piriyev ölkənin strateji sahələrinin yüksək səviyyəli və rəqabətqabiliyyətli kadr potensialı ilə təminatında ikili diplom proqramlarının rolundan danışıb. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsindən söz açan rektor burada qoyulan hədəflərə nail olunmasında, sözügedən ərazilərin kadr tələbatının ödənilməsində İDP məzunlarından istifadənin faydalı ola biləcəyini vurğulayıb. 

BMU-İNHA İDP-nin icrasına toxunan rektor tələbələrin də üzərinə böyük məsuliyyət düşdüyünü, eyni zamanda onların ixtisaslı mütəxəssis kimi yetişdirilməsinə hər zaman dəstək veriləcəyini qeyd edib. 

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli dövlətin İDP çərçivəsində təhsil alan tələbələrə qayğı ilə yanaşdığını bildirib. Həmçinin ikili diplom proqramlarının ölkəmizin kadr potensialının gücləndirilməsindəki rolundan danışıb. 
Görüşdə Dövlət Proqramları İdarəetmə Qrupunun rəhbəri Turan Topalova, BMU-İNHA İDP-nin proqram direktoru Humay Cəfərli də çıxış ediblər. 

Məlumat üçün bildirək ki, 3+1 modelinə əsaslanan İDP çərçivəsində tələbələr 3 ili BMU-da, sonuncu kursu isə İNHA Universitetində təhsil alırlar. Hazırda inşaat mühəndisliyi, informasiya texnologiyaları, elektrik mühəndisliyi və elektronika mühəndisliyi ixtisasları üzrə İNHA Universitetində 61 tələbə təhsil alır. Tələbələrin yaşayış, təhsil, səfər və sığorta xərcləri "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ödənilir. 

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin Koreya Respublikasına səfəri BMU-İNHA İDP-nin qərarverici orqanı olan Rəhbər Komitənin növbəti iclasında iştirak etmək məqsədilə təşkil olunub. 





Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin