Azərbaycanda vəzifəli şəxsin qanunsuz əməlləri ifşa olundu - 271 min manat geri qaytarıldı

Hazırda oxunan: Azərbaycanda vəzifəli şəxsin qanunsuz əməlləri ifşa olundu - 271 min manat geri qaytarıldı

16572

Azərbaycan Respublikasında həyata keçirilən dayanıqlı sosial-iqtisadi inkişaf kursunun başlıca prioritetlərindən biri kimi əlverişli, şəffaf və cəlbedici vergi mühitinin formalaşdırılması, eləcə də vergi ödəyicilərinə göstərilən xidmətlərin təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılır.

Eyni zamanda, bu sahədə mövcud olan korrupsiya və digər hüquqpozmalara qarşı mübarizə istiqamətində də prokurorluq orqanları tərəfindən məqsədyönlü və ardıcıl tədbirlərin görülməsi davam etdirilir.

Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşının vergi və dövlət rüsumlarını qəsdən azaldaraq mənimsəməsi və digər bu kimi qanunsuz hərəkətləri barədə həmin dövlət qurumundan daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin istintaqı aparılıb. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Baş Prokurorluğun mətbuat xidməti yayıb.

Aparılmış istintaqla müəyyən edilib ki, Əbdürəhimov Mahir Şahbaz oğlu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləyərkən müxtəlif ünvanlarda şəxsən və qeyriləri vasitəsi ilə ümumilikdə 393 nəfərdən ibarət ayrı-ayrı vergi ödəyicilərinin ödənişlərini onların adından daha sürətli və ödəyicilər üçün rahat şəkildə dövlət büdcəsinə ödəyəcəyini bildirməklə aldığı cəmi 820 min manat təşkil edən pul vəsaitlərini büdcəyə ödəmədən şəxsi ehtiyaclarına sərf etmiş, habelə törətdiyi cinayət əməllərini gizlətmək məqsədilə eyni məbləğdə ödənilmiş vergi və dövlət rüsumlarını azaldaraq həmin şəxslərin şəxsi hesab vərəqələrində əks etdirməklə işlədiyi dövlət qurumunun rəsmi informasiya resursu hesab olunan proqram təminatına yalan məlumatlar daxil edib. 

Bundan başqa, Mahir Əbdürəhimovun həmin vəzifədə işləyərkən öz xidməti vəzifəsini lazimi qaydada yerinə yetirməməklə etdiyi səhlənkarlıq nəticəsində 62 nəfər ayrı-ayrı vergi ödəyicilərinin vergi qismində ödədiyi ümumilikdə 66 min manat pul vəsaiti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ödənilməyib.

Həmçinin, o, həmin vəzifədə işləyərkən qeyd edilən mənimsəmə və digər qanunsuz əməllərini gizlətmək məqsədilə həmin ödənişlərin qeydiyyatının aparıldığı qurumdaxili informasiya resursu hesab olunan proqram təminatında guya nöqsanların olması görüntüsü yaratmaqla ümumilikdə 187  min manat məbləğində pul vəsaitini digər şəxslərin adından edilən ödəniş kimi göstərməklə düzəlişlər aparıb. 

Qeyd edilən qanunsuz əməlləri ilə Mahir Əbdürəhimovun külli miqdarda əmlakı mənimsəmə yolu ilə talamasına, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına, ağır nəticələrə səbəb olan səhlənkarlıq etməsinə və vəzifə saxtakarlığına yol verməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) və 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş üzrə ibtidai istintaq zamanı vurulmuş maddi ziyandan 271 min manatının ödənilməsi təmin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin