Dünyanın qalib gələ bilmədiyi koronavirus pandemiyasının Azərbaycanda bundan sonra ən azı 5 il mövcud olacağı barədə söyləntilər var. Bu səpkili açıqlamalarla ölkənin tanınmış həkim və infeksionistləri çıxış edirlər.
Onların əsaslandırmasına görə əhali sayı ilə müqayisədə Azərbaycanda koronavirusa yoluxma və peyvəndləmə faizi aşağı olduğu üçün kollektiv immunitetin formalaşmasına bir neçə ilə zaman keçməsi lazım olacaq.
Bizim.Media-ya bu barədə danışan Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, infeksionist Vüqar Cavadzadə yuxarıda qeyd olunanlarla bağlı həmkarlarının fikirləri ilə razılaşıb.
MÖVZU İLƏ BAĞLI:
Peyvənd olunanlara sərt karantin qaydaları tətbiq edilməlidirmi? - CAVAB
O deyib ki, kollektiv immunitetin formalaşmasına bir mövsüm kifayət etməz:
“Bunun üçün bir neçə il lazımdır. Təkcə qış mövsümündə 10 milyonluq xalqın hamısı virusa yoluxmur. Azərbaycanda kollektiv immunitetin formalaşması üçün çox güman ki, hələ bir neçə il də lazım olacaq. Həmçinin əhalinin 60-70 faizinin bu xəstəliyə qarşı immuniteti olmalıdır. Bu immuniteti ya təbii yolla virusa yoluxmaqla, ya da süni yol olan vaksinasiya prosesi ilə yaratmaq mümkündür. Hər iki məqam kollektiv immunitet formalaşdırır”.
İnfeksionistin fikrincə, koronavirus pandemiyası cəmiyyətdə mövcud olacaq və bizimlə birgə yaşayacaq:
“Necə ki, qrip və kəskin respirator viruslar hər il müşahidə olunur, eləcə də koronavirus ömrümüzdən getməyəcək və xüsusilə qış aylarında bu xəstəliyin yenidən baş qaldırmasına səbəb olacaq".
"Sadəcə olaraq koronavirus epidemiyası dünyada yeni yayıldığına və ata-babalarımız bu virusu daşımadıqlarına görə yaddaşımız bu epidemiyanı tanımır. Tədricən insanlarda immunitet formalaşdığı üçün infeksiyaya qarşı həssaslıq da bir qədər azalacaq. İstənilən halda bu virusla barışıb həyatımızı davam etdirəcəyik”.
Qeyd edək ki, Azərbaycanda COVID-19-a qarşı vaksinasiyaya yanvarın 18-də start verilib və hazırda prosesin 3-cü mərhələsi həyata keçirilir.
Təxminən yarım milyondan çox insan peyvənd olunub. Bu isə əhalinin təxminən 5 faizinin peyvənd olunması deməkdir.
Hazırkı dövrədək ölkədə 234 min 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Rəqəmləri toplasaq, təxminən 10 milyonluq əhalinin 7 faizində kollektiv immunitetin formalaşdığını söyləyə bilərik. Mütəxəssislərin dediyinə görə, əhalinin 60-70 faizində immunitet formalaşmalıdır ki, virusdan birdəfəlik yox olaq.
Alçina Amilqızı, Bizim.Media