Zaqatalada KÜTLƏVİ YOLUXMA: 64 sakinin qızılcaya yoluxması digərlərinin narahatlığına səbəb oldu - FOTO 

Hazırda oxunan: Zaqatalada KÜTLƏVİ YOLUXMA: 64 sakinin qızılcaya yoluxması digərlərinin narahatlığına səbəb oldu - FOTO 

164991

Zaqatalada havaların normadan isti keçməsi , tez-tez hava şəraitinin dəyişməsi müxtəlif xəstəliklərin fəsadlar yaratması ilə müşahidə olunur.  

Bizim.Media-nın yerli bürosu bildirir ki, oktyabr ayının sonlarından başlayaraq rayon ərazisində qızılca xəstəliyinin yayılması da elə bu əlamətlərlə bağlıdır.  

İlkin araşdırmalarla xəstəliyə Zaqatala şəhər və rayonun Kebeloba, Car, Yuxari Tala, Aşağı Tala, Çobankol, Muxax, Gözbarax Əliabad kəndlərində uşaqlar və hətta orta yaş qrupuna aid insanlar arasında rast gəlinib. 

Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktor müavini Nigar Şahmərdanovanın sözlərinə görə, xəstəxanaya qızılca diaqnozu ilə 64 müraciət daxil olub:


“Bu müraciətlərdən 19-u stasionar olub. Stasionar xəstələrdən 10 nəfəri yaxşılaşma əlamətləri ilə evə yazılıb. Hazırda xəstəxanada 9 nəfər müalicə alır”.  

Direktor müavini xəstələrin vəziyyətlərinin stabil olduğunu, valideynlərin peyvəndlərdən səmərəli istifadə etmələri üçün hər cür şəraitin yaradıldığını bildirib.  

Araşdırmalar zamanı bəlli olub ki, qızılcaya yoluxan azyaşlıların əksəriyyəti  peyvənd olunmayıb.  

Rayonda qızılcaya yoluxmanın artması valideynləri də ciddi narahat edib.  Rayon sakini Aysel Babayeva bildirir ki, azyaşlı oğluna peyvənd vurulsa da bu xəbərdən sonra narahatlıq hiss edib və dərhal övladını müayinədən keçirdib:


“Bəli, bütün peyvəndlərini elətdirmişəm, şükür ki, övladımın sağlamlığında problem yoxdur”. 

Digər rayon sakini  Vahid Qazıyev də övladını həkimə gətirərək müayinədən keçirib. Müsahibim bildirir ki, əgər insanlar, xüsusən böyüklər tibbi qaydalara və həkim məsləhətinə ciddi riayət etmiş olsalar belə hallar baş verməz.  

Qeyd edək ki, rayonda qızılca xəstəliyinin kütləvi yayılması aşkar edildikdən sonra Fövqəladə Hallar Komissiyası nəzdində qərərgah yaradılıb və buraya ixtisaslı mütəxəssislər cəlb edilib. Qərərgaha rəhbərlik isə  rayon Gigiyena və Epidemiologiya Mərkəzinə həvalə edilib.  
Məsələ ilə bağlı müraciətimizə cavab olaraq Mərkəzdən bildirilib ki, Zaqatalada qızılcaya yoluxma daha çox peyvənd olunmayan uşaqlar arasında qeydə alınıb. Bununla əlaqədar olaraq xəstəlik ocaqlarında əks-epidemik tədbirlər aparılıb.  

Mərkəzdən o da diqqətə çatdırılıb ki, artıq narahatlığa əsas yoxdur: “Rayonda peyvənd işləri davam etdirilir, epidemioloji vəziyyət stabildir”. 






Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin