Nadir Şah Gədəbəyli, yoxsa TOVUZLUDUR? 

Hazırda oxunan: Nadir Şah Gədəbəyli, yoxsa TOVUZLUDUR? 

164933

Son günlər sosial şəbəkədə Nadir Şahın əslən haradan olması müzakirə olunur. Buna səbəb Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının müdiri Rüfət Rüstəmovun Nadir Şahın əslən Gədəbəydən olduğunu deməsidir. O, Gədəbəydə Nadir şah tərəfindən inşa edilən Şahzadə bulağının da mövcud olduğunu bildirib. 

Bizim.Media xəbər verir ki, buna münasibət bildirən tarixçi Zaur Əliyev sosial şəbəkə hesabında Nadir şahın Xorasandan olduğunu yazıb: 

"Nadir şah 1688-ci il oktyabrın 22-də Xorasanın Dərəgəz vilayətinin Dəstgird kəndində anadan olub. Atası İmamqulu ona öz atası Nadirqulunun adını qoyub. Başqa versiyaya görə, anadan olanda kifayət qədər sağlam, çevik və daim hərəkətdə olduğuna görə valideynləri onu Nadir adlandırıblar. 

Nadir savadsız və təhsili olmayan bir oğlan idi. 14 yaşına qədər anası və qardaşı ilə birgə yaşadığı Xorasanda çobanlıq etmiş, qoyun-quzu otarmışdı. Onun əcdadları hələ Şah İsmayıl Xətai zamanında – 16-cı əsrin əvvəllərində Azərbaycandan Xorasana köçürülmüşdü". 

Alim Nadir şahın tərəkəmə ləhcəsində danışdığını qeyd edib: 

"Xorasan İranın fars vilayəti idi, bu adam fars dilini pis danışır, ərəb dilini isə heç bilmirdi. Azərbaycan türkcəsinin sadə tərəkəmə ləhcəsində danışırdı.  

Onun məxsus olduğu əfşarlar — 24 oğuz boyundan biridilər; qədim oğuzlar, müasir əfşarlar isə azərbaycanlıların subetnosu hesab edilir. Əfşar boyu Oğuz Xaqan dastanına görə oğuzların 24 boyundan biri və Qaşqarlı Mahmuda görə "Divani Lüğət-it-Türk"dəki iyirmi iki oğuz boyundan altıncısıdır. Bu boy Boz oğuzların qolundan (sağ qolundan), Oğuz Xaqanın oğlu Ulduz xanın dörd oğlundan ən böyüyü olan Əfşarın soyundan gəlir. Nadir şah öz soy-kökünün Azərbaycan torpaqlarında olduğuna əmin idi". 

Tarixçi Nadir şahın Oğuz-türkmən soylu əfşar boyundan olmasının bir neçə kitabda yazıldığını vurğulayıb: 

"Bu gun iddia edilir ki, Nadir şahın əsli Qırıxlı oymaqlarına gedib çıxır. Birincisi bunun əsl adı Qırxluqdu.  Sonradan Qırıqlu kimi də yazılmağa başlayıb. 40 tirənin birliyindən yaranan Qırxlu tayfası Əfşarların böyük qollarından biridir.  

Qeyd edim ki, hazırda İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhər ərazisinə daxil olan Qırxlu kəndində bu gün əhalinin tamam hissəsi əfşarlardan ibarətdir. Bu gün Dərbənddə qədim Qırxlular qəbirstanlığı hələ də qalmaqdadır. 
Bu tayfa Tovuz bölgəsinə monqol hücumları zamanı köçüb. Bir hissəsi Zəngəzur-Naxçıvan ərazisindən, digər hissəsi isə Urmiya gölü ətrafından. Mənbələrdə Naxçıvan ərazisində Qırxlu adlı dağın yanında belə tayfanın yaşaması faktına da rast gəlmək olar.  

Həmçinin, qeyd edim ki, Nadir şahın soy kökündə bu Qırxlu tayfası ilə qohumluq əlaqələri olub, lakin ehtimal edilir ki, böyük Şahın əsl nəcabəti Gündüzlü (Sarığızlı)  da deyirlər) tirəsinə aiddir. Bir sözlə, Nadir Şahın soy kökü Qırxlu obası ilə bağlı olsa da, artıq o, Xorasanda anadan olan gündən bir neçə nəsil keçib.  

Ona qalsa, Çingiz xanın əsli Qərbi Azərbaycanın Qaratatar obasından idi ki, Xəzər xaqanlığı dövründə Bozqır çöllərinə gedib məskunlaşıblar. Belə çıxır ki, Çingiz xan Qərbi Azərbaycanlıdır?

Elm sübut edir ki, 7 nəsil bir torpaqda yaşayırsa, o şəxsin varisləri həmin ərazinin sakinləri sayılır. Gədəbəy və Tovuz iddialarının da əsası yoxdur. Bu Qırxlu tayfasının məskunlaşması Qərbi Azərbaycan-Borçalı-Anadolu və Şimali Azərbaycan ərazilərini əhatə edib. Sırf yer adı var deyə, Nadir Şahı kiminsə qohumu çıxartmaq sadəcə savadsızlıq əlamətidir". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin