Qərbi Azərbaycan Xronikası: “Ermənilər kənddə işıqları söndürür, insanları qorxudurdular” - VİDEO 

Hazırda oxunan: Qərbi Azərbaycan Xronikası: “Ermənilər kənddə işıqları söndürür, insanları qorxudurdular” - VİDEO 

164903

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib. 

Bizim.Media xəbər verir ki, “Balaca erməni uşaqları bizə türkeş deyib daş atırdılar” adlı veriliş Qərbi Azərbaycanın Göyçə mahalının Çəmbərək rayonunun Gölkənd kənd sakini Elzadə Süleymanovanın həyat hekayəsinə həsr olunub. 

O, uşaqlıq illərindən, kənd həyatından söz açıb: 

“Orada hamının qapısı hamıya açıq idi. Biz qohumumuza, qonşumuza gedəndə heç kəsin qapısını döymürdük. Hər kəsi öz evimiz kimi bilirdik. Bizim tərbiyəmizlə bütün kənd məşğul olurdu. Məktəbi biz hamımız məbəd bilirdik. Bizim oxumağımıza valideylərimizdən çox müəllimlər çalışırdılar. Elə bir sistem yaranmışdı ki, hamı kitab oxuyurdu. Kəndimizdə çox saflıq, mehribanlıq, məhəllələr, bulaqlar, yaylaqlar, yataqlar var idi”. 

Onun sözlərinə görə, ata, ana, nənə-babaları 1905-1918-ci illərin qaçqınları olublar: 

“Son deportasiya zamanı ermənilər kənddə işıqları söndürür, insanları qorxudur, incidirdilər. O dövrdə tələbə idim, institutda oxuyurdum. Atam, anam, iki bacım və birdə bir qardaşım həmin dövrdə kənddə yaşayıblar. Onlar 1988-ci il dekabrın 2-də Şəmkir rayonunun Çənlibel kəndinə gəliblər. Kəndlilərimizin bəziləri oradan Mingəçevirə gediblər, bəziləri Sumqayıta, Zeynalabdin Tağıyev qəsəbəsinə gəlib və oradan da insanların bir qrupu ayrılıb”. 

E.Süleymanova ermənilərin qəlbində bizə qarşı həmişə nifrətin olduğunu bildirib, onların məkrli əməllərindən danışıb, qaçqınlıq həyatının ağır olduğunu, həmin illərdə həyat yoldaşının şəhid olduğunu bildirib: 

“Qaçqınlıq elə bir şeydir ki, onu yaşayanlar bilər. Mən kənddə 18 il yaşamışam. Atam hər gün deyirdi ki, kəndimizə çatan kimi qurbanlar kəsəcəm, Murğuz dağını qırmızıya boyayacağam. Anam da hər səhər çölə çıxırdı, havaya baxıb deyirdi ki, indi yəqin Murğuz dağının başına qar yağdı. Yəqin ki, kəndə yağış yağdı. Şəmkirdə yaşayırdı, ancaq doğulduğu kəndi düşünür, ağlayırdı. Çox çətin idi. Gölkənddə doğulan həyat yoldaşım Pirnəzərov Rizvan Məhərrəm oğlu 1992-ci il avqustun 13-də Gədəbəy rayonunun İvanovka kəndində növbəti yüksəkliyin ələ keçirilməsi zamanı şəhid olub”.

O, doğma kəndinə bir daha qayıdacağına əminliyini də söyləyib: 

“Ora mənim Vətənimdir. Mən ora üçün çox darıxıram. Özünü heç vaxt Vətənsiz hiss etmirəm. Son qələbəmiz bizdə ümid yaradır ki, Vətənimizə qovuşmağa az qalıb. İnşallah, kəndimizə çatsam birinci evimizi, otaqlarımızı gəzərəm, çəpərimizə baxaram, ağaclarımızı yoxlayaram, qonşuları gəzərəm, dağlara qalxaram, qoyun-quzu otardığımız yerləri, örüşlərimizi gəzərəm”. 

Daha ətraflı videomaterialda: 

 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin