30 ildən çox köçkünlük həyatı yaşayan vətəndaşlarımız artıq öz doğma yurd-yuvalarına dönürlər. Ölkə başçısının tapşırığı ilə başlayan proses mərhələli şəkildə davam edir. 14 noyabrda Laçın şəhərinə daha 10 ailə köçüb. Bu zamanadək Laçın şəhəri 315 ailəyə, ümumilikdə 1205 nəfərə doğma qucağını açıb. Onların arasında jurnalist Yeganə Quliyeva da var. Paytaxtda işləyən jurnalist doğulduğu torpağa qayıdaraq bundan sonra orada yaşayıb, fəaliyyət göstərəcək.
1990-ci illərdə Dağlıq Qarabağ və ətraf rayonların işğalı nəticəsində öz torpağından didərgin düşən 1 milyona yaxın vətəndaşımızın içərisində tanış üzlər, məşhur jurnalistlər də var.
İlk addımdan sonra daha hansı jurnalistlər Qarabağa dönmək və orada yaşamaq, işləmək istəyirlər?
Bizim.Media bununla bağlı əslən Qarabağdan olan jurnalistlərin fikrilərini öyrənib.
Sorğumuzu cavablandıran Zəngilan rayonundan olan telejurnalist Qulu Məhərrəmli Qarabağa qayıtmaq və yaşamaq istədiyini bildirib.
Jurnalist, “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı dövlət qurumları tərəfindən qayıdışla bağlı rəsmi şəkildə aparılan sorğuda iştirak etdiyini deyib:
“Mən mənəvi olaraq qayıtmışam, evlər hazır olanda, infrastruktur qurulanda fiziki olaraq qayıdacağam. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bizlərin arasında sorğu keçirib, onda da mən ikiəlli hazır olduğumu dedim”.
Əslən Şuşa şəhərindən olan jurnalist Günel Şahmalıqızı belə bir təklifi dəyərləndirəcəyini qeyd edib:
“Mənim atam Birinci Qarabağ müharibəsi şəhididir. 1992-ci il mayın 8-i Şuşanın işğalı zamanı şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. İstər Birinci Qarabağ, istərsə də ikinci Qarabağ müharibəsi şəhidlərinin hər biri Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğrunda canından, qanından keçiblər.
Bu gün şəhidlərimizin qanı-canı hesabına işğaldan azad elədiyimiz torpaqlara sevə-sevə qayıtmaq istəyirik. Orada yaradılan infrastruktur, yeni iş yerlərinin açılması Böyük Qayıdışın reallaşdırılması üçün bizə stimul verir. İşğaldan azad edilən ərazilərdə işlər görülür, yeni iş yerləri açılır. Mən də Şuşada doğulub, böyümüş keçmiş məcburi köçkün olaraq öz vətənimə, torpağıma qayıtmaq və bundan sonra jurnalist fəaliyyətimi azad edilən ərazilərdə davam elətdirmək istəyərəm. Belə bir qərarın verilməsinə çox israrlıyam. Nə vaxt təklif və dəvət olarsa, mən böyük məmnuniyyətlə qayıdıb işləməyə hazıram”.
Sorğumuzda iştirak edən jurnalist Fadil Paşayev də gələcəkdə Qarabağa qayıtmağı düşünür:
“Mən məcburi köçkün deyiləm, amma uşaqlığım ora ilə bağlıdır. Məktəbdə oxuyanda bütün tətilimi orada keçirirdim, babamın-nənəmin yanına gedirdim. Şəhərdə doğulduğuma baxmayaraq, özümü həmişə məcburi köçkün kimi hiss eləmişəm. 30 ildə həsrətlə Qubadlının, Dondarlının yolunu gözləmişəm. Şəhidlərimizin qanı hesabına, qazilərimizin böyük fədakarlığı və müzəffər ali baş komandanın siyasi iradəsi hesabına oraları geri aldıq. Ən böyük arzularımdan biri öz doğma torpağımda, Qubadlıda yaşamaqdır. İndi proses gedir, mən belə başa düşürəm ki, 2026-cı ildən sonra Qubadlının ayrı-ayrı kəndlərinə köç başlayacaq. Çünki hələ Qubadlının mərkəzinin əsası qurulur. Şəxsən ən böyük arzum indiki dövrdə yox, müəyyən dövrdən sonra Qubadlıya köçüb orada yaşamaqdır. Hazırda Bakıda yaşayıram, ailəm, evim-eşiyim, işim də burdadır. Amma belə bir arzum var”.
Zəngilandan olan digər jurnalist və nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı da Qarabağa qayıtmaq üçün müraciət edənlər sırasındadır:
“Ötən il rəsmi qaydada müraciət eləmişəm ki, Böyük Qayıdış prosesində iştirak eləyəcəyəm. Ümid edirəm ki, müraciətimə müsbət baxılacaq. Düzdür, bizim kənddə, Zəngilan rayonunun Babaylı kəndində hələki hansısa tikinti-quruculuq işləri aparılmır, kəndin ətrafından yalnız yollar keçir. Mən də, valideynlərim, bacı-qardaşlarım ərizə ilə “Qaçqınkom”-a müraciət eləmişik. Mənə elə gəlir ki, elini, obasını, vətənini sevən hər bir kəs prosesdə iştirak eləməli, nümunə olmalı, qabağa düşməlidir. Mən demirəm ki, gecə-gündüz orada qala biləcəyəm. Çünki işim bura ilə bağlıdır, tez-tez efirə çağırılıram. Ailəm, doğmalarım, elə mən də orada olacağam. Yəni gediş-gəlişimiz olacaq”.
Öz kəndinin bərpasını səbirsizliklə gözləyən Laçın şəhərindən olan jurnalist İmdad Əlizadə Böyük Qayıdışa qoşulacağını bildirib:
“Məcburi köçkünlərin hamısının arzu-istəyi doğma torpaqların işğaldan azad olunması və o yerlərə qayıtmaqla bağlı olub. Şükürlər olsun ki, həmin istək reallaşıb, insanların o yerlərə qayıdışı başlayıb, qayıdanların sevincinin həddi-hüdüdu yoxdur. Qayıtmayanlar da səbirsizliklə o günü gözləyir. Məcburi köçkünlər arasında belə sorğu müxtəlif dövrlərdə keçirilib və keçirilir.
Çox az insan olar ki, qayıtmayacağını desin, böyük əksəriyyət qayıdacağını bildirir. Burada peşə fərqi ciddi rol oynamır. Neft sahəsində, dənizçilikdə işləyən adamlar var ki, artıq işğaldan azad olunmuş ərazilərə qayıdıblar, orada müxtəlif sahələrdə işləyirlər. Laçında neft və dənizçilik sahəsi ilə bağlı iş yoxdur, buna baxmayaraq qayıdıblar. Jurnalistlər üçün də orada işin olub olmaması problem deyil. İnsanlar yaşayışla, işlə bağlı ümidsiz deyillər, əksinə böyük ümid var. Kəndimiz yenidən bərpa olandan sonra öz doğma elimə qayıtmağı planlaşdırıram”.
Hazırda paytaxtda işləyən jurnalist Laçında necə yaşamağın yollarını gözəl bildiyini vurğulayıb:
“Biz o yerləri çox gözəl tanıyırıq, dədə-babalarımız min illərdir o yerlərdə yaşayıblar, çətini ayağımızın o torpağa dəyməsidir. Ayağımızın altında doğma torpaq olandan sonra orada necə yaşamağı, öz həyatımızı necə təmin eləməyi çox gözəl bilirik. Bununla bağlı əsrlərə dayanan təcrübəmiz, ənənəmiz, yolumuz var. Biz də o cığırla gedirik. Bu cığırlarda getmək ölkənin, texnologiyanın inkişafı ilə daha da asanlaşıb. Ona görə də qayıdandan sonra bizim işlə bağlı hər hansı narahatlığımız yoxdur”.
Əslən Kəlbəcərdən olan juranlist Elşad Eyvazlı da doğma torpaqlara qayıdacağı günü səbirsizliklə gözlədiyini deyib.
Günay Şahmar, Bizim.Media
QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” - bəndinə uyğun olaraq hazırlanıb.
- A-
- A
- A+
Cəmiyyət
09:40 / 18.11.2023
İlk addım ATILDI – Daha hansı jurnalistlər Qarabağa KÖÇƏCƏK? – SORĞU
Hazırda oxunan: İlk addım ATILDI – Daha hansı jurnalistlər Qarabağa KÖÇƏCƏK? – SORĞU
Hazırda oxunan: İlk addım ATILDI – Daha hansı jurnalistlər Qarabağa KÖÇƏCƏK? – SORĞU
164837
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.