Bakıda məktəblərdə YOXLAMA: Xəstəliklər AŞKARLANIB – FOTO  

Hazırda oxunan: Bakıda məktəblərdə YOXLAMA: Xəstəliklər AŞKARLANIB – FOTO  

164782

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələri tərəfindən uşaqların icbari dispanserizasiyası davam etdirilir. 

Bakı Baş Səhiyyə Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, növbəti tədbir Mərkəzin strukturuna daxil olan 2 nömrəli Uşaq Poliklinikasının tibb heyəti tərəfindən paytaxtın Nizami rayonunda fəaliyyət göstərən 201 saylı tam orta məktəbdə baş tutub. 

Poliklinikanın tibb heyəti uşaqların icbari dispanserizasiyasının tələblərinə uyğun olaraq şagirdlərin ilkin müayinəsini həyata keçirib. 
Tədbirdə LOR, pediator, oftalmoloq, stomatoloq, cərrah, həkim-nevropatoloq və s. həkimlər iştirak edib.

Müayinələr zamanı otorinolarinqoloq (LOR) 16 şagirddə burun çəpərinin əyriliyi, burun qanaxması, həkim-cərrah 22 şagirddə skolioz, qamətin əyilməsi, dolixosiqma (yoğun bağırsağın siqmavari hissəsinin anormal uzun olması) və yastıpəncəlik, həkim-pediatr bir neçə uşaqda vitamin çatışmazlığı və piylənmə aşkarlayıb. Habelə həkim-nevropatoloqun müayinəsi zamanı 2, həkim-stomatoloqun müayinəsi zamanı isə 45 şagirddə müxtəlif xəstəliklərin ilkin diaqnozu qoyulub. 

Xəstəlik aşkarlanan uşaqlarla bağlı məlumatlar həm məktəb rəhbərliyinə, həm də valideynlərə təqdim edilib. Həmin şagirdlərin qısa zamanda ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə müraciət edərək geniştərkibli müayinələrdən keçməsi və aşkarlanan xəstəliklərin müalicəsinə başlaması tövsiyə olunub. 

Qeyd edək ki, uşaqların icbari dispanserizasiyası Azərbaycan Respublikasının Prezidentinin 5 mart 2013-cü il Fərmanına uyğun olaraq davam etdirilir. 

İcbari dispanserizasiyasının əsas məqsədi uşaqlar, o cümlədən, məktəblilər arasında xəstələnmə, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasıdır. 
İcbari dispanserizasiya zamanı uşaqlara illik profilaktik baxış həyata keçirilir. İcbari dispanserizasiya çərçivəsində uşaqlar hər il bir və ya bir neçə ixtisas üzrə mütəxəssislər (pediatr, stomatoloq, nevropatoloq, cərrah, endokrinoloq, uroloq, oftalmoloq, otorinolarinqoloq, dermatoloq və digər mütəxəssislər) tərəfindən diaqnostik və laborator müayinələrə cəlb edilir.

Proses il ərzində mütəmadi şəkildə aparılır. 

Məlumat üçün bildirək ki, Bakı şəhəri üzrə uşaqların icbari dispanserizasiyasını həyata keçirən Bakı Baş Səhiyyə Mərkəzi yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq sentyabr ayından etibarən bu prosesi sürətləndirib. 








Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin