Yazıçılar pensiyalarını nəyə XƏRCLƏYİRLƏR? – “O məbləğ heç nəyi görmür”

Hazırda oxunan: Yazıçılar pensiyalarını nəyə XƏRCLƏYİRLƏR? – “O məbləğ heç nəyi görmür”

164641

Milli Məclisdə noyabr ayının 2-dən başlayan 2024-cü ilin dövlət büdcəsi ilə bağlı müzakirələr başa çatıb. Qanunverici orqanın 14 noyabrda keçirilən iclasda qəbul etdiyi "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirələri zamanı gələn il üçün əmək pensiyalarının orta aylıq məbləği məlum olub.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin sözlərinə görə, gələn il pensiyaçılar üçün yaşayış minimumu 222 manat, əmək pensiyalarının orta aylıq məbləği isə 483 manat olacağı proqnozlaşdırılır.

Lakin hələlik qarşıdakı il üçün əmək pensiyalarının minimum məbləği məlum deyil. Hazırda minimum aylıq pensiyanın məbləği 280 manatdır.

Bizim.Media təqaüd yaşına çatmış yazıçılardan ehtiyaclarını ödəmək üçün nə qədər məbləğə ehtiyac duyduqlarını və pensiyalarının çox hissəsini nəyə xərclərdiklərini öyrənib.

Yazıçı Seyran Səxavət mövzuyla bağlı danışarkən təqaüdünün onu qane etdiyini bildirib:

“Bu, hər adamın ailəsinə, ailədə neçə nəfər olmasına bağlıdır. Belə bir standart yoxdur. Adam var, bir tikə çörəyə qane olur, adam var milyon tikəsi var, yenə milyon istəyir. Mənim pensiyam mənə çatır, bəs edir. Camaatın əvəzindən danışmaq istəmirəm. Hərə bir cür yaşadığına görə, hərənin özünə görə xərci var”.

O, təqaüdünü xərcləyərkən hissələrə bölmədiyini bildirib: “Təqaüdün hamısını gündəlik xərclərə, işığa, suya, yaşlı adamlarıq özümüzə dəva-dərmana, təzyiq dərmanına sərf edirik”.

Şair Rüstəm Behrudi bir təqaüdçüyə hazırda aylıq min manat pulun lazım olduğunu bildirib:

“Pensiya almıram, çünki mənim iş təcrübəm 22 ildir, pensiya almaq üçün isə 25 il iş təcrübəsi lazımdır. Əslində təqaüd yaşındayam, uzun illər müəllim, redaktor işləmişəm. Onlar hamısı bir yerdə 25 il olmadı. Mənə dedilər ki, ancaq yaşa görə müavinət veriləcək, amma o məbləğ də heç bir şeyi görməz. Mənə elə gəlir ki, təqaüdçüyə yaşamaq üçün ən azı min manat lazımdır. Sürətlə inflyasiya olur, qiymətlər bahalaşıb, min manat belə çatmaz”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin